Ziyalı kimdir?

Ziyalı kimdir?

04-06-2021 11:41 / Bu xəbər 3331 dəfə oxundu

Rəşad Ramazanov

Mahiyyətətinə varmasınlar, mənasını anlamasınlar deyə milyonlarca insana ərəb dilində əzbərlədib, tərcüməsini oxumaq az qala qadağan edilən müqəddəs Kitabımızda ucalardan uca Allah buyurur:

"Sizdən öncəki nəsillərdən yer üzündə fəsadı(zülmün hər türünü, özəlliklə də dövlət zülmündən söhbət gedir!) əngəlləyəcək fəzilət/hikmət sahibləri (ziyalı və intellektual şəxslər) olmalı deyildimi?! Sadəcə xilas etdiklərimizdən az bir qisim xaric.(Bir ovuc həqiqi ziyalılardan savayı onların heç biri haqqı demədi, zülm və fəsada əngəl olmadı!)
Zalimlər(bu kəlmədəki zalimlər rəhbər zalimləri dəstəkləyən və ya onların zülmünə susan elm, sənət və hikmət sahibi "ziyalılardir"!) onlara verilmiş rifaha(konforta, lyuks həyat şəraitinə, bir sözlə, bir para dünyalığa) uydular, aldandılar və günahlarla yükləndilər! Əhalisi islahedici (haqqı deyən, ədalətli) kimsələr ikən Rəbbin ölkələri zülm səbəbilə həlak edəcək deyildi!” (Hud: 11/116-117)

İndiyə qədər məhv olmuş və ya məhv edilmiş sivilizasiya və mədəniyyətlərin hamısının əsas məhv olma səbəbi möhtərəm və ziyalı hesab edilən alim, yazıçı, şair, müdrik, bir sözlə, əli və dili qələm tutan (qələm əslində sözün ifadə olunma vasitəsi deməkdir) şəxsiyyətlərin zalım və mufsid rəhbərlərin ədalətsiz qərar və əməlləri qarşısında ən azı susmaları və normalda da çox vaxt xalqın və xüsusilə məzlumların əleyhinə belələrini dəstəkləmələri olmuşdur! 

Məsələn, əliyevlərin hakimiyyəti hiylə ilə ələ keçirən zamana baxın. O vaxt xalqın sevib hörmət etdiyi nə qədər ziyalı hesab edilən şəxslər vardı ki, onların hakimiyyətə gəlməsində bu və ya digər şəkildə və dərəcədə rol oynadılar: Bəxtiyar Vahabzadə, Ziya Bünyadov, Anar Rzayev, Elçin Əfəndiyev, Budaq Budaqov, Fuad Qasımzadə, Müslum Maqamayev, Sabir Rüstəmxanlı, Xəlil Rza, Zeynəb Xanlarova, Nəriman Həsənzadə, Çingiz Abdullayev, Siruz Təbrizli, Əli İnsanov və həmçinin onlarla digərləri...

Bunların az qismi sonradan ayılsa da, necə deyərlər qatar artıq getmişdi!

Zülm və fəsad elə bir şeydir ki, zamanında və yerində dəf edilməzsə xalqın düşmənləri ona dost kimi təqdim, təlqin və təbliğ ediləcək! Həmişə belə olub, bundan sonra da belə olacaq! 

Əgər ziyalı funksiyasının daşıyıcıları öz daşıdıqları yükün haqqını versələr, xalqa və onlara bəxş edilmiş ruha xəyanət etməsələr, ziyalarını qoruya bilsələr, bu fəlakətin qarşısını yalnız bu cür almaq mümkündür! Lakin təəssüf ki, bizə ziyalı olmayan yaramazlar ziyalı adı ilə sırındığı kimi, ziyalı olmalı olanların da çoxu cəmiyyəti işıqlandırmaq əvəzinə ya qaranlığa aparır, ya da ən azı aydınlığa çıxartmaqdan qorxur! 

Birdəfəlik bilmək və qəbul etmək vacibdir ki, bütpərəst, inkarçı, namərd, qorxaq, tamahkar, xain və paxıl kəslər nə qədər informasiya və bilik sahibi olsalar belə, ziyalı ola bilməzlər! Ziyalılığın da, alimliyin də, müdrikliyin də bir əsas göstəricisi var. Bu haqqı və həqiqəti xalqdan gizlətməməkdədir! 

Gizlətdinsə və ya bir yol tapıb xalqa çatdırmadınsa sən ya ümumiyyətlə ziyalı olmamısan, ya da ziyanı itirmiş ziyanlı olmusan! Haqqı deməyən və ya yazmayan və ya hər hansı bir formada cəmiyyətə çatdırmayan əli qələm tutan, dili söz tutan kütlənin dəyər verdiyi və hörmət etdiyi şəxslərin əslində heç bir dəyəri, işığı, şərəfi və ziyası ola bilməz! Uca Allah "Qurani-Kərim"də "Bəqərə" surəsinin 159-cu ayəsində buyurur: "Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlillər və doğru yol göstərən ayələr vəhy olunduqdan sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar!" 

Bu ayədə Allah tərəfindən təhdid edilən "ziyalılar" çeşidli sosial-siyasi siniflərə məxsusdur. Allaha ortaq qoşmaqdan tutmuş, zülm və fəsadın ən müxtəlif növlərinə qədər bütün mövzularda nə qədər həqiqət varsa onları bilib gizləyən və ya fırladıb təhrif edən hər kəs, hər sinif, hər təşkilat, hər partiya, hər dövlət ayədə qınanılaraq göstərilən lənətli sifət və funksiyanın daşıyıcılarıdır! İmam Əli əbəs yerə demirdi: "Boynunu da vursalar, sən haqqı söylə!"

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Arqument.az-ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.