Zəhərlənməyə görə Saatlıda 2 nəfər həbs olunub

Zəhərlənməyə görə Saatlıda 2 nəfər həbs olunub

21-06-2018 18:14 / Bu xəbər 2749 dəfə oxundu

Pambıq sahəsində zəhərlənmə hadisəsi ilə bağlı ilk həbs xəbəri Saatlıdan gəlib. 

Rayondakı mənbələrimizdən aldığımız xəbərə görə, Saatlı Pambıq zavodunun direktoru Çingiz Gözəlov və zavodun baş aqronomu M.Koçiyev məlum zəhərlənmə ilə əlaqədar həbs edilib. Bəzi mənbələr onların 48 saat müddətinə həbsə alındığını bildirir.

Saatlının Sarıcalar qəsəbəsində yerləşən bu zavod sovetlərin vaxtından fəaliyyət göstərir. İndi zavod «MKT-İstehsalat Kommersiya» MMC-yə məxsusdur. Onun sahibinin fövqəladə hallar naziri Kəmaləddin Heydərov olduğu deyilir.

Zəhərlənmə hadisəsi ilə bağlı zavod direktorunun həbsi birmənalı qarşılanmayıb. Əlaqə saxladığımız fermerlərdən bəzisi onların, əslində, icraçı olduqların bildirir: "Pambığa vurulan zəhəri şirkət gətirir, zavod direktoru yox. Bizdə olan məlumata görə, bu zəhərlər xaricdə qadağan olunub. Ancaq Azərbaycanda buna nəzarət edən yoxdur. Üstəlik, zavod Kəmaləddin Heydərovun adına bağlıdırsa, sərhəddən nə istəsə keçirə bilər. Direktor da o səlahiyyət yiyəsi deyil ki, şirkətin tapşırıqlarına əməl etməsin. Bu dərmanlar tarlaya səpiləndə azı 10 gün o sahəyə girmək qadağandır. Bizdə kimdir buna əməl edən…”

Xatırladaq ki, ötən il «MKT-İstehsalat Kommersiya» MMC Saatlı rayonunda 5 min 700 hektarda pambıq əkmişdi.

İnternet resurslarda bu şirkətlə bağlı aşağıdakı məlumatlar var:

Müəssisənin tam adı və təşkilati hüquqi forması: "MKT İstehsalat Kommersiya”

MMC Müəssisənin təsis olunma tarixi: "MKT İstehsalat Kommersiya”

MMC 19 aprel 1995-ci il tarixdə təsis edilmişdir.

Hüquqi ünvan: AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, H.Əliyev prospekti, 95 Tel: (+99412) 497 13 04 Faks: (+99412) 497 13 07 E-mail: [email protected] Web: www.mktcotton.com

Faktiki fəaliyyət göstərdiyi ünvan və rekvizitlər: AZ 1029, Azərbaycan Respublikası, Bakı şəhəri, H.Əliyev prospekti, 95

İstehsal etdiyi məhsullar: Pambıq mahlıcı, ulyuk, lint, tiftik, çiyid, jmıx, pambıq ipliyi, rafinə pambıq yağı

Məhsulların sertifikatlaşdırılması: Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Uyğunluq Sertifikatı almışdır.

Müəssisənin avadanlıqları: Türkiyə, ABŞ, Özbəkistan Respublikası, İsveçrə və Ukrayna Respublikasında istehsal olunmuş qurğu və avadanlıqlar

Məhsulun ixrac olunduğu ölkələr: Rusiya Federasiyası, Türkiyə, Malta, Ukrayna və s.

Müəssisədə çalışan işçilərin sayı: 1550 nəfər.

azadliq.info