''Zakir Fərəcov dedi ki, prezident onu Bakı şəhərinə ''mer'' təyin edəcək''

''Zakir Fərəcov dedi ki, prezident onu Bakı şəhərinə ''mer'' təyin edəcək''

29-03-2018 16:52 / Bu xəbər 3790 dəfə oxundu

Müqayis Verdiyev prezidentə müraciət etdi

"İkinci ildir ki, qanunsuz həbs həyatı yaşayıram. Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunuram. Həbs olunmağıma səbəb Sumqayıtın abadlaşması ilə bağlı gördüyüm işlərdir. Bəli, həqiqətən bu belədir. Əgər mən 2016-cı ilin mart ayında Sumqayıt şəhərində aparılan abadlıq və quruculuq işlərində iştirak edib, həmin işlərə özümün və dostlarımın hesabına milyonlar xərcləməsəydim, indi həbsdə olmazdım”.

Bu sözləri hazırda həbsdə olan işadamı, "Azərinşaat 2009” MMC-nin direktoru Müqayis Verdiyev dövlət başçısı İlham Əliyevə ünvanlandığı məktubunda yazıb.

O, 2015-ci ilin noyabrında həbs edilib, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və digər maddələrinə əsasən ittiham edilir. Sumqayıt şəhərində yeni inşa edilən və açılışı prezident İlham Əliyev tərəfindən edilən bulvar M.Verdiyevin rəhbərlik etdiyi işçi qüvvəsi tərəfindən həyata keçirilib. Prezident tərəfindən açılışı edilən bulvarın təmir-tikinti işlərində çalışan fəhlələrin pulu indiyə kimi ödənilməyib. Bundan sonra M. Verdiyev həbs edilib. 

Mənə maşın, ev, pul vəd etdi

M.Verdiyev məktubunda həbs olunmasının səbəblərini izah edib:

"2016-cı ilin martında Sumqayıt şəhər İcra Hakimiyyətinin Tikinti və memarlıq şöbəsinin müdiri Fəzail Hüseynovun dəvəti ilə icra hakimiyyətinə gəlib icra başçısı Zakir Fərəcovla görüşdüm. Görüşdə Zakir Fərəcov mənə bildirdi ki, Sumqayıt şəhərində aparılacaq abadlıq və quruculuq işlərində onlara kömək edim. Şəhərin işıqlandırma sisteminin yenilənməsi üçün yeni dirəklərin gətirilməsi və quraşdırılması, bulvar kompleksinin tikintisi, giriş qapısının və girişdən şəhərə qədər olan yolun sağ və sol tərəflərinin abadlaşdırılması işlərinin mənim etməyimi istədi və bildirdi ki, bu işləri yeddi iş adamına təklif etmişəm, boyun qaçırıblar. Mənim və rəhbərlik etdiyim müəssisənin ölkənin müxtəlif bölgələrində apardığımız işləri yüksək səviyyədə etdiyimizi bildiyindən xahiş etdi ki, Sumqayıtdakı abadlıq işlərini də yüksək səviyyədə edək və prezidentə söz verdiyə vaxtda- senytabr ayında tamamlayaq. O bildirdi ki, bu işləri vaxtında və yüksək səviyyədə yerinə yetirsək, prezident onu Bakı şəhərinə "mer” təyin edəcək. O da mənə vəzifə, torpaq, mülk, maşın hədiyyə edəcəyini bildirdi. Mən "heç nə lazım deyil, yalnız görülən işlərlə bağlı vəsaitlər vaxtlı- vaxtında ödənsin”, - dedim.

İşin başlanğıcında mənə ilkin olaraq 400 min manat verildi. Tanıdığım, mənə inanan iş adamı olan dostlarımı dəvət edib Sumqayıtın abadalaşması üçün mal-material və işçi qüvvəsi cəlb etdim. Təxminən müxtəlif sahələrdə çalışan 20-yə yaxın işadamı, 672 nəfər işçi qüvvəsi bu prosesə cəlb olundu. İşlər surətlə və yüksək keyfiyyətlə həyata keçirilirdi. İşin gedişində əlavə olaraq Zakir Fərəcovun təklifi ilə şəhərin 3 yerində bayraq meydanı saldıq, ora bahalı dirəklər və bayraqlar alıb quraşdırdıq”.

Qalan borc 8 milyon manatdan çoxdur

M.Verdiyev daha sonra yazır:

"Zakir Fərəcov bizimlə işləri sənəd əsasında, müqavilə ilə görmək istəmirdi. Dəfələrlə ona gördüyümüz və görəcəyimiz işlərlə bağlı müqavilə bağlamağı təklif etsəm də, o, həmişə bu təklifdən boyun qaçırır və mənə "Şəhərin sahibi mənəm, müqavilə-zad nədir? Biz qardaşıq, mənə inamırsan? Məndən ehtiyat edirsən? İşini gör, pulunu al. Səni pis vəziyyətdə qoymaram, narahat olma” - deyirdi.

Son zamanlar mən işçilərın haqqını və aldığım mal- materialın borcünü ödəmək üçün onlardan çox çətinliklə pul alırdım. Bu pulları mənə müxtəlif yerlərdən - Corat bələdiyyəsinin sədri, "Bakı Stell” zavodunun Çingiz adlı əməkdaşı, "AVRO MED”, eləcə də memar Adil, Zakir Fərəcovun bacısı oğulu Kənan, İcra Hakimiyyətinin işçisi Rəhim və s. tərəfindən verilirdi. Ümumilikdə mənim rəhbərliyim altında Sumqayıt şəhərində aparılan abadlıq və quruculuq işləri üçün 12.800.000 (on iki milyon səkkiz yüz min) manat pul xərclənib. Bu vəsaitin qarşılığında Zakir Fərəcov tərəfindən bizə 3 milyon 640 min manat pul ödənilib. Qalan borc isə 8 milyon manatdan çoxdur. O, bizə borclu olsa da, deyilən vaxtda işləri yüksək səviyyədə yekunlaşdırdıq. Siz dövlət başçısı olaraq açılışda iştirak edib görülən işləri yüksək qiymətləndirdiniz. Əslində, bu, bizim əməyimizə və gördüyümüz işlərə verilən ən böyük qiymət idi. Amma Zakir Fərəcov bizim və iş adamlarının əməyini qiymətləndirmək, borcumuzu qaytarmaq əvəzinə haqqımıza girib bizi boş vədlər verməklə, şəhərdən qovmaqla, məni isə şərləyib həbs etməklə işini bitmiş hesab etməyə çalışdı. Açılışdan dərhal sonra 7 oktyabr 2016-cı ildə sifarişlə şərlənib həbs olundum. Mən həbs olunduqdan sonra o, işçilərin artan təzyiqi qarşılığında onlara 1 milyon 300 min manat pul ödəyib. Əgər bu pulları mən mənimsəmişdimsə, niyə o bu pulları öz cibindən həmin işçilərə ödəyib? Nəticədə ikinci ildir ki, qanunsuz həbs həyatı yaşayıram”.

Belə qanun, belə dövlətçilikmi olur?

M.Verdiyev aclıq aksiyası başlayan sahibkarlardan da danışıb:

"Zakir Fərəcov 16 nəfər iş adamının 2 milyon 100 min manat pulunu da qaytarmır. Həmin iş adamlarının bəziləri bu borc üzündən işlərini və evlərini, mülklərini itiriblər, dost-tanış arasına çıxa bilmirlər. Əlləri hər yerdən üzülən bəzi iş adamları isə tələblərinin yerinə yetirilməsi üçün canlarına qəsd edərək aclıq aksiyası keçirirlər. Dövlət büdcəsindən və prezidentin Ehtiyat Fondundan Sumqayıt şəhərinin abadlaşması üçün ayrılan pullar isə naməlum istiqamətə xərclənir, mənimsənilir. Zakir Fərəcovun ailə üzvlərinin evlərinin, mülklərinin tikilməsinə və təmir olunmasına xərclənir. Bu mənimsəmələrin bədəli isə Sumqayıtın abadlaşdırılmasını həyata keçirən bizim - iş adamlarının hesabına ödənilir. Mən və 16 nəfər işadamı zərərçəkən olduğumuz halda günahkar, təqsirləndirilən şəxslərə çevrilmişik. Özünün və qohumlarının yüzlərlə evi, mülki olduğu halda Bakıda, Sumqayıtda mənim adıma ev axtarır ki, satdırıb borclarını qaytarsın. Belə qanun, belə dövlətçilikmi olur? Mənim isə cəmi bir evim var, o da kreditdədir. Bildirim ki, bir neçə aydır ki, Ağır Cinayətlər Məhkəməsində mənimlə bağlı məhkəmə prosesi gedir. Məhkəmədə onlarla şəxs ifadə verib. Amma onların bir nəfəri olsun belə məndən şikayətçi olmadıqlarını bildiriblər. Bilirsinizmi niyə? Çünki onlar çox dəqiq bilirlər ki, onların pullarını mən yox, Zakir Fərəcov mənimsəyib. Ona görə də pullarını məndən yox, ondan istəyirlər”.

İnanıram ki...

"Cənab prezident, siz öz çıxışlarınızda dəfələrlə bildirmisiniz ki, məmurlar iş adamlarının, sahibkarların fəaliyyətinə müdaxilə etməsin, onların işləməsi üçün normal şərait yaradılsın. Qeyd etmisiniz ki, icra orqanları sahibkarlara kömək etməlidir, onlara təzyiq etməməlidir. Amma görürsünüz ki, Zakir Fərəcov kimi "burda mənəm, Bağdadda kor xəlifə” prinisipi ilə hərəkət edən məmurlar sizin çağrışlarınızı qulaq ardına vurur, qanunları ayaqlar altına atır. Nəinki fəaliyyətimizə müdaxilə edir, bizim malımızı, mülkimizi, son qəpiyimizi əlimizdən alır. Bununla kifayətlənmir şərlədib həbs edib azadlığımızı da əlimizdən alır. Doğurdanmı tərəfimizdən ölkəmizdə abadlıq, quruculuq işlərinin aparılmasına verilən qiymət budur? İnanıram ki, dövlətin adından və gücündən istifadə edən Zakir Fərəcovun haqsızlığına və soyğunçuluğuna məruz qalmış mən və digər iş adamlarının pozulmuş hüquqlarının bərpası üçün ədalətli addım atacaqsınız”- sahibkar müraciətinin sonunda vurğulayıb.

Zakir Fərəcov

Xatırlatma...

Martın 16-da Sumqayıtdan olan 7 iş adamı aclıq aksiyasına başlamışdı. Sumqayıt İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun aksiyanı dağıtmaması üçün iş adamları Bakı şəhərində toplaşmışdılar. Onlar Z.Fərəcovdan pullarının geri qaytarılmasını istəyirdi.

Martın 17-də polis aksiyanı dağıdıb, sahibkarların aclıq etməsinə imkan verməyib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildiriblər ki, hazırda Müqayis Verdiyevin məhkəməsi davam edir, prosesin yekunu hər şeyi ortaya qoyacaq.

Meydan.Tv