Zərdab sakinləri: "İcra başçısı torpaqlarımızı işbazlara satır"

Zərdab sakinləri:

03-07-2020 16:49 / Bu xəbər 1117 dəfə oxundu

Zərdabın Gödəkqobu kənd sakinləri icra başçısı Mərdan Camalzadənin fəaliyyətindən narazıdırlar. 

Bu barədə kənd sakinləri prezidentə müraciət ünvanlayıblar.

Gödəkqobuda örüş torpaqlarının bir qrup işbazlar tərəfindən zəbt edildiyini deyən sakinlər onların qanunusuz əkilməsindən və bələdiyyəyə məxsus torpaq sahələrinin saxta müqavilə sənədləri əsasında icarə adı ilə tutulmasından şikayətçidirlər. 

Onların sözlərinə görə, bu barədə dəfələrlə icra başçısına müraciət etsələr də, şikayətlərinə məhəl qoyan olmayıb. 

"İcra başçısının yarıtmaz fəaliyyətindən və etdiyi qanunsuzluqlardan intihar həddinə çatdıqlarını" deyən kənd sakinlər çıxış yolunu prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya şikayət yazmaqda görüblər. 

"Biz bu şikayət ərizəsini aşağıda imza edənlər Zərdab Rayonu Gödəkqobu kənd sakinləri Zərdab rayon icra başçısı Mərdan Camalzadənin yarıtmaz fəaliyyətinə və üzləşdiyimiz qanunsuzluqlara görə intihar həddinə çatmışıq. Belə ki, bizim şikayətlərimizə baxılmır bunun üçün üzləşdiyimiz problemlərə görə əziyyət çəkirik, dövlət büdcəsinə küllü miqdarda ziyanlar dəyir. Zərdab Rayon İcra Hakmiyyəti başçısı vəzifəsinə yeni təyin olunduğu vaxtlarda Mərdan Camalzadə bizi qəbul edib uzağı 10 gün müddətində araşdırıb problemi həll edəcəyinə söz versə də, heç bir tədbir görmədi. Çünki Mərdan Camalzadə ancaq öz maraqları düşündürür.Bu adam heç vaxt vətəndaşların problemin həll etməyib. Şirvan şəhərində necə Zərdab rayonunda da elə yaramaz fəaliyyəti ilə insanların nifrətin qazanıb", - ölkə başçısına ünvanlanan şikayət məktubunda deyilir.

Məktubda bildirilir ki, Zərdabın Gödəkqobu kəndində örüş torpaqları bir qrup işbazlar tərəfindən zəbt edilib qanunsuz əkilib, bələdiyyəyə məxsus torpaq sahələrinin böyük hissəsi saxta müqavilə sənədləri əsasında uzun müddətli icarə adı ilə tutulub: 

"Özümüzə məxsus əkin sahələrimizi sulaya bilmirik. Çünki kənd sakinlərinə ayrılan su kənddə zəbt olunmuş 3 böyük təbii gölə verilir.Hansı ki, həmin göllərin saxta sənədlərlə icarəyə verilməsi subut olunub.Həmin təbii göllərin saxta icarə müqavilələri ilə zəbt edilməsi barədə aidiyyatı qrumlara o cümlədən də icra başçısı Mərdan Camalzadəyə ərizələrlə müraciətlər etmişik. Ancaq heç bir araşdırma aparılmayıb tədbir görülməyib".

Sakinlər icra başçısının da bu qanunsuzluqda ortaq olduğunu deyirlər. Onlar həmçinin icra başçısının etdiyi qanunsuzluqlara şərik kimi Zərdab Su Asossaiyasının müdiri Əlif Paşayevin əmisi oğlu Şahin Paşayevi, Mərdan Camalzadənin Səməd adlı köməkçisini və Zərdab Rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyevi də göstəriblər: 

"Gödəkqobu kənd Su Asossaiyasının müdiri Əlif Paşayev kəndə ayrılan suyu əmisi oğlu Şahin Paşayevin zəbt etdiyi 10 hektar ərazini əhatə edən təbii gölə verir.Şahin Paşayev həmin göldə yetişdirdiyi balıqları quş zığı ilə qidalandırıb əhaliyə satır. Bu isə insan orqanizmi üçün ciddi təhlükə yaradır. Şahin Paşayev adlı işbaz təbi gölün üzərində qanunsuz olaraq mişar daşından böyük imarət inşa etdirib.Şahin Paşayev adlı işbaz baramaçılığın inkişafə üçün salınmış 3 hektar tut bağını qanusnuz olarq kəsdirib yerində meyvə ağacları əkmişdir. Gödəkqobu kəndində yerləşən 17 hektar ərazini əhatə edən təbii gölün biri isə icra başçısının Səməd adlı köməkçisi tərəfindən zəbt edilib. Həmin gölə nəzarəti Pərviz Həmidov adlı kənd sakininə tapşırıb.Gödəkqobuda yerləşən 3 böyük təbii göldən hər il tonlarla balıq əldə edilib satılır. Əldə olunan gəlirdən dövlətə vergi yox icra başçısı Mərdan Camalzadəyə haqq verilir. Kənd sakinlərinə su zülmü yaşadan icra başçısı Mərdan Camalzadə Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Mircəlal Mirzəyev sanki Zərdab rayonu Gödəkqobu kənd sakinlərinə qənim kəsiliblər".

Şikayətçilər deyirlər ki, Mərdan Camalzadənin icra başçısı təyin edildikdən bir neçə gün sonra yaratdığı komissiyanın da fəaliyyəti formal xarakter daşıyıb: "Mərdan Camalzadə Zərdaba icra başçısı təyin olunandan bir neçə gün sonra iclas keçirdi kənd sakinlərini qəbul etdi komissiya yaradılmasına tapşırıq verdi. Guya məqsədi kəndlərdə zəbt edilmiş qanunsuz əkilmiş örüş torpaqlarını azad edib sakinlərin istifadəsinə qaytaracaq. Ancaq sonradan işbazların gücü və Mərdan Camalzadənin iştahı zəhmətkeş insanlara qalıb gəldi. Mərdan Camalzadənin yaratdığı komissiya formal xarakterli işlər görür.Kənddə gəlib boş-boşuna iclas keçirib şəkil çəkdirib getdilər.Ancaq heç bir problem həll edilmədi necə deyərlər "köhnə hamama köhnə tas".Həmin komissiyanın üzvüləri İcra hakimiyətində şöbə müdiri Ramiz Məmmədov, YAP-ın Zərdab rayon Təşkilatının sədri Pərvin Mahmudova və "Aqrolizinq" ASC-nin Zərdab rayon şöbəsinin müdiri Namiz Rüstəmovdur"

"Gödəkqubu kəndinin 3000 nəfər əhalisi var.Əhalinin əsas məşğuliyyti maldarlıq və əkinçilikdir.Suyun olmaması, örüş torpaqlarının zəbt edilərək əkilməsi, 3 böyük təbii gölün saxta sənədlərlə tutulması kənd əhalisin dilənçi günündə yaşamasına səbəb olub. Kənd bələdiyyəsi Kapitay İxtiyarov uzun müddətdir bu vəzifəni tutb atasının əmlakı kimi idarə edir. Zərdab sakinləri sevindilər ki, Lütvəli Babayev getdi işləyən birisi gəldi. Ancaq belə olmadı, Mərdan Camalzadə öz fəaliyyətsizliyi korrupsiya əməlləri ilə Lütvəli Babayevin ölənlərinə rəhmət oxutdurur", - şikayətdə deyilir. 

Prezident və Birinci vitse-prezidentə ünvanlanan məktubu adları aşağıda qeyd olunan sakinlər imzalayıb: 

Əzizov Abduləli Namizəd oğlu 
Əhədov Abdulhəmid Abduləhəd oğlu 
Əhədzadə Ramin Abdulhəmid oğlu 
Rüstəmov Müslət Məhəmməd oğlu 
Dadaşov Daşqın Tapdıq oğlu 
Nemanov Əfqan Məhəmməd oğlu 
Eyvazov Nuru Sərdar oğlu 
Musayev Ruslan Əkbər oğlu 
Aslanov Məzahir Məhəmməd oğlu 
İbadov Elməddin Əhməd oğlu 
Seydov Faxrəddin Seyd oğlu 
Zahidov Sehran Zahid oğlu 
Əhmədxanzadə Fuad Mehman oğlu 
Rüstəmov Xəyal Eldar oğlu 
Cavadov Mətləb Pənah
Cəlilov Seyfəddin Yunus oğlu 
İsmiyev Temur Qasan oğlu
Bozayev Rəşad İsrafil oğlu 
Məmmədov Famil Qabil oğlu
Məmmədov Oktay Qabil oğlu 
Eminov Eşqin İsrafil oğlu 
Ağaməmmədov Şahin Şıxlı oğlu 
Ağaməmmədov Şıxəli Şəxlı oğlu 
Zahidov Pəviz Fərrux oğlu
Cavadov Nicat Mətləb oğlu 
Əhədov Elçin Ata oğlu 
İsayev Vurğun Yaqub oğlu 
Cəlilov Bilal Səməd oğlu 
İsayev Rza Yaqub oğlu
Cəlilov Fərid Nəbi oğlu
Əliyev Asif Ağasəf oğlu
Nemanov Xələf Məhəmməd oğlu 
Əhədov Xaləddin Ələmdar oğlu 
Davudov Qüdrət Həmzət oğlu 
Soltanov Aslan Əhməd oğlu
İsayev Rəsul Yaqub oğlu
 
Zərdab Rayon İcra Hakimiyyətinin Mətbuat xidmətindən Arqument.az-a bildirilib ki, Gödəkqobu kənd sakinlərinin internet saytlarında dərc olunan müraciəti həqiqəti əks etdirmir: "Zərdab rayonunun bir sıra kəndlərinin sakinləri tərəfindən Rayon İcra Hakimiyyətinə məktubla və müxtəlif sosial şəbəkələr vasitəsilə bələdiyyə torpaqlarının, o cümlədən ümumi istifadədə olan örüş torpaqlarının ayrı-ayrı şəxslər tərəfindən zəbt olunması və qanunsuz istifadə edilməsi barədə kollektiv müraciətlər daxil olmuşdur. Məlumat üçün bildiririk ki, bütün kəndlər ərazisində torpaqların zəbt olunması 2020-ci ilə kimi baş vermişdir. Vətəndaşların müraciətləri mütəxəssislər tərəfindən araşdırılmış və 18.02.2020-ci il tarixdə Rayon İcra Hakimiyyəti Başçısının 18 nömrəli sərəncamı ilə xüsusi komissiya yaradılmışdır".

"Gödəkqobu kənd sakinlərinin kollektiv müraciətinə əsasən may ayında vətəndaşların ümumi rəyləri nəzərə alınmaqla 3 nəfər kənd sakinini cəlb etməklə komissiya tərəfindən araşdırmalar aparılmışdır. Komissiya ilk növbədə bələdiyyənin torpaq sahələrinə, o cümlədən ümumi örüş sahələrinə, sonra isə komissiyaya təqdim olunmuş sənədlərə (icarə müqaviləsi, mülkiyyət və icarə hüququnu təsdiq edən sənədlər və s.) baxış keçirmişdir. Müəyyən olunmuşdur ki, Gödəkqobu bələdiyyəsinin mövcud xəritə üzrə (2004-cü ildə təsdiq olunmuş) sahəsi 474,61 hektardır. Ümumi örüş torpaqlarının 106,25 hektarı ümumi istifadədə saxlanılmışdır, hazırda boşdur və kənd əhalisinin istifadəsindədir. Gödəkqobu bələdiyyəsi üzrə mövcud təbii sututarın 28,3 hektarı müqavilə əsasında balıqçılığın ikişaf etdirilməsi məqsədi ilə 3 nəfərin istifadəsinə və icarəsinə verilmişdir. Həmin sututarların icarəyə verilməsi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmaqla, şəhadətnamə ilə qeydiyyata alınmışdır. Hamıya məlum olduğu kimi bütün aran rayonlarında o cümlədən Zərdab rayonunda da suvarma suyunun verilməsində müəyyən çətinliklər vardır", - açıqlamada deyilir. 

"Buna banmayaraq hazırda Gödəkqobu kəndində növbəlilik əsasında pambıq və yonca sahələrinin suvarılması təmin edilir. Hazırda zəbt edilmiş örüş sahələrinin və təbii sututarların boşaldılması ilə əlaqədar Gödəkqobu bələdiyyəsinə komissiya tərəfindən müvafiq göstərişlər verilmişdir. Zəbt olunmuş torpaq sahələrinin və sututarların (göllər) ayrı-ayrı şəxslər tərəfindən könüllü şəkildə boşaldılmayacağı təqdirdə müvafiq sənədlərin toplanaraq məhkəməyə müraciət edilməsi bələdiyyəyə tövsiyə olunmuşdur. Hazırda ayrı-ayrı fiziki şəxslər tərəfindən qanunsuz zəbt edilmiş torpaq sahələrinin Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin tapşırığı ilə boşaldılması üzrə tədbirlər davam etdirilir. Gödəkqobu kənd sakinlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı və bəzi internet saytlarında icra başçısı barədə yazılmış ifadələr böhtan xarakterli olmaqla heç bir hüquqi əsası yoxdur. Şər, böhtan danışan vətəndaşlar barədə Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmədə iddia qaldırılacaqdır", - İcra Hakimiyyətindən bildirilib.
 
Samirə