Zabit ordudakı təzyiqlərdən şikayətlənir

Zabit ordudakı təzyiqlərdən şikayətlənir

24-10-2021 21:55 / Bu xəbər 340 dəfə oxundu

Naxçıvandakı N saylı hərbi hissənin zabiti Seymur Məmmədov orduda üzləşdiyi təzyiqlərdən şikayət edir. 

O, ailə vəziyyəti ilə əlaqədar ordudan təxris olunması istəyini dilə gətirdikdə sonra, müxtəlif üsullarla incidildiyini deyir: "Üç ay öncə təxris olunmağımla bağlı müraciət edəndə, bilirdim ki, məni sürprizlər gözləyir. Ancaq, ailə vəziyyətimə görə buna məcbur idim. Bir də qanuna tabe olmayan "arxalı" əsgəri cəzalandırdığıma görə hədəfə gəlmişdim. Bu olanlardan sonra məndən qisas almağa başladılar. Öncə xidməti istifadəmdə olan soyuq silah və hərbi aksesuarları məndən xəbərsiz dəyişdirərək yerinə sınıq, yararsız əşyalar qoydular. Sonra buna görə məni üst-üstə 1256 manat cərimələdilər. Məni aldatdılar ki, soyuq silah və aksesuarları yarasız hala saldığımla bağlı sənədə imza atsam, məni təxris edəcəklər. İnandım, qol çəkdim. Məni tələyə salmaq üçün aldatdılar. İndi hər ay onsuz da az olan maaşımdan 350 manat cəriməyə görə kəsirlər".

 23 yaşlı kiçik leytenant "Gündəlik Naxçıvan"a bildirir ki, ona qarşı qərəzin arxasında N saylı hərbi hissənin komandiri  polkovnik Aqil Cəbrayılov, diviziya komandiri mayor Nəsir Güləliyev və qərargah rəisi mayor Cəmil İsayev durur. 

Seymur Məmmədov həmçinin bildiri ki, bu cür münasibət təkcə ona qarşı deyil. 

Digərləri qorxusundan səsini çıxarmır ki, həbs olunmasınlar: "Naxçıvanda hərbi hissələrdəki haqsızlıqlara görə, çox zabit ordudan təxris olunmaq istəyir. Üstəlik, maaşlar azaldılıb, heç kim aşağı əməkhaqqı ilə xidmət etmək istəmir. Bu vəya digər səbəbdən ordudan təxris olunmaq istəyən hərbçilər şərlənir, cərimələnir, müxtəlif üsullarla onlardan qisas alınır. Heç kim qorxudan səsini çıxara bilmir. Mən də artıq bezmişəm deyə, dillənirəm. Artıq bundan sonra nə edirlər, etsinlər". 

23 yaşlı Seymur Məmmədov deyir ki, bundan sonra başına bir iş gələrsə, buna görə Naxçıvanın ordu rəhbərliyi məsuliyyət daşıyacaq. 

Məsələyə münasibət öyrənmək üçün adı çəkilən hərbi hissənin rəhbərliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.