Zeynəb Xanlarova Tofiq Yaqublu ilə bağlı prezidentə müraciət etdi

Zeynəb Xanlarova Tofiq Yaqublu ilə bağlı prezidentə müraciət etdi

17-09-2020 17:46 / Bu xəbər 1513 dəfə oxundu

Azərbaycanın Xalq artisti, sabiq deputat Zeynəb Xanlarova müxalif fəal Tofiq Yaqublu ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Xalq artistinin müraciətini vəkil Aslan İsmayılov feybuk səhifəsində yayıb. 

Vəkil bildirib ki, müraciəti yaymağı ondan Zeynəb Xanlarova özü xahiş edib.

Zeynəb Xanlarova dövlət başçısından 16 gündür aclıq aksiyası keçirən Tofiq Yaqublunun azad etməsini istəyib:

"Bu gün Sizə Qarabağ qazisi, şəxsən tanıdığım, hörmətlə yanaşdığım və mənim yaradıcılığımın vurğunu olan Tofiq Yaqublu ilə bağlı müraciət edirəm. Əminəm ki, Tofiq dövlətimiz, millətimiz üçün ziyanlı addım atmaz. Bu gün onun uzun müddət həbsdə olmasını haqsızlıq kimi dəyərləndirib Sizdən şəxsən xahiş edirəm ki, onun azadlığa buraxılmasına köməklik edəsiniz. Tofiqi mərd Azərbaycan kişisi kimi tanıyıram, bala acısı görmüş adamdır. Bu gün onun həbsdə olması ilə bağlı aclıq etməsi faciə ilə sonuclana bilər. İnanıram ki, belə mövzularda ilk dəfə olaraq Sizə müraciət etməyimi nəzərə alacaqsınız”.

Xalq artisti müraciətində son olaylara da münasibətini ifadə edib:

"Son dövrlərə qədər meydan sulayanlar rəhmətlik Heydər Əliyevdən üz döndərəndə heç nəyə baxmayaraq ona hörmətimi açıq ifadə etmişəm və onun Dövlətimiz, Xalqımız, mədəniyyətimiz üçün etdiklərini heç vaxt unutmamışam, açıq demişəm və bu gün də, sabah da eyni fikirdə qalacam. Buna görə də Azərbaycan xalqına və mədəniyyətinə düşmən kəsilənlər əllərində olan imkanlardan istifadə edib uzun illər haqqımda şər-böhtan tirajlayıblar. Bilirsiniz ki, mən mədəniyyət adamıyam və daim siyasətdən uzaq olmağa çalışmışam, ancaq Dövlətimiz, Millətimiz üçün çox vacib olan məsələlərdə susmamışam və susmayacam. Son dövrlər etdiklərinizi bütün varlığımla alqışlayıram və əminəm ki, Dövlətimiz, Xalqımız üçün daha uğurlu işlər görəcəksiniz”.

Martın 22-də Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşya vasitəsilə zərəçəkmiş şəxsə zor tətbiq etmək, xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb və həbs edilib. O, sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. Siyasi fəal hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Sentyabrın 12-də siyasi fəal hospitala köçürülüb. Vəkillərinin və yaxınlarının sözlərinə görə, T.Yaqublu artıq sudan da imtina edəcəyini deyib. Yaxınlarının sözlərinə görə, belə olarsa, onun hər an komaya düşə biləcəyi gözlənilir. Beynəlxalq təşkilatlar T.Yaqubluya qarşı ittihamların geri götürülməsini tələb edir, onun həbsini siyasi sifariş sayırlar. Bir çox avropa ölkəsində, Kanadada və Türkiyədə T.Yaqubluya dəstək aksiyaları keçirilir. 10 gündür bir qrup fəal Berlində, Almaniya kansleri Angela Merkelin ofisi önündə çadır quraraq aclıq aksiyası keçirir. Onlar T.Yaqublunun haqsız həbs olunduğunu, təcili azad olunmasını tələb edirlər.