Yevlaxın keçmiş icra başçısı həbsdən buraxılıb

Yevlaxın keçmiş icra başçısı həbsdən buraxılıb

15-09-2021 11:38 / Bu xəbər 1215 dəfə oxundu

Qoca Səmədovun barəsində heç yerə getməməyə dair iltizam tədbiri seçilib

Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun səhhətindəki problemlər əsas gətirilərək, həbsdən buraxılıb. 

Sentyabrın 14-də Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarıyla keçmiş icra başçısının barəsində həbs qətimkan tədbiri başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri ilə əvəzlənib.

Məhkəmədə Qoca Səmədovun vəkili Elnur Vəliyev hüquqlarını müdafiə etdiyi şəxsin vəziyyətinin ağır olduğunu əsas gətirərək, hökm çıxarılana qədər onun haqqında alternativ qətimkan tədbirinin seçilməsi barədə vəsatət qaldırıb. Hakimlər vəkilin vəsatətini təmin edib.

Vəkil bildirib ki, Qoca Səmədov hələ 2019-cu ilin dekabrında həbs olunmamışdan əvvəl açıq ürək əməliyyatı keçirmişdi. Müdafiəçinin sözlərinə görə, o, ürək xəstəliyilə yanaşı, hipertoniya və şəkərli diabetdən də əziyyət çəkir. Bu üzdən həbsdə saxlandığı 1 il 9 ay ərzində durumu dəfələrlə pisləşib. Qoca Səmədov Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb, bir müddət ona orada tibbi yardım göstərilib. Vəziyyəti nisbətən düzəlsə də, problem həll olunmadığına görə sonralar yenidən səhhətində ağırlaşmalar müşahidə edilib.

Vəkil əlavə edib ki, Qoca Səmədov hazırda Bakıda xəstəxanaya yerləşdirilib. Onun ürəyində yenidən əməliyyat keçiriləcəyi istisna olunmur.

1959-cu il təvəllüdlü Qoca Səmədov 2005-2006–cı illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006-2011–cı illərdə birinci müavini vəzifələrində işləyib. 18 fevral 2011-ci ildən 2019-cu ilin noyabrına qədər isə rayonun icra başçısı olub.

Həbsindən bir müddət əvvəl 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunan Qoca Səmədov külli miqdarda büdcə vəsaitini mənimsəmə və başqa əməllərdə ittiham olunur.///Meydan. TV