“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 5 nəfər həyatını itirib

“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 5 nəfər həyatını itirib

03-06-2024 23:20 / Bu xəbər 571 dəfə oxundu

İşçilərin zəhərləndiyi bildirilir

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) "Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 5 nəfər işçi zəhərlənərək həyatını itirib. 

Hadisə iyunun 3-də axşamüstü saat 17.00 radələrində zavodun 61 saylı üzən tərsanəsində baş verib.

Hadisə yerinə 10-a yaxın Təcili Tibbi Yardım briqadası gəlib. 

5 nəfər – Tural Səfərəliyev, Namiq Yolçuyev, Teyyub Ağayev, Orxan Şahbazov və Səmid Məmmədov həkimlər gələnə qədər ölüb. 

Daha iki nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırmalar başlayıb.

"Hazırda prokurorluq əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yeri müayinə olunur. Eləcə də digər zəruri prosessual hərəkətlər icra edilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə bildirilib.