Zelenski Qarabağda baş verənlərdən danışdı

Zelenski Qarabağda baş verənlərdən danışdı

04-08-2022 13:20 / Bu xəbər 1181 dəfə oxundu

Ukrayna Prezidenti Volodimir Zelenski Qarabağda baş verən son gərginlikdən danışıb. 

Sosial media hesablarındakı video müraciəti zamanı Prezident bildirib ki, dünyada artan münaqişələr və təhdidlər qlobal təhlükəsizlik arxitekturasının artıq işləmədiyini göstərir.  

"Əvvəlcə Balkanlar, sonra Tayvan, indi bəlkə də Qafqaz... Bütün bu situasiyalar sanki fərqli cür görünür, əslində isə onları birləşdirən bir amil var, bu da məhz qlobal təhlükəsizlik arxitekturasının artıq işləməməsidir, əgər işləsəydi, bu münaqişələr olmazdı”, - deyə Prezident bildirib. 

O qeyd edib ki, Ukrayna illərdir - Rusiya beynəlxalq hüquqa tamamilə məhəl qoymayandan bəri buna diqqət yetirir.

Zelenski Krımın, Donbasın işğalından və Malayziya təyyarəsinin  vurulmasından sonra Rusiyanın üzərinə məsuliyyət qoyulmadığını, Moskvanın dünya ilə siyasi və işgüzar əlaqələri saxladığını vurğulayıb. 

"Qlobal münasibətlərdə bir çoxları onun da yenə uğur qazanacağına inanırlar", - Zelenski deyib.

O qeyd edib ki, heç bir ölkənin başqa ölkəyə qarşı terrora əl atmamasını təmin edəcək effektiv qlobal təhlükəsizlik arxitekturası olmalıdır.

Zelenskinin sözlərinə görə, Ukrayna və tərəfdaşları hazırda bunun üzərində işləyirlər.

Azərbaycan Ordusu avqustun 3-də Qarabağda "Qisas" əməliyyatı keçirib. 

Əməliyyat terror-təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu - əsgər Kazımov Anar Rüstəm oğlunun şəhid olmasının qisası kimi xarakterizə edilib. 

Əməliyyat zamanı dronlardan da istifadə edilib. 

Erməni tərəfi 3 hərbçisinin həlak olduğunu, çox sayda hərbçisinin yaralandığını bildirib. Yaralananlardan 4-nün vəziyyətinin ağır olduğu qeyd olunub.