Zelenski kortejindəki maşınların sayını 2-yə salıb

Zelenski kortejindəki maşınların sayını 2-yə salıb

04-07-2019 00:22 / Bu xəbər 939 dəfə oxundu

Ukrayna Prezidenti Volodymyr Zelensky-yə aktyor kimi şöhrət qazandırmış "Xalqın xidmətçisi” serialının birinci mövsümündə baş qəhrəman, dövlət başçısı Vasyl Holoborodko öz avtomobil kortejindən imtina edərək velosipedə keçir və paytaxtı tıxaclardan qurtarmaq üçün idarələrini Kiyevin ətraflarına köçürür.

Andiçmə mərasimindən bir ay keçmiş Zelensky-nin kortejindəki maşınların sayı səkkizdən ikiyə endirilib. Hərçənd o bu yaxınlarda jurnalistlərə "təhlükəsizlik səbəbindən” işə velosipedlə gedə bilmədiyini deyib.

Zelensky indi də serialdakı kimi prezident administrasiyasını çoxdan yerləşdiyi Bankova küçəsindən Ukrayna Evi adlanan binaya köçürmək istədiyini deyib. Ancaq bu işin bir əmması var: Bu bina Kiyevin mərkəzində yerləşir və köçmə baş verərsə tıxaclar daha da arta bilər.

PREZİDENTLİYİN REPUTASİYASINI TƏMİZLƏMƏK

Zelensky-nin əks arqumenti isə belədir: prezident administrasiyasını Bankovadakı iri sütunlu, labirintə bənzər dəhlizlər və gizli koridorlarla dolu, qızılı ornamentli nəhəng binadan çıxarmaq prezidentliyin özünü qeyri-şəffaflıq və korrupsiya reputasiyasından təmizləmək üçün lazımdır.

Brejnev dövründə, 1978 – 1982-ci illər arasında tikilmiş Ukrayna Evi isə içərisində iri atrium olan beşmərtəbəli binadır. SSRİ-nin süqutuna qədər bu binada Lenin muzeyi yerləşib.

Bina sovet dövrünə aid olsa da, bu gün onu 2013 – 2014-cü illərin Avromaydan küçə etirazları və rusiyapərəst prezident Viktor Yanukoyvch-in hakimiyyətdən getməsi ilə assosiasiya edirlər. Etirazçılar polisi buradan sıxışdırıb çıxarıblar. O vaxtdan bina sərgi mərkəzi kimi fəaliyyət göstərir.

Prezident administrasiyasının bu binaya köçürülməsi və binanın təmiri xəbərinin özü də eynilə "Xalqın xidmətçisi” filminin epizodunu xatırladan tərzdə hazırlanmış video vasitəsilə Zelensky-nin sosial media hesabında paylaşılıb.

Videoda rəsmilərdən birinin təbirincə desək, binanı prezident və işçiləri üçün açıq, şüşə divarlı, "Avropa üslubunda ofisə” çevirmək planlaşdırılır. Yuxarıdakı üç mərtəbədə inzibati idarələr, ikinci mərtəbədə birgə iş məkanı yerləşəcək. Birinci mərtəbədə isə kafe və piyadalar üçün məkan planlaşdırılır. Binanın kənarında isə "Avropa meydanı” adlı fontanlı və skamyalı meydan yaradılacaq.

Videoda Zelensky-yə Dnepr çayına, ya da Avropa meydanına baxan kabinetlər arasında seçim təklif olunur. Zelensky Avropa meydanına baxan kabineti seçir və bunun "rəmzi” mənası olduğunu deyir.

"BÜDCƏDƏN BİR QƏPİK DƏ GÖTÜRÜLMƏYƏCƏK”

Prezident administrasiyasının Ukrayna Evinə köçürülməsini problemli edən təkcə tıxac məsələsi deyil. Tənqidçilər dövlət büdcəsindən binanın təmirinə ayrılan pullara görə də narahatlıq ifadə edirlər. Zelensky-nin işlər müdiri Andriy Bohdan maliyyənin Avropa Birliyi ölkələrindəki qeyri-hökumət təşkilatlarından gələcəyini deyib.

"Biz büdcədən bir qəpik də götürməyəcəyik”, – Bohdan deyib.

Bankova küçəsindəki binaya gəlincə, Ukrayna prezidenti oranın muzeyə çevrilməsini istədiyini deyib.

Zelensky və köməkçiləri bu binanın labirintvari dəhlizlərini və həddindən artıq bəzəkli interyerindən gileylənirlər. Məsələn, prezidentin kabineti mərmər və qızılı ornamentlərlə bəzədilib. Vanna otağı da həmçinin. Digər kabinetlərin çoxunda iri büllur çilçıraqlar və ekzotik taxta ornamentlər var.

Ukraynada bir çoxları üçün bu bina "köhnə korrupsiyanın” təcəssümüdür.

Bankovadakı bina sonuncu dəfə Yanukovych-in prezidentliyi dövründə təmir olunub. Xələfləri Yanukovych-i yaxınları ilə birlikdə Rusiyaya qaçmazdan əvvəl dövlət büdcəsindən 100 milyard dollar oğurlamaqda günahlandırır.

Videoda Milli İncəsənət Muzeyinin direktoru Zelensky-yə deyir ki, planlaşdırılan köçdə bir əsrlik tarixi olan daha bir rəmzilik var.

Kiyevdə ilk Lenin muzeyi 1919-cu ildə, Ukraynanın qısamüddətli müstəqilliyinə son qoyulduqdan sonra yaradılıb. "1919-cu ildə ilk Lenin muzeyi açılanda o, Mərkəzi Parlament binasında yerləşdirilmişdi. İndi isə siz Lenin muzeyinə köçmək istəyirsiniz. Bu, bir növ tarixi ədalətdir”, – Olha Balashova deyir.

Azadlıq radiosu