Yerevan YUNESCO-dan Qarabağa missiya göndərməsini istəyir

Yerevan YUNESCO-dan Qarabağa missiya göndərməsini istəyir

11-11-2023 01:25 / Bu xəbər 1408 dəfə oxundu

Rəsmi Bakı "etnik təmizləmə” iddiasını riyakarlıq adlandırıb

Ermənistan YUNESCO-nun tədqiqat missiyasının Qarabağa göndərilməsini istəyib.

Bu barədə noyabrın 9-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisdə YUNESKO-nun baş direktoru Odri Azule ilə görüşdə danışıb.

Mirzoyan Qarabağda mədəni-mənəvi irsinin dağıdılması, təhqir edilməsi və ya mənimsənilməsinin ciddi risklərindən narahatlığını ifadə edib.

O, Odri Azuleyə mədəniyyət abidələrinin yerində müstəqil monitorinqi və xəritələşdirilməsinin aparılması məqsədilə YUNESCO-nun tədqiqat missiyasının Qarabağa göndərilməsinin vacibliyini deyib.

Foto: Ermənistan XİN

Nazir Azərbaycanı Qarabağ əhalisinə qarşı etnik təmizləmədə ittiham edərək vurğulayıb ki, məktəb yaşında olan 21 minə yaxın məcburi miqrant uşağın təhsil hüququnun həyata keçirilməsi vacibdir: "Bu kontekstdə xarici işlər naziri YUNESKO-nun çevik reaksiyasını və təşkilatın qaçqın uşaqların təhsil ehtiyaclarını qiymətləndirmək üçün Ermənistana təcili missiya göndərməsini yüksək qiymətləndirib”.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat idarəsinin rəisi Ayxan Hacızadə Ararat Mirzoyanın söylədiklərini əsassız adlandırıb.

XİN sözçüsü "etnik təmizləmə” iddiasını riyakarlıq sayır: "30 ilə yaxın hərbi təcavüz zamanı kütləvi qırğınlar və insanlıq əleyhinə cinayətlər törədən, bir milyona yaxın azərbaycanlının fundamental hüquqlarını pozan Ermənistanın riyakarcasına Azərbaycanı könüllü olaraq Ermənistana getmiş ermənilərin "etnik təmizləməsində” ittiham etməsi qəbuledilməzdir. Ermənistanın əsassız iddialarının regiona səfər edən, eləcə də bu ölkədə aktiv fəaliyyət göstərən BMT-nin ixtisaslaşmış qurumlarının nümayəndələrinin hesabat və bəyanatları ilə açıq şəkildə ziddiyyət təşkil etdiyi göz qabağındadır”.

"Qarabağda mədəniyyət və tarixi abidələrin təhlükə altında olması ilə bağlı iddialara gəldikdə, Yerevanın 30 il işğalda saxladığı ərazilərdə və Ermənistanda mədəni irsimizin qəsdən dağıdılması, mənimsənilməsi, dəyişdirilməsi, habelə qanunsuz başqa yerə aparılması yönündə addımlar atandan sonra Azərbaycanı bu məsələdə  ittiham etməsi tamamilə əsassızdır”, – deyə o bildirib.

Ayxan Hacızadə. Foto: "azertag.az”

Hacızadənin sözlərinə görə, Azərbaycanda yerləşən tarixi və dini abidələr milli-mədəni irsdir və mənşəyindən, dünyəvi və ya dini mənsubiyyətindən asılı olmayaraq qorunur: "Ermənistanın mədəni, dini, tarixi qorumaq vəzifəsi daşıyan YUNESKO kimi beynəlxalq platformadan Azərbaycanın Qarabağ bölgəsinə qiymətləndirmə missiyasının reallaşdırılması ilə bağlı çağırışları ikiüzlülükdən başqa bir şey deyildir. Məhz Azərbaycan dəfələrlə qiymətləndirmə missiyalarının reallaşdırılması çağırışlar etsə də təəssüf ki, bu Ermənistan tərəfinin əngəlləri nəticəsində mümkün olmayıb. YUNESKO-nun özü də 2005-ci il hesabatında bu faktı təsdiqləyib”.