"Yunanıstan əfqan qaçqınları üçün Avropaya qapı olmayacaq"

17-08-2021 22:33 / Bu xəbər 862 dəfə oxundu

Avropa rəsmiləri Avropa Birliyini Əfqanıstandan gözlənən miqrant axınına birgə cavab hazırlamağa çağırıblar.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Fransa, Almaniya və digər birlik ölkələri qanunsuz miqrant axınının qarşısını almaq üçün vahid və koordinasiyalı cavab hazırlayırlar.

Avqustun 17-də Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri və NATO ölkələrinin səfirləri Brüsseldə Əfqanıstandakı vəziyyət və evakuasiya məsələsini müzakirə edibər.

Yunanıstanın xarici işlər naziri Notis Mitarachi bildirib ki, onun ölkəsi əfqan qaçqınları üçün Avropaya qapı olmayacaq.

O qeyd edib ki, bu məsləylə bağlı ümumi bir qərar verilməlidir və bunu Avropa Birliyi etməlidir.

Əfqanıstandakı vəziyyətə görə, bu ölkədən Türkiyə başda olmaqla qonşu ölkələrə qaçqın axınının artdığı müşahidə olunur.

Avqustun 15-də Əfqanıstan prezidenti Əşrəf Qani istefa verib və ölkəni tərk edib. "Taliban" hərəkatı isə paytaxt Kabili tutub. 

Bundan sonra bir sıra Qərb ölkələri indi vətəndaşlarını bu ölkədən evakuasiya ediblər.

Hazırda paytaxt Kabil də daxil olmaqla demək olar ki, bütün ölkəyə Taliban hərəkatı nəzarət edir, amma Kabil hava limanı, xarici diplomatik missiyaların əməkdaşları və digər xarici vətəndaşların evakuasiya edilməsi üçün hələlik ABŞ və digər beynəlxalq koalisiya qüvvələrinin nəzarətindədir.