Yerevanda mitinq edənlər Paşinyana qarşı ultimatum irəli sürüb

Yerevanda mitinq edənlər Paşinyana qarşı ultimatum irəli sürüb

12-11-2020 14:06 / Bu xəbər 848 dəfə oxundu

Yetərsay olmaması səbəbindən parlamentin iclası baş tutmayıb

Ermənistan parlamentinin Baş nazir Nikol Paşinyanın istefası məsələsinin müzakirəsi üçün çağırılan növbədənkənar iclası yetərsay olmaması səbəbindən baş tutmayıb.

Bu haqda parlamentin müxalifətdən olan deputatı Naira Zoqrabyan məlumat verib. "İclasa ancaq parlamentin vitse-spikeri Lena Nazaryan gəlib. 

Hakim fraksiyanın digər deputatları iclasda olmayıb", - deyə Zoqrabyan jurnalistlərə bildirib.

Paşinyanın istefasını tələb edən mitinq təşkilatçıları nimayişçiləri evlərinə getməyə və hadisələrin gedişatını gözləməyə çağırıb. Yerevandakı etiraz aksiyalarının iştirakçıları Ermənistanın Bakı ilə sülh razılığı imzalayan Baş naziri Nikol Paşinyana qarşı ultimatum irəli sürüb.

"Biz Paşinyana istefaya getməsi üçün vaxt veririk, eyni zamanda bu məsələ ilə bağlı parlamentin növbədənkənar iclasının çağırılmasını tələb edirik”, – "Daşnaksütyun”Ermənistan inqilab federasiyasının ali orqanının nümayəndəsi İşxan Saqatelyan bəyan edib. 

Onun sözlərinə görə, əks halda mitinqlərin təşkilatçıları ertəsi günün axşamınadək "Paşinyanın getməsi məsələsini çözməyə çalışacaq”.

Saqatelyanın qeyd etdiyi kimi, müxalifət nümayəndələri sarsıntılardan qaçmaq istəyirlər, hərçənd əmindirlər ki, vətəndaşlar onların çağırışı ilə respublikaboyu itaətsizlik aksiyalarına çıxacaqlar. 

O həmçinin hakimiyyəti kütləvi saxlamalarla bağlı xəbərdar edib və qeyd edib ki, bu "böyük səhv” olacaq. Müxalifətçilər bundan əvvəl ölkə parlamentinin qarşısında və Azadlıq meydanında toplaşaraq, "Nikol satqındır” qışqırıb.

Daha əvvəl "Arabo” könüllülər dəstəsinin komandiri Manvel Yeqizaryan deputatları parlamentə gəlməyə və Paşinyanın qol çəkdiyi razılaşmanının deratifikasiya prosesinə başlamağa çağırıb. Həmçinin xəbər verilib ki, "Çiçəklənən Ermənistan” müxalifət partiyası Yerevanın Qarabağ üzrə yeni razılaşmalarda iştirakını ləğv etmək məqsədi ilə parlamentin növbədənkənar iclası üçün imza toplayır.

"Sputnik”-in məlumatına görə, iclasın keçirilməsi üçün 33 deputatın, kvorumun təminatı üçünsə 67 deputatın səsini toplamaq lazımdır. "Maarrifləndirici Ermənistan”ın 17, "Çiçəklənən Ermənistan”ınsa 25 mandatı var. Paşinyanın "Mənim addımım” bloku üzvlərinin səsləri də zəruridir.

Qarabağ üzrə razılaşma

Bu sentyabrın sonunda Dağlıq Qarabağ respublikasında vəziyyət gərginləşdi: Ermənistan və Azərbaycan bir-birini 1980-ci illərin sonlarında başlayan münaqişənin eskalasiyasında günahlandırdı. Bütün iştirakçılar tam və ya hissəvi səfərbərlik elan etdi, döyüşlər başladı.

Ayyarım ərzində tərəflər üç dəfə uğursuz atəşkəs cəhdi etdi. Noyabrın 10-a keçən gecə Rusiya, Azərbaycan və Ermənistan dördüncü sənədə qol çəkdi. Bu razılaşmaya əsasən, azərbaycanlı və erməni hərbçilər hərbi əməliyyatlara son qoyur, tutduqları mövqelərdə qalır və əsirləri dəyişirlər. Ermənistan Bakıya Kəlbəcər, Laçın və Ağdam rayonlarını qaytarmalıdır.

Bundan başqa, Dağlıq Qarabağ münaqişəsi zonasına rusiyalı sülhməramlılar yerləşdiriləcək. Müdafiə Nazirliyinin məlumatına görə, tərkibi mərkəzi hərbi dairənin sülhməramlı 15-ci motoatıcı briqadasının bölmələrindən ibarət olan kontingentə 1960 hərbçi, 90 zirehli avtomobil, 380 avtomobil və xüsusi texnika daxildir.

Bakıda razılaşmanı Yerevanın təslimiyyəti adlandırıblar. İlham Əliyev qeyd edib ki, sənəd Azərbaycan üçün maksimum əlverişlidir: indi, onun sözlərinə görə, hərbi mərhələ başa çatıb və artıq siyasi məsələlərə keçmək olar. Paşinyan bəyan edib ki, sülhlə bağlı qərar ona çətin başa gəlib, lakin Qarabağın itirə biləcəyini qoruyub saxlamağa imkan verib.///Meydan.Tv