Ziddiyyətli statistika

Ziddiyyətli statistika

16-04-2022 17:00 / Bu xəbər 2650 dəfə oxundu

Son illər Azərbaycanda bir tendensiya özünü göstərir. Eyni məsələ ilə bağlı Dövlət Statistika Komitəsi bir rəqəm deyir, dövlət başçısı və ya baş nazir ayrı rəqəm. 

Statistika Komitəsinin məlumatına görə, bu ilin 3 ayında inflyasiya əhalinin gəlirlərini təqribən 1 faiz üstələyib, ərzaq inflyasiyası 17 faiz olub. 

Amma aprelin 12-də prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə deyib ki, ərzaq inflyasiyası 18 faiz olub, əhalinin gəlirləri 20 faiz artıb.

Bu ziddiyyət nədən yaranır? Əhalinin gəlirləri həqiqətənmi 20 faiz artıb? Əgər söhbət büdcə təşkilatlarında çalışanlardan  bəzilərinin əməkhaqqının 20 faiz artmasından gedirsə, onlar əhalinin məşğul hissəsinin neçə faizini əhatə edir?

Dövlət Statistika Komitəsindən "Turan"a bildirilib ki, bu ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-mart aylarına nisbətən 12,2 faiz artıb. 

Həmin dövrdə ərzaq məhsulları, içkilər və tütün məmulatları 17 faiz, qeyri-ərzaq məhsulları 6,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 10,1 faiz bahalaşıb.

Qeyd olunub ki, bu ilin mart ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən ərzaq məhsullarına 2,175 milyard manat xərclənib. 

Bu göstərici 2021-ci ilin eyni dövrü ilə müqayisədə 20,5 faiz, fevral ayı ilə müqayisədə isə 31,6 faiz artıb. 2022-ci ilin ilk rübündə ərzaq məhsullarına 5,609 milyard manat xərclənib ki, bu da illik müqayisədə 2,9 faiz çoxdur. Sözügedən məhsullar pərakəndə ticarət şəbəkəsi dövriyyəsinin 51 faizini təşkil edib.

Eyni zamanda qurumdan vurğulanıb ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 9 282,9 milyon manat və ya hər nəfərə orta hesabla 924,5 manat təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin nominal gəlirləri 15,7 faiz, adambaşına düşən gəlirlər isə 15,3 faiz artıb. Mart ayında da artım müşahidə edilib. Ümumilikdə 3 ay ərzində ötən illə müqayisədə artım 20 faiz təşkil edib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Turan"a bildirilib ki İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması ölkədə sosial ödənişlərin ardıcıl şəkildə artırılmasında öz təsdiqini tapır.  

Nazirlikdən qeyd olunub ki, 2019-cu ildə sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə daha çox artıb. 2020-ci və 2021-ci illərdə də sosial ödənişlərdə  növbəti artımlar edilib. 

Pandemiyanın məşğulluğa və rifaha mənfi təsirlərinin qarşısının alınması üçün genişmiqyaslı dəstək proqramları icra olunub. 

2022-ci ilin əvvəlindən isə 3,4 milyon şəxsi əhatə edən əməkhaqqı, pensiya və digər sosial ödənişlər artırılıb və bunun üçün illik əlavə olaraq 2,1 milyard manat ayrılıb.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, Azərbaycanda statistik məlumatların bir- birindən fərqlənməsi ilk dəfə deyil baş verir: "Dəfələrlə bunun şahidi olmuşuq. Hətta rəsmi şəxslərin çıxışı ilə statistik rəqəmlər arasında bəzən daha böyük fərqlər yaranıb. İndi ərzaq inflyasiyası ilə bağlı belə bir kazus yaşandı. Rəsmi məlumata görə, ölkədə ərzaq inflyasiyası səviyyəsi 17,2 faizdir, sadəcə, dövlət başçısı yəqin bunu yuvarlaq şəkildə 18 faiz səviyyəsində dedi. Daha sonra baş nazir buna düzəliş etməyə çalışdı və inflyasiya strukturu haqqında tam anlaşılmayan nitq söylədi". 

Gəlirlərin artımı ilə bağlı ekspert qeyd edib ki, ölkədə muzdla çalışanların sayı 1 milyon 700 mindir: "Ondan 900 mindən bir az yuxarısı dövlət sektoruna aiddir. Burada indeksləşmə qanunvericiliyə uyğun olaraq sahələr üzrə aparılır. Ortalama rəqəmin 20 faiz olduğu deyilir. Yəni, belə bir dövlət qulluqçuları var ki, onların maaşları 40 faiz, bəzilərinin 8-9 faiz artıb. Ortalama ilə isə 20 faiz artığını söyləyirlər". 

Amma onun sözlərinə görə, ölkədə özəl sektorda muzdla çalışan 700 min adam var ki, qanunvericilikdə onların əməkhaqqının artımı ilə bağlı heç bir öhdəlik yoxdur: "Sadəcə, minimum əməkhaqqı artırılanda özəl sektorun öhdəliyi bundan az maaş verməməkdir. Yəni, işəgötürən minimum əməkhaqqından aşağı əməkhaqqını verə bilməz. Amma bundan yuxarı maaş işəgötürənlə işçi arasında müəyyənləşdirilir və belə bir qayda yoxdur ki, mütləq indeksləşmə aparılmalıdır, maaşlar 10-20 faiz artmalıdır. Ona görə də göstərilən dövr ərzində özəl sektorda maaşlar o qədər artmayıb". 

İqtisadçı hesab edir ki, ümumilikdə ölkə əhalisinin gəlirlərinin ortalama 20 faiz artdığını demək doğru yanaşma deyil: "İnkişaf etmiş ölkələrdə artım sahələr üzrə açıqlanır. Məsələn, bank sektorunda bu qədər, səhiyyə sektorunda bu qədər, təhsil sektorunda bu qədər artıb. Əsas kimi bu metodologiya götürülməlidir".