Yol polisi sürücünün sənədinə baxmadı, cərimə yazdı: "Nə kağız, nə sənəd..."

Yol polisi sürücünün sənədinə baxmadı, cərimə yazdı:

16-08-2023 11:47 / Bu xəbər 1200 dəfə oxundu

Lənkəranın Kərgəlan kənd sakini, sürücü İlham Quliyev yol polisindən şikayətçidir. 

O, "Arqument.az"a deyib ki, avqustun 4-də (04.08.2023-cü il) Bakıda - Hava limanı istiqamətində hərəkət edərkən Dərnəgül yolunda 99YP267 dövlət nömrə nişanlı polis maşını tərəfindən saxlanılıb. 

Vətəndaş iddia edir ki, onu saxlayan polis əməkdaşı özünü təqdim etmədən və "Polisin davranış qoydaları"na uyğun olmayan kobud davranış göstərib. 

"Dedi ki, avtomobilin niyə bamperi yoxdur. Buna görə sənin maşının cərimə meydançasına aparılmalıdır. Dedim ki, bununla bağlı polisdən arayışım var. Kiçik bir qəza oldu, bamper qrıldı. Suraxanı Rayon Yol Polis İdarəsindən arayış almışam, yəni sənədim var. O da kobud davranmağa başladı: "Nə kağız, nə sənəd, nə danışırsan sən", - deyə maşınımı alıb duracağa apardı. Amma saxlayanda protokol tərtib etmədi, duracağa aparandan sonra  yazdı. Elə oradaca SMS-lə mənə bildiriş gəldi. Halbuki bütün hallarda saxlanılmağım qanunsuz idi və bunu özü də bilirdi. Çünki əlimdə sənədlər vardı", - deyə İlham Quliyev bildirib. 

İlham Quliyev deyir ki, onu saxlayan polis inspektorunun adı Həsənəliyev Toğrul Məmməd oğlu olub. Özü də Nərimanov Rayon Yol Polis İdarəsinin əməkdaşdır. 

O deyir ki, bununla bağlı Nərimanov Rayon Yol Polis İdarəsində də olub, rəis müavini ilə görüşüb, ərizə yazıb. 

Sürücü saxlanılan zaman Daxili İşlər Nazirliyinin "102 xidməti"nə məlumat verib. 

Bir qədər sonra isə Baş Dövlət Yol Polis İdarəsinə, şəxsən general Ramiz Zeynalova müraciət yazıb, amma hələ ki müraciətlərinə cavab verilməyib. 

O düşünür ki, əlində polisin verdiyi qanuni sənəd olduğu halda saxlanılması qanunsuzdur və polis inspektoru Həsənəliyev Toğrul Məmməd oğlunun bu davranışına hüquqi qiymət verilməlidir. 

İlham Quliyev Ramiz Zeynalovdan cavab gözləyir, əgər nəticə olmazsa, bununla bağlı məhkəməyə də müraciət edəcəyini bildirir.