Yerevanda kütləvi etiraz aksiyası: Paşinyanın istefası tələb olunur

Yerevanda kütləvi etiraz aksiyası: Paşinyanın istefası tələb olunur

11-11-2020 15:50 / Bu xəbər 1018 dəfə oxundu

Ermənistanın paytaxtı Yerevan şəhərində yerli vaxtla saat 13:00-da 17 müxalifət partiyasının birgə təşkilatşılığı ilə etiraz aksiyası başlayıb. 

Mərkəzi meydanda baş tutan aksiya zamanı meydanın tam dolduğu bildirilir. 

Kütlə "Nikol, istefa", "Nikol satqındır" şüarları səsləndirirlər. 

Yerli mətbuatın yazdığına görə, aksiya başlayan kimi polis kütləvi həbslərə başlayıb. Ermənistan müxalifətinin liderləri Qaqik Sarukyan, Eduard Şarmazanov, Vaqdam Baqdasaryan saxlanılanlar arasındadır. Ermənistanın keçmiş prezidenti, Dağlıq Qarabağ klanının rəhbərlərindən olan Serj Sarqsyanın isə aksiyadan əvvəl Milli Təhlükəsizlik Xidmətinə çağırıldığı barədə məlumat yayılıb. 

Meydandakı aksiya zamanı Daşnaksütun partiyasının rəsmisi İşxan Seqaelyan çıxış edib: "İndi bizim qarşımızdakı əsas tapşırıq - Arsaxın ("DQR") xilasıdır. Bunun üçün üç addım atılmalıdır. Birincisi - Vətənin qurtuluşu komitəsi, biz bunu artıq etmişik. İkincisi - Nikol Paşinyanın və hakimiyyətin təcili istefasını tələb etmək. Üçüncüsü - satqıncasına verilən torpaqlarımızı xilas etmək".

Aksiya zamanı toqquşmanın baş verdiyi, bir neçə polis əməkdaşının xəsarət aldığı bildirilib. 

Aksiyaya toplaşanlar noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında II Qarabağ müharibəsində atəşkəsin əldə olunmasına dair imzalanan bəyanata etiraz edirlər. 

Bəyanatın erməni tərəfinin maraqlarına qətiyyən cavab vermədiyini iddia edən müxalifət, cəbhədə yaranmış vəziyyətə görə baş nazir Nikol Paşinyanı günahkar sayır və onun istefasını tələb edir. Hazırda baş nazir Nikol Paşinyanın harada olduğu məlum deyil.///Toplum.Tv