Zelenksi: “Severodonetskdə şiddətli küçə döyüşləri gedir”

Zelenksi: “Severodonetskdə şiddətli küçə döyüşləri gedir”

07-06-2022 18:26 / Bu xəbər 755 dəfə oxundu

Ukrayna lideri Rusiya ordusuna güclü müqavimət göstərdiklərini deyir

"Severodonetskdə şiddətli küçə döyüşləri gedir. Düzdür, Rusiya qüvvələri sayca üstündür, lakin Ukrayna hərbçiləri də döyüşür, təslim olmur”.

Ukrayna Prezidenti Volodimir Zelenski belə deyib.

Severodonetsk şəhəri cəbhənin şərqindədir. Bu günlərdə şəhər və ətrafında döyüşlər gedir.Zelenski son televiziya müraciətində Ukrayna qüvvələrinin müqavimət göstərmək üçün "hər şansı” olduğunu və "güclü müqavimət” göstərdiklərini bildirib: "Qəhrəmanlarımız Severodonetskdə öz mövqelərini tutub. Şəhərdə şiddətli küçə döyüşləri davam edir. Lisıçansk, Slovyansk, Baxmut, Svyatohirya, Avdiivka, Kuraxove və digər istiqamətlər Rusiya zərbələrinə ən qaynar qarşıdurma göstərilən nöqtələrdir”.

Prezident əlavə edib ki, bu gün Rusiya ordusu Donbas istiqamətində əlavə qüvvələrdən istifadə etməyə çalışır: "Lakin artıq müharibə 100 günü ötüb. Ukrayna Donbasda möhkəm dayanıb”.

Kiyevdə ayrıca brifinqdə danışan Zelenski deyib ki, Severodonetski müdafiə edən Ukrayna qüvvələri rus qoşunlarının hücumlarına baxmayaraq, "şəhəri saxlayır”, lakin şərq cəbhəsində vəziyyət "çətin”dir.

"Severodonetsk və onun qardaşı Lisiçansk şəhərləri "bu gün ölü şəhərlərdir”, – Zelenski əlavə edib.

O bildirib ki, həftələrdir Rusiya artilleriyası tərəfindən atəşə tutulan Severodonetskdə 10-15 min mülki şəxs hələ də qalır.

Zelenskinin sözlərinə görə, Rusiya ilə sülh danışıqları "sıfır səviyyədədir” və bu arada Zaporojjya bölgəsində "ən təhlükəli vəziyyət” yaranıb, onun hissələri artıq Rusiya tərəfindən ələ keçirilib.

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlamasının üstündən 104 gün keçib.

Müharibədən 2 gün öncə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.