Zelenski: “Rusiya sülh sözünü başa düşmür, ona güc göstərmək lazımdır”

Zelenski: “Rusiya sülh sözünü başa düşmür, ona güc göstərmək lazımdır”

03-09-2022 13:58 / Bu xəbər 800 dəfə oxundu

"Rusiya sülh sözünü başa düşmür, amma döyüş meydanında gücü çox yaxşı hiss edir”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Ambrosetti” illik beynəlxalq iqtisadi forumunda çıxışı zamanı deyib.

V. Zelenski deyib ki, güc Ukrayna, azad dünyanın tərəfində olmalıdır:

"Xüsusilə dünyanın Rusiyanın təcavüzünə qarşı özünümüdafiə kimi istifadə etdiyi sanksiyaları Rusiya yaxşı hiss edir”.

"Avropada biznesin arxasında ilk növbədə güc dayanmalıdır. Heç bir şirkətin reputasiyası şüa xəstəliyinə tab gətirə bilməz. Ona görə də radiasiya şantajına keçmiş bir ölkə ilə münasibətləri dərhal dayandırmaq lazımdır. Siz fəlakətlərin baş verməsini gözləməyin, bunu proqnozlaşdıra bilən tərəfdaşlara tərəf gedin. Ukrayna məhz belə tərəfdaşdır”, – deyə o əlavə edib.

Prezident bir daha avropalı tərəfdaşlarına müharibənin hələ də davam etdiyini və Rusiya raketlərinin Ukrayna torpaqlarına düşdüyünü xatırladıb:

"Hər gün insanları itiririk. Sizə bir dəhşətli rəqəmi xatırlatdım: 379. Bu qədər ukraynalı uşaq rusların zərbələri nəticəsində həlak oldu. 735-dən çox uşaq xəsarət alıb. Azad dünya və Avropa ilə birlikdə bu müharibəni bitirmək gücümüz var”.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.