Zelenski Rusiya qazının Azərbaycan brendi kimi tranzit edilməsinə qarşı çıxdı

Zelenski Rusiya qazının Azərbaycan brendi kimi tranzit edilməsinə qarşı çıxdı

20-12-2024 20:01 / Bu xəbər 58 dəfə oxundu

"Biz onların qanımız üzərində daha çox milyardlar qazanmasına icazə verməyəcəyik”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qazının Azərbaycan brendi altında tranzit edilməsinə imkan verməyəcəklərini deyib.

Prezident dekabrın 19-da Brüsseldə Avropa İttifaqı (Aİ) liderləri ilə görüşündən sonra bildirib ki, Ukrayna bu ilin sonundan sonra Rusiya qazının öz ərazisindən tranzitinə icazə verməyəcək.

Onun sözlərinə görə, qadağa Rusiya qazının Azərbaycan qazı adı altında Avropaya satılması riskinin qarşısını almaq üçün "Rusiyadan gələn” istənilən qaz axınına şamil ediləcək.

"Biz Rusiya qazının tranzitini uzatmaq fikrində deyilik. Biz onların qanımız üzərində daha çox milyardlar qazanmasına icazə verməyəcəyik. Dünyada Rusiyadan ucuz nəsə ala bilən istənilən ölkə sonda, bir ay, bir il fərq etməz – ondan asılı vəziyyətə düşəcək. Bu, onların siyasətidir”, – Zelenski jurnalistlərə bildirib.

"Euronews” yazır ki, bu, çox güman, Rusiya boru kəmərindən ciddi şəkildə asılı qalan və dənizə çıxışı olmayan Slovakiyanın Baş naziri Robert Fiko tərəfindən pis qarşılanacaq.

Slovakiya hər il Rusiyanın qaz inhisarı olan "Qazprom”dan üç milyard kubmetr qaz idxal edir ki, bu da onun daxili tələbatının böyük hissəsini ödəyir.

Ukrayna ilə "Qazprom” arasında Kiyevin müntəzəm gəlir əldə etdiyi əsas tranzit müqaviləsinin müddəti bu ilin sonunda bitir.

Saziş Rusiyanın Aİ-yə boru kəməri qaz ixracının yarısını təşkil edir.

Genişmiqyaslı işğalın başlanmasından bəri Rusiya boru kəməri qazının bloka ixracı kəskin şəkildə azalsa da, bəzi tədarüklər heç bir məhdudiyyət olmadan, sanksiyalardan azad olaraq axmağa davam edir.

Tranzitin başa çatması yaxınlaşdıqca, Slovakiya ölkənin enerji axınının pozulmaması üçün diplomatik səyləri gücləndirib.

Alternativ olaraq, Bratislava Qafqazda kiçik bir ölkə olan və Avropa üçün Rusiya qazını əvəz etmək üçün əlverişli variant kimi mövqe tutan Azərbaycana müraciət edə bilər.

Azərbaycanla sövdələşmələr ölkədə insan haqları vəziyyətinin zəif olması səbəbindən mübahisəlidir.

Sxemə görə, Rusiya Ukraynaya qazı "Azərbaycan qazı” adı ilə verəcək.

Azərbaycan isə eyni infrastrukturdan istifadə edərək Rusiyadan "Rusiya qazı” adı ilə qaz alacaq.

Zelenski isə dekabrın 19-da açıq şəkildə bildirib ki, belə bir aldadıcı əməliyyata dözməyəcək, Kremlin hələ də pul qazanacağını və nəticədə onun bahalı və qəddar işğalını maliyyələşdirmək üçün əsas gəlir mənbəyini saxlayacağını iddia edib.

O, Azərbaycanın adını çəkməsə də, sualı verən "Financial Times” jurnalisti qeyd edib.

"Biz elə bir oyun oynamaq istəmirik ki, başqa ölkə Rusiyadan qaz alıb, sonra da onu tranzit etsin. Bu, bu müharibədən qazanc əldə etməyə davam edərək Rusiyaya pul göndərməklə eynidir”, – Zekenski cavabında bildirib.

Ukrayna lideri qadağaya bir istisna təklif edib:

"Avropalı alıcı müharibənin sonuna qədər Rusiyaya pul ödəməməyə razılaşarsa, Ukrayna Rusiya qazının tranzitinə icazə verəcək. Lakin bu, çox güman ki, müqavilənin pozulmasına və "Qazprom” tərəfindən tədarükün dayandırılmasına gətirib çıxaracaq”.

Slovakiyanın əsas qaz alıcısı "SPP” xəbərdarlıq edib ki, Şərqdən tədarükün itirilməsi əlavə 150 milyon avroya başa gələcək.

Zelenskinin fikrincə, Ukrayna Rusiya qazının tranzitinin dayandırılması səbəbindən də itirə bilər.

"Düzünü desəm, müharibə zamanı pul haqqında danışmaq bir az utancvericidir, çünki biz insanları itiririk”, – Zelenski deyib.

Bu xəbərin Kiyev və Bratislava arasında münasibətləri daha da çətinləşdirəcəyi gözlənilir.

Slovak populistinin ötən ilin oktyabrında hakimiyyətə qayıtmasından sonra Zelenski ilə Fiko arasında gərgin münasibətlər yaranıb.

Fiko tədricən Macarıstandan Viktor Orbana qoşularaq Ukraynaya hərbi dəstəyə dərin şübhə ilə yanaşıb.

"Ukrayna NATO-ya dəvət edilməyəcək. Ərazisinin üçdə birini itirəcək. Orada xarici hərbi qüvvələr olacaq”, – Slovakiyanın baş naziri Robert Fiko Brüsseldəki sammitdən bir gün əvvəl bildirib.

Slovakiya Ukrayna və "Qazprom” arasında tranzit razılaşması bitənə qədər həll yolu tapmaq üçün həm Ukrayna hökuməti, həm də Rusiya qazından tamamilə imtinanın tərəfdarı olan Avropa Komissiyası ilə əlaqə saxlayır.

"Biz 2025-ci ildə qaz tədarükü ilə bağlı beynəlxalq səviyyədə çox gərgin danışıqlar aparırıq. Ukrayna tərəfinin siyasi bəyanatları, Şərqdən Qərbə tədarükün dayandırılması ilə bağlı təzyiqlər, tranzit rüsumları da daxil olmaqla xeyli baha olan qaz tədarükü ilə bağlı təkliflər kimi bir çox maneələr var ki, biz onları rədd edirik. Geosiyasi səbəblərə görə qaza tələb olunandan artıq pul ödəməyə səbəb görmürük”, – Slovakiyanın Baş naziri ötən həftə bildirib.

"Euronews” yazır ki, Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması Avstriya və Macarıstana da təsir edə bilər.

Bu ayın əvvəlində Avstriyanın "OMV” kommunal şirkəti Rusiya təchizatını kəsdikdən sonra "Qazprom”la uzunmüddətli müqaviləni ləğv edib, kansler Karl Nehammer bunu "şantaj” hesab edib.

Rusiya ilə Ukrayna arasında nə baş verib?

Rusiya Ukraynaya qarşı 2022-ci il fevralın 24-də müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Yüzlərlə rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunub.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.