Zakir Həsənov: "7 kənd işğaldan azad olunub"

Zakir Həsənov:

27-09-2020 15:18 / Bu xəbər 1183 dəfə oxundu

"Murovdağdakı hakim yüksəkliklər nəzarətə götürülüb"

Azərbaycan ordusunun işğalda olan bəzi kəndləri azad etdiyi bildirilir.

Məlumatı Müdafiə Nazirliyi yayıb.

Həmin kəndlərin Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Böyük Mərcanlı kəndləri olduğu deyilir. Bundan əlavə, açıqlamada Ağdərə rayonu və Murovdağ istiqamətlərində erməni postlarının dağıdıldığı, hakim yüksəkliklərin nəzarətə götürüldüyü bildirilir:

"Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub”, - Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

"Əməliyyat şəraitini nəzərə alaraq ilk növbədə Sizə məruzə olunmuşdur və əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirir. Əks-hücum nəticəsində düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub".

Bunu isə Müdafiə naziri, general-polkovnik Zakir Həsənov sentyabrın 27-də Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məruzə edərkən deyib.

"Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu hücum əməliyyatları həyata keçirir və düşmən o qədər də güclü görünmür və tam şəkildə geri çəkilir", - Zakir Həsənov vurğulayıb. 

Bir neçə saat öncə Azərbaycanın işğal olunmuş ərazisində yaradılmış separatçı "Dağlıq Qarabağ Respublikası”nın Təhlükəsizlik Şurasının katibi Samvel Babayan açıqlama verərək bildirmişdi ki, Ermənistan ordusu 10 hərbçisini və 4-5 mövqeyini itirib.