Zəngilan şəhəri işğaldan azad edilib

Zəngilan şəhəri işğaldan azad edilib

20-10-2020 15:54 / Bu xəbər 930 dəfə oxundu

Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad edilib.

Bu barədə məlumatı Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı elan edib.

O, Füzuli, Cəbrayıl və Zəngilanın bəzi kəndlərinin də işğaldan azad edildiyini bildirib.

Bunlar Füzuli şəhərinin Dörd Çinar, Kürdlər, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Qarğabazar, Cəbarayılın Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavəndin Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen olub), Vəng, Zəngilanın Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləridir.

Prezident Xocavəndin azad edilən Vəng kəndinin adını dəyişərək Çinarlı edib.
 
Zəngilan şəhəri Kiçik Qafqaz dağ silsiləsinin cənub-şərqində, Araz çayının sol sahilində yerləşir.

Qərbdə və şimal-qərbdə Ermənistan Respublikasının Sünik mərzi ilə, cənubda və cənub-şərqdə İran İslam Respublikasının Şərqi Azərbaycan ostanı ilə həmsərhəddir.

Zəngilan 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

Rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmışdı və on minlərlə insanın həyatı təhlükəyə düşmüşdü.

Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olmuşdular.

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir.

Oktyabrın 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında yenidən humanitar atəşkəs razılaşması imzalanıb.