Ziya Məmmədova etiraz edən vətəndaş aclıq aksiyasına başlayıb

Ziya Məmmədova etiraz edən vətəndaş aclıq aksiyasına başlayıb

01-03-2021 18:08 / Bu xəbər 1296 dəfə oxundu

"Ziya Məmmədov haqqında ciddi tədbir görülsün"

"Sabiq nəqliyyat naziri Ziya Məmmədovun göstərişi ilə ailəmizin yeganə gəlir mənbəyi olan avtoyuma məntəqəsi qanunsuz olaraq dağıdılıb, yerində başqa obyekt tikilib. Ona etiraz olaraq aclıq aksiyasına başlayıram”.

Ucar şəhəri, Oğuz küçəsi ev 41 ünvanında yaşayan Tehran Əliyev Meydan TV-yə belə deyir.

O bildirib ki, ailəsinə məxsus 460 kvadratmetrlik torpaq sahəsi 2009-cu ildə sökülərək, yerində şahmat məktəbi inşa olunub: "2009-cu ildə icra hakimiyyətindən nümayəndələr gəldilər ki, Ziya Məmmədovun əmri var, bu ərazidəki bütün tikililər söküləcək. Mən də dedim ki, buranı söksəniz, balalarımı necə dolanacağam? Bildirdilər ki, narahat olma, müvafiq yerdən sizə torpaq sahəsi veriləcək. Mən də razılaşdım, düşündüm ki, başqa yerdən torpaq sahəsi verirlərsə, etiraz etməyim. Bu hadisədən sonra Rusiyada erməni tərəfindən şərlənərək həbs edildim. Daha sonra Azərbaycana ekstradasiya olundum, 2020-ci il dekabrın 28-də azadlığa çıxdım. Bu müddət ərzində əvvəlcə qardaşım, daha sonra da atam vəfat etmişdi, anam isə tək qalmışdı. Onlar bundan istfadə edərək, bizə veriləcək torpaq sahəsini mənimsəyiblər. Mən də on il altı ay ərzində Ucarda baş verənlərdən xəbərsiz olmuşam”.

Baxış aktı
Mənbə: Meydan TV

"İcra başçısı dedi ki, ərazi Ziya Məmmədovun göstərişi ilə sökülüb"

Tehran Əliyev həbsdən çıxandan sonra məsələ ilə bağlı Ucar Rayon İcra Hakimiyyətində olub, ona vəd edilən torpaq sahəsini tələb edib: "İcra başçısının qəbulunda olanda, ona dedim ki, məni heç bir işlə təmin etmirsiniz, heç olmasa torpağımı qaytarın. İş qurum, azyaşlı övladlarımı dolandırım. O da cavabında dedi ki, ərazi Ziya Məmmədovun göstərişi ilə sökülmüş yerdir. Get, hara istəyirsən şikayət et. Həmin ərazinin atam İslaməli Əliyevə aid olmasına dair əlimdə sənədim var. Atam 460 kvadrat metrlik torpaq sahəsini 2005-ci ildə Ucar Bələdiyyəsindən alıb. Həmin ərazidə avtoyuma tikdirmişdik, işlədib ailəmizi dolandırıdıq. Ərazini əlmizdən alıb, bizi acınacaqlı vəziyyətdə qoyublar”.

"Nəqliyyat naziri olduğu dövrlərdə ucarlılara qənim kəsilmişdi"

Martın 1-dən aclıq aksiyasına başlayan şikayətçinin tələbi ailəsinə məxsus ərazinin başqası ilə əvəz olunmasıdır: "Tələbim budur ki, başqa yerdən 460 kvadratmetr torpaq sahəsi verilsin və avtomobil yuyucu seximiz bərpa olunsun. Prezident İlham Əliyevdən xahiş edirəm, vəzifə səlahiyyətlərindən sui-istifadə edən Ziya Məmmədov haqqında ciddi tədbir görülsün və ailəmizə başqa ərazidən torpaq sahəsi verilsin. Ombudsman Səbinə Əliyevadan isə xahiş edirəm ki, bu gündən başladığım ölüm aclığı aksiyamı nəzarətə götürüb, hüquqlarımın müdafiəsində yaxından köməklik göstərəsin. Şahmat məktəbi heç nədir. Ziya Məmmədov nəqliyyat naziri olduğu dövrlərdə ucarlılara qənim kəsilmişdi. Böyük əraziləri mənimsəyib, müxtəlif obyektlər inşa etdirib. Azərbaycan küçəsində bir klometrlik ərazidə 80 obyekti birləşdirən ticarət mərkəzi tikdirib. Həmin yerdə böyük park var idi, beş mindən çox ağacları kütləvi kəsdirib. yerində ticarət mərkəzini inşa etdirib”.

"Ərazini əlmizdən alıb, bizi acınacaqlı vəziyyətdə qoyublar”.
Mənbə: Meydan TV

Ucar Bələdiyyəsi: "Taleh Əliyev həmin vaxtlar həbsdə olduğu üçün razılıq əldə edilməyib"

Ucar Şəhər Bələdiyyəsinin sədr müavini Aslan Əhmədov Meydan TV-yə bildirib ki, həmin ərazidə başqa vətəndaşlara da məxsus obyektlər olub: "2005-ci ildə İslaməli Əliyevə Ucar rayon bələdiyyəsinin 5 saylı qərarı ilə 460 kvadratmetrlik torpaq sahəsi verilib. 2009-cu ildə Ucarın keçmiş icra başçısı Arzu Qafurov ərazidə obyektləri olan adamları çağırıb deyib ki, həmin torpaqları hökumətə qaytarırsınız. Bundan sonra da həmin ərazidə olan insanların hamısına başqa yerlərdən torpaq sahələri təklif olunub, onlar da götürüblər. Tehran Əliyevin ailəsinə torpaq sahəsi təklif ediləndə, ailədə yalnız anası olub. Taleh Əliyev həmin vaxtlar həbsdə olub. Yəni razılıq əldə edilməyib. Hazırda o, azadlıqdadır. Məsələ ilə bağlı bizə də müraciət etdi. Bələdiyyənin arxivindəki torpaq sənədlərinin nüsxəsini vətəndaşa təqdim etmişəm. Bələdiyyə həmin vətəndaşlardan heç bir torpaq sahəsi almayıb. Dövlət, icra başçısı alıb ki, dövlət idarəsi tikiləcək. Doğrudan da orada "Azərsu”ya aid bina və şahmat məktəbi inşa olunub”.

İcra Hakimiyyəti: "Tehran Əliyev yazılı müraciət etməyib"

Ucar Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlisi sektorunun müdiri Rövşən Eldarbəyli Meydan TV-yə bildirib ki, Tehran Əliyev İcra Hakimiyyətinə yazılı müraciət etməyib: "Rəsmi kağız, məktub yoxdur. Ola bilsin ki, rəhbər vəzifəlilərdən hansınınsa otağına girib, sözünü deyib. Məsələ araşdırılacaq”.

Ucar Bələdiyyəsinin sədri
Mənbə: Meydan TV

Plan
Mənbə: Meydan TV

Bələdiyyənin qərarı
Mənbə: Meydan TV