Zaqatala xəstəxanasında 26 yaşlı ananın ölümü: cinayət işi başlandı

Zaqatala xəstəxanasında 26 yaşlı ananın ölümü: cinayət işi başlandı

26-03-2022 02:13 / Bu xəbər 3009 dəfə oxundu

Eyvaz Məmmədov: "Qızımın səs yazıları var, deyir ki, burada mənə baxan yoxdur, heç kim kömək eləmir…”

Zaqatalanın Çökəkoba kənd sakini Rəna Ramazanova martın 19-da xəstəxanada qeysəriyyə əməliyyatıyla uşaq dünyaya gətirəndən iki gün sonra vəfat edib. 

Ailə üzvləri 26 yaşlı Rəna Ramazanovanın ölümünə görə həkimləri qınayır. Hesab edirlər ki, gənc qadın xəstəxanada səhlənkarlıq və məsuliyyətsizliyin qurbanı olub.

"Gərək yoxlayaydılar ki, ağrının səbəbini biləydilər”

Yaxınlarının Meydan TV-yə bildirdiyinə görə, Rəna Ramazanova martın 18-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib: "Həmin gün onu müayinə elədilər. Ginekoloq Rəna Soltanova dedi ki, uşağı əməliyyatla dünyaya gətirməsi məqsədəuyğundur. Qərar verildi ki, əməliyyat bir gün sonra – martın 19-da olsun. Deyildiyi kimi də oldu – martın 19-da qızı dünyaya gəldi. Həkimdən özünün vəziyyətini soruşduq, dedi ki, həm ananın, həm də uşağın durumu yaxşıdır, heç bir problem yoxdur”.

Atası Eyvaz Məmmədov deyir ki, həkim onları arxayın salsa da, qızı yaxınlarına göndərdiyi səsli mesajlarda şiddətli ağrılardan şikayətlənib. Onlar da Rənanın şikayətlərini həkimə çatdırıblar: "Həkim qohumlara deyib ki, kök olduğuna görədir. Kökdür deyə tikişlər dartılır, ağrı verir…”

Rəna Ramazanovanın qayınanasının dediyinə görə, ona gəlininin banan yediyi, ona görə köp yarandığı və bu üzdən qarın nahiyəsində ağrılar olduğu bildirilib: "Sən demə, bunlar bizi yola verirmiş, səbəb başqa olub. Ağrının səbəbini bilmək üçün onu müayinə eləməliydilər, UZİ-dən (ultrasəs müayinəsi) keçirməliydilər. Bunları eləməyiblər. Daxili qanaxma olub, bilməyiblər. Gərək yoxlayaydılar ki, biləydilər”.

"Bizi yuxarı buraxmadılar”

Eyvaz Məmmədovun sözlərinə görə, qızını martın 21-də səhər saatlarında xəstəxananın reanimasiya şöbəsinə köçürüblər. Onlara isə bu barədə saat 12 radələrində məlumat veriblər.


Eyvaz Ramazanov. Foto: Meydan TV

"Bizə günorta saat 12 radələrində telefonla zəng eləyib xəbər verdilər. Dedilər ki, vəziyyəti pisdir. Getdik, amma bizi yuxarı buraxmadılar. Qızımın səs yazıları var. Orada deyir ki, "burada mənə baxan yoxdur, heç kim kömək eləmir”. Təxminən üç saat sonra – günorta saat 3-ə işləmiş keçindi”, – Eyvaz Məmmədov bildirib.

Ailə üzvlərinin dediyinə görə, uşağın vəziyyəti isə normaldır. Rəna Ramazanovanın 6 yaşlı daha bir övladı var.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi isə Rəna Ramazanovanın səhlənkarlıq və məsuliyyətsizlik nəticəsində ölməsi iddialarını qəbul etmir. 

Xəstəxanadan Meydan TV-yə bildirilib ki, ana tromboemboliya (qan damarında əmələ gəlmiş laxtanın axınla gedib kiçik mənfəzli damarın keçidini tıxaması) nəticəsində vəfat edib: "Xəstə martın 21-də səhər saatlarında mədə nahiyəsində ağrılardan şikayətlənib. Həkim tərəfindən müvafiq təyinat verilib və dərhal da icra olunub. Bundan sonra xəstə özünü yaxşı hiss etdiyini bildirib. Sonra qəflətən vəziyyəti pisləşib. Reanimasiya şöbəsində ona bütün zəruri tibbi yardım göstərilməsinə baxmayaraq, günorta saat 14.05-də bioloji ölüm qeydə alınıb”.

Səhlənkarlığa görə cinayət işi başlanıb

Martın 25-də Zaqatala Rayon Prokurorluğundan Meydan TV-nin Rəna Ramazanovanın ölümüylə bağlı sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanıb.

"Çökək kənd sakini, 1995-ci il təvəllüdlü Rəna Ramazanovanın martın 21-də saat 14 radələrində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”, – prokurorluqdan bildirilib.

Cinayət Məcəlləsinin 314.2 maddəsində 5 ilə qədər azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.