Zəfər Gününün tarixi dəyişdi

Zəfər Gününün tarixi dəyişdi

03-12-2020 15:56 / Bu xəbər 1017 dəfə oxundu

Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək

Azərbaycan Prezidentinin "10 noyabr Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2 dekabr tarixli Sərəncamına dəyişiklik edilib.

Məlumatı "Azərtac” Prezidentinin Administrasiyasına istinadən yayıb.

Bildirilib ki, Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdı:

"Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycanın Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul edib. Hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcəkdir”.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də döyüşlər başlamışdı.

Döyüş əməliyyatları noyabrın 9-dək davam edib. Bu 44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Ancaq bu günədək Azərbaycan tərəf nə qədər itki verdiyini, neçə nəfər hərbçinin yaralandığını açıqlamayıb.

Noyabrın 10-dan 11-nə keçən gecə isə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Razılaşmaya uyğun olaraq Azərbaycan ordusu noyabrın 20-də Ağdam rayon mərkəzinə daxil olub. Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.