Zelenski: "Ukrayna Krımı döyüş meydanında qaytarmağa hazırdır"

Zelenski:

25-11-2022 23:34 / Bu xəbər 610 dəfə oxundu

"Ukrayna hakimiyyəti Krım da daxil olmaqla bütün ərazilərini qaytarmaq niyyətindədir"

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın "Financial Times” qəzetinə müsahibəsində bildirib.

"Biz bütün torpaqları geri qaytarmalıyıq, çünki mən hesab edirəm ki, diplomatiya olmayanda seçim kimi ancaq döyüş meydanı qalır. Əgər torpaqlarınızın hamısını geri ala bilmirsinizsə, müharibə sadəcə olaraq dondurulur. Onun yenidən başlaması isə zaman məsələsidir”, - deyə Zelenski  müsahibəsində deyib.

"Financial Times” qeyd edir ki, Kiyevin Qərb tərəfdaşlarından bəziləri Ukraynanın Krımı geri almaq cəhdinin Moskvanın eskalasiyasına, o cümlədən nüvə silahından istifadəsinə səbəb olacağından narahatdır. Müsahibə zamanı Ukrayna prezidenti etiraf edib ki, Krımın taleyi beynəlxalq ictimaiyyəti qayğılandırır: 

"Başa düşürəm ki, hamı vəziyyətdən və Krımın taleyinin necə olacağından narahatdır. Əgər kimsə bizə qeyri-hərbi yolla Krımı işğaldan azad etmək yolunu təklif etməyə hazırdırsa, mən yalnız onun tərəfdarı olacam. Yox əgər bu təklif işğalın aradan qaldırılması ilə bağlı deyilsə və Krımı Rusiya Federasiyasının bir hissəsi kimi qəbul edirsə, onda heç kim vaxt itirməməlidir".

Müsahibə zamanı Zelenski Qərb tərəfdaşlarını Ukraynanın kritik infrastrukturu qorumaq üçün daha çox hava hücumundan müdafiə vasitələri, həmçinin qəza generatorları üçün dizel yanacağı və elektrik çatışmazlığını aradan qaldırmaq üçün əlavə qaz tədarük etməyə çağırıb.

Noyabrın 23-də Rusiya Ukraynanın enerji obyektlərinə zərbələr endirib, nəticədə ölkə ərazisinin 80%-i işıqsız və susuz qalıb. 

"Financial Times"-ın məlumatına görə, infrastruktur naziri Oleksandr Kubrakov hesab edir ki, Ukraynanın enerji sistemini bərpa etmək üçün bir neçə yüz milyon dollara ehtiyac var.