Zəlzələdən zərərçəkən: İcra başçısının müavini dedi ki, 500 manat ver, evi bərpaya salaq

Zəlzələdən zərərçəkən: İcra başçısının müavini dedi ki, 500 manat ver, evi bərpaya salaq

16-12-2019 15:22 / Bu xəbər 1906 dəfə oxundu

"Ağsuda ancaq pulu olanlara ev tikirlər”

"Həyat yoldaşım 38 yaşındaykən avtomobil qəzasında həyatını itirdi. Mənim 26 yaşım var idi, iki körpə uşaqla qaldım bu damın altında. Bir qarnı ac, bir qarnı tox, uşaqlarımı böyütdüm. Evləndirdim, indi onlar oğul-uşaq sahibidirlər. Bu illər ərzində gücüm yalnız onları yedirib-geyindirməyə çatdı. Ona görə də qayınatamdan qalma 70 ilin evinə əl gəzdirə bilmədim”.

Bu sözləri Meydan TV-yə Ağsu rayon sakini Yadigar Qurbanova söyləyir. Dediyinə görə, 2019-cu ilin əvvəlində baş verən zəlzələ nəticəsində Heydər Əliyev küçəsi 51 ünvanında yerləşən ikiotaqlı evləri qəzalı vəziyyətə düşüb:

"İki gəlinim, iki oğlum və onların uşaqları, hamımız ikiotaqlı evdə yaşayırıq. Ev çox köhnədir, uçub başımıza tökülməyinə lap az qalıb. Üstəlik, bu ilin əvvəlində zəlzələ oldu, ev daha da qəzalı vəziyyətə düşdü. Fevralda zəlzələ oldu, mart ayında Ağsu Rayon İcra Hakimiyyətinə müraciət etdik ki, evimizə baxış keçirsinlər. Gəlib, bir dəfə baxıb getdilər. Sonradan məlum oldu ki, evə təmir yazıblar. Ardınca fəhlələr gəldi ki, bəs biz buranı təmir edəcəyik. Özləriylə iki kisə sement, bir qab da emulsiya gətirmişdilər. Guya evi onunla təmir edəcəkdilər. Baxdılar, dedilər ki, biz bu evə əlimizi vura bilmərik uçur, sonra da çıxıb getdilər”.

"İki gəlinim, iki oğlum və onların uşaqları, hamımız ikiotaqlı evdə yaşayırıq"
 

Mənbə: Meydan TV

Yadigar Qurbanova təkrar Ağsu Rayon İcra Hakimiyyətinə müraciət edib, lakin heç bir müsbət nəticəsi olmayıb:

"İcra başçısının müavini İqbal Mikayılov mənə dedi ki, beş yüz manat ver, evi bərpaya salaq. Beş min manat versən evi yenidən tikərik. Mən də cavabında dedim ki, tək qadınam, işləmirəm. Bir yerdən köməyim yoxdur. Evdə də iki xəstə uşaq var. On ildir ki, xəstəxana yollarında qalmışıq. Ağsuda ancaq pulu olanlara ev tikirlər. Dövlətlilər imkan vermir ki, kasıbların da evlərinə baxsınlar.

Fövqəladə Hallar Nazirliyinin Zəlzələ bölgəsi üzrə Qərargahının rəisi Həsən Qasımzadəyə dedim ki, gəlin evə baxın, özünüz qərar verin. Söz verdi ki, gələcəyəm, üstündən dörd ay keçib, heç bir xəbər-ətər yoxdur.

Yağış yağanda suyun hamısı evin içindədir. Vanna, vedrə qalmır, hamısını qoyuruq ortalığa. Siçan, siçovul doludur, üç-dörd dəfə evin içində ilan öldürmüşük. Kərtənkələdən qorxmuruq artıq. Hər deşikdən çıxmağına vərdiş etmişik”.

Ağsu Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavanşir Nəsibov Meydan TV-yə bildirib ki, şikayətçinin ittihamları əsassızdır:

"İqbal Mikayılov artıq icrada işləmir. Özünüz bilirsiniz ki, vəzifədən gedən adamın arxasınca çox söz deyirlər. Belə hal heç bir halda mümkün deyil. Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə daxil olan işi İqbal Mikayılov heç cür öz üzərinə götürə bilməz, ortada heç bir fakt yoxdur.

Yadigar Qurbanova
Mənbə: Foto: Meydan TV

Burada elə adamlar var ki, Ağsunu pis mənada bütün respublikada tanıtdılar. Söhbət qadınlardan gedir. Kişi səhər saat 5-dən gətirib həyat yoldaşını icraya qoyur. Qadınlar axşama kimi burada otururlar. Özü də bu, bir-iki günün söhbəti deyil. 2019-cu il fevral ayının 6-7-dən hər gün bura gəlirlər. Başa salırıq, köhnə, sonra da yeni başçı dəfələrlə deyib ki, gəlməyin. Üstəlik, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı da bildirir ki, adınız siyahıdadır, növbəti gün yenə də gəlib, burada dayanırlar.

İkinci bir məsələ odur ki, pul ayrılıb deyə hamıya birmənalı olaraq ev tikilməli deyil. Baxış keçirilir, müəyyən edilir ki, dam örtüyü dəyişdirilməli, yaxud da divardakı çatlar örtülməlidir. Qeydiyyat aparıldıqdan sonra bilinir ki, evə yüz, yaxud min manatlıq təmir vəsaiti xərclənəcək. Biri baxır ki, qonşusuna ev tikiblər, deyir ki, mənə də tik. Evi olan adamlara yenisinin tikilməsinə gəlincə, FHN bizdən asılı olan təşkilat deyil, bu işlərə biz qarışa bilmərik.

Əgər vətəndaş konkret yazır ki, mənim evim uçub, onda baxış keçirilir. Baxışı onlar keçirir, bütün səlahiyyəti də onlar öz üzərlərinə götürməlidir. Şikayətçilərin icra hakimiyyəti ilə bağlı ittihamları əsassızdır, biz ev tikən qurum deyilik”.

"Yağış yağanda suyun hamısı evin içindədir".
Mənbə: Meydan TV