“Zakir Qaralov prokurorluğu “Akkord”un ofisinə çevirmişdi” – Aslan İsmayılov

“Zakir Qaralov prokurorluğu “Akkord”un ofisinə çevirmişdi” – Aslan İsmayılov

01-05-2020 02:36 / Bu xəbər 2920 dəfə oxundu

20 ildir Azərbaycanın Baş prokuroru vəzifəsində çalışan Zakir Qaralovun yola salınması gündəmin əsas müzakirə mövzusudur. Cənab Qaralovun fəaliyyəti, Baş prokuror postuna yeni namizəd Kamran Əliyevin prokurorluq sisteminə yeni nəfəs verə bilib-bilməyəcəyi barədə müxtəlif platformalarda diskurslar aparılır. 

Yenisabah.az mövzunun aktuallığını nəzərə alaraq bu barədə tanınmış hüquqşünas Aslan İsmayılovla söhbətləşib.

- Aslan bəy, Zakir Qaralov nəhayət yola salınır. Bu qərarı necə qarşıladınız? 

- Açığı Zakir Qaralovun əvəzlənməsi bir qədər gecikmiş qərardır. Bununla belə, hesab edirəm ki, doğru və müsbət addımdır. Çünki Zakir Qaralovun Baş prokuror təyin edilməsindən sonra prokurorluğun nüfuzuna ciddi zərbə dəyib. O, faktiki olaraq Baş prokuror kimi vəzifəsinin öhdəsindən gələ bilməyib. Daha çox öz biznesi ilə məşğul olub. Onun Baş prokuror olduğu dövrdə Respublika Prokurorluğu "Akkord” şirkətinin ofisi kimi fəaliyyət göstərib.

- Zakir Qaralovu daim tənqid etdiyinizi bilirik. Amma deyəsən, Baş Prokurorluğun "Akkord” şirkətinin ofisi kimi fəaliyyət göstərməsi bir qədər şişirtmə oldu.

- Heç bir şişirtmə yoxdur və mən bunu havadan demirəm. Bəli, mən həmişə Zakir Qaralovu tənqid etmişəm. Dəfələrlər onun qanunsuz əməlləri barədə sosial şəbəkələrdə, mediada çıxışlar etmişəm. 

- Amma bu tənqidlərin şəxsi intriqadan qaynaqlandığı barədə iddialar var...

- Xeyr. Mənim Zakir Qaralovla şəxsi planda heç bir problemim yoxdur. Mən də prokurorluq işçisi olmuşam. Bu sistemə bələdəm. Həmişə də təcrübəmdən çıxış edərək Zakir Qaralovu tənqid etmişəm. Bildirmişəm ki, o bu vəzifəyə layiq deyil. Bir hadisə isə mənim ona tənqidi münasibətimi daha da tündləşdirdi. "Akkord” məsələsini də elə bu hadisəni araşdırarkən öyrəndim.

- Söhbət hansı hadisədən gedir?

- Təxminən 10 il əvvəl  "Yeni Müsavat” qəzetində oxudum ki, o zaman nəqliyyat nazri olan Ziya Məmmədovun qoçuları Dəvəçidə "KaMAZ” markalı yük maşınının Mehman adlı sürücüsünü döyüblər. Bu azmış kimi Mehmanı tutdurublar. Guya o, nəqliyyat qoçularına fiziki zor tətbiq edib. Yazını oxuyandan sonra müəlliflə əlaqə saxladım və ondan xahiş etdim ki, məni Mehmanın yaxınları ilə calaşdırsın. Bir neçə gün sonra Mehmanın həyat yoldaşı və səhv etmirəmsə, qardaşı yanıma gəldi. Baş verənləri danışdılar, Mehmanın döyülməsini əks etdirən videonu göstərdilər və s. Mən də müqavilə bağlayıb Şüvəlanda yerləşən təcridxanaya gedərək Mehmanla görüşdüm. Çox fağır bir adam idi. İstəyi də bu idi ki, ona həbsdən çıxmağa kömək edim. Deyirdi ki, buradan çıxım, heç kimdən şikayət etməyəcəm. Mən onunla şərt kəsdim ki, sənə kömək edəcəm, amma şikayət davam etməlidir. Çünki Ziya Məmmədovun ölkəni taladığını bilirdim.

Bundan sonra prokuroluqda çalışan yüksək vəzifəli, general rütbəli bir nəfərlə görüşdüm. Açığı düşünürdüm ki, Zakir Qaralovun bu olaydan xəbəri yoxdur. Onu nə qədər tənqid etsəm də, belə bir hadisədən xəbəri ola-ola tədbir görməməsinə inanmırdım. Tam səmimi deyirəm. Nə isə həmin şəxsə dedim ki, bəs bu hadisəni Zakir Qaralova məruzə eləsin. Bilirsiz mənə nə dedi? 

- Desəniz, biləcəyik...

- Dedi ki, sən nə danışırsan, Zakir Qaralovun qəbuluna düşmək olur, məgər?! Onun kabinetində hər gün "Akkord”un iclası gedir. Yəni, bu adam yalnız öz biznesilə məşğul olub. Bütün işləri tapşırıb tabeliyində olan şəxslərə. Mən bu fakta görə deyirəm ki, Baş Prokurorluq "Akkord” şirkətinin ofisi kimi fəaliyyət göstərib. 

- Bəs Zakir Qaralovun bu məsələdən xəbəri olub-olmaması məsələsi nə yerdə qaldı? 

- Sonradan mənə məlum oldu ki, Mehmanın həbsini Ziya Məmmədov şəxsən Zakir Qaralovdan xahiş edib. Bax bu olaydan sonra ona münasibətim daha da sərtləşdi. 

Bir məqamı da qeyd edim ki, mən təkcə Zakir Qaralovun gedişi ilə prokuroluq sisteminin düzələcəyinə inanmıram. Çünki orada başda Zakir Qaralov olmaqla bir komanda formalaşıb. Onların hamısının məmur-oliqarxlarla alış-verişi var. Ona görə də fəaliyyətləri icraçılıqdan o yana keçmir. Bu komanda dəyişməlidir. Bir fakt deyim. Hələ kriminalist Rövşən Əliyev qətlə yetiriləndə prokurorluğun mühüm işlər üzrə müstəntiqələrindən biri yanıma gəldi. Onun adını heç vaxt açıqlamayacam, sizdən də xahiş edirəm ki, bunu məndən soruşmayın. Həmin müstəntiq mənə dedi ki, ciddi problemlə üzləşib. Soruşdum ki, nə məsələdir? Dedi ki, Rəna Nəsibova adlı bir xanımı tanıyır. Həmin xanım ona deyib ki, çeçen əsilli bir şəxslə yaşayır. Bir gün bu çeçen içkili vəziyyətdə Rəna Nəsibovanın evinə gəlib və lovğalanaraq deyib ki, biz Azərbaycanda kimi istəsək öldürə bilərik. Sonra da törətdikləri qətllər haqqında danışıb. Burada Rövşən Əliyevin qətlindən də söhbət gedib. Mənim yanıma gələn müstəntiq Rəna Nəsibovanı Rüstəm Usubovun yanına aparıb. Rüstəm Usubov həmin vaxt Daxili İşlər Nazirliyinə nəzarət idarəsinin rəisi vəzifəsində çalışıb. Rəna Nəsibova müstəntiqə danışdıqlarının hamısını Rüstəm Usubova danışıb. O da öz növbəsində həmin vaxt Baş prokurorun birinci müavini olan Ramiz Rzayevə zəng vuraraq onun qəbuluna gəlmək istədiyini, ciddi bir məsələnin olduğunu deyib. Müstəntiq olan dostum Ramiz  Rzayevlə görüşdə iştirak etməyib. Bununla belə, aydındır ki, Rəna Nəsibova orada da bildiklərini danışıb. Dostum dedi ki, bundan 2 ya 3 gün sonra Rəna Nəsibovanın "peredozirovka”dan öldüyünü eşidib. Dostum çox qorxurdu deyə, ona bildirdim ki, bu barədə heç kimə heç nə demə. Təhlükəni öz üzərimə götürdüm və bu barədə yazı yazdım. Daha sonra ANS-in "Nəzər Nöqtəsi” verilişində üstüörtülü şəkildə dedim ki, Rövşən Əliyevin qətli onun peşə fəaliyyətilə bağlıdır. Bundan bir neçə gün sonra isə çox yüksək vəzifə tutmuş və cəmiyyətdə kifayət qədər böyük nüfuzu olan bir şəxs zəng vurub mənimlə görüşmək istədiyini bildirdi. Onunla elə evimin yaxınlığında görüşdüm. Mənə dedi ki, təcili ölkəni tərk et, səni vurmaq istəyirlər. 

Bütün bunları ona görə açıqlayıram ki, Zakir Qaralov və prokurorluqdakı komandanın fəaliyyəti barədə cəmiyyətdə daha dolğun təsəvvür yaransın. Bu adamları nəinki işdən çıxarmaq, hətta həbs etmək lazımdır.

- Baş prokurorun müavini, Korrupsiyaya qarşı mübarizə idarərsinin rəisi Kamran Əliyevin bu posta namizədliyini necə dəyərləndirirsiniz?

- Kamran Əliyevi 30 ildir ki, tanıyıram. Baş prokuror postuna namizədlər arasında ən təmiz imicə malik, savadlı və peşəkar kadrdır. Amma inanmıram ki, o prokurorluğun simasını əhəmiyyətli dərəcədə dəyişə bilsin.

- Buna inanmamağınızın səbəbi nədir?

- Kamran Əliyev müstəqil qərar qəbul edəcək şəxs deyil. Yəni, ehtiyatlı adamdır. Məmur-oliqarx qrupu ona da imkan verməyəcək işləməyə.

- Hər halda Prezident ona etimad göstərib...

- Doğrudur, Prezident ona etimad göstərib. Amma bu etimadı doğrultmaq üçün ona kart-blanş verilməli, dəstək göstərilməlidir. Əks təqdirdə Kamran Əliyev müstəqil şəkildə mühüm qərarlar qəbul edə bilməyəcək. Yenə də deyirəm, onun savadına, dünyagörüşünə, təmizliyinə söz yoxdur. Hər halda mən indiyə qədər onun adının çirkli işlərdə hallandığını görməmişəm. Savadına gəlincə, uzun illərdir ki, beynəlxalq tədbirlərdə Azərbaycan prokurorluğunu məhz o təmsil eləyir. 

- Amma bütün bunlara rəğmən onun namizədliyi sizi qane etmir?

- Təbii ki, digər namizədlərlə müqayisədə mən də ona üstünlük verərdim. Ən azından bayaq dediyim kimi təmiz reputasiyaya malikdir.

- Amma onunla bağlı tənqidlər də var. Məsələn, deyirlər ki, Korrupsiyaya qarşı mübarizə idarəsinin rəhbəri kimi yalnız xırda çinovniklərin həbsilə kifayətlənib...

- Ona verilən səlahiyyət bu qədər olub. Kamran Əliyev Zakir Qaralov deyil. Əgər Zakir Qaralov və komandası məmur-oliqarxlarla əlbir olub qanunsuzluqlar törədibsə, Kamran Əliyev bu cür işlərin nə iştirakçısı, nə də icraçısı olub. Ümumiyyətlə, onun hakimiyyətdə ciddi dəstəyi olmayıb. Mənə hələ də onun namizədliyinin irəli sürülməsi təəccüblü gəlir. Çünki bu post uğrunda çox güclü fiqurlar mübarizə aparırdı. Kamran Əliyev onlara qalib gələ bilməzdi. İnanmıram ki, kimsə ona dəstək versin.

- Əgər ona heç bir dəstək verildiyinə inanmırsınızsa, o zaman düşünmək olarmı ki, bu, ölkə başçısının öz seçimidir?

- Ya belədir. Ya da hakimiyyətdəki islahatçı komandanın rolu olub. Mən həmişə demişəm, yenə də deyirəm ki, hakimiyyətdə belə bir komanda var və mümkündür  ki, Kamran Əliyevin namizədliyini Prezidentə onlar təqdim etsin.

Vidadi Məmmədov