Zorakılığın xronikləşməsi bizi hara aparır?

Zorakılığın xronikləşməsi bizi hara aparır?

15-05-2023 22:54 / Bu xəbər 1068 dəfə oxundu

"Başıma nə gəlibsə, kasıbçılıqdan, bir də savadsızlıqdan gəlib”.

İmişlidə yaşayan, iki uşaq anası, 37 yaşlı Qönçə (ad şərtidir) belə deyir. 

Onunla pambıq tarlasında görüşdük. Əlində kətmən alaq otları təmizləyən qadın baş və üzünü böyük yaylıqla elə bürümüşdü ki, bircə gözləri görünürdü...

"Demə, ərimə arvad yox, sağıcı lazım imiş”

Qönçə deyir ki, yazdan ta payızın sonunadək çöllərdə olur: alaq edir, soğan, biyan kökü çıxarır, pambıq yığır. Ərə getməyi də məcburi əməyə cəlb olunmağa bənzəyir: 

"Mən el adəti ilə ərə getməmişəm, sahədən qayıdanda qaçırılmşam. Maldarlıq fermasının şəraitsiz binasına aparılanda elə bildim burada müvəqqəti qalacağıq. Sonradan öyrəndim ki, yoldaşım ailəsindən təzəcə ayrılıbmış və ona malabaxan, sağıcı qadın lazım imiş. Orada iş o qədər ağır idi ki, az qala belim qırılırdı. Bir-birinin ardınca uşaqlarımız oldu. Qaça-qovla gah inək-qoyuna baxırdım, gah da uşaqlara...”

Qönçə vurğulayır ki, ərdə olduğu yeddi ildə mütəmadi olaraq döyülüb, təhqir olunub, dəfələrlə ata evinə qayıdıb. 

 
2017-ci ildə ağır xəsarətlər alandan sonra o, birdəfəlik geri dönüb və məhkəməyə müraciət edib.
 
Məhkəmə nikahlarını ləğv edib, iki uşağın saxlanılması üçün ayda 250 manat aliment kəsib. 

 
Amma deyir ki, indiyədək keçmiş əri nə pul ödəyib, nə də ondan əl çəkib:

"Qardaşlarımın köməyi ilə ata yurdunda balaca daxma qaraldıb uşaqlarımı yığdım başıma. Amma keçmiş yoldaşım burada da bizi rahat buraxmadı. Əvvəl məhkəmə qərarı çıxartdıraraq uşaqlarla görüş hüququ qazandı. Sonra da oturdu evdə ki, sizinlə yaşayacam. Ailələrinin ortaya atdıqları ağsaqqalların təsiri ilə qardaşlarım məni məcbur etdi ki, barışım, qoy uşaqlarım atasız böyüməsin, adıma başqa söz çıxmasın.”

"Polis xəsarət almağımı gözlədi...”

Keçən ilin dekabrında Qönçə faktiki birgə yaşadığı keçmiş ərinin onu bıçaqla hədələməyini mobil telefonu ilə çəkib. 

Deyir ki, polisə müraciət etsə də, şikayəti effektli araşdırılmayıb: "Ayrı-ayrılıqda çağırıb bizdən izahat aldılar. Amma sonda mənə dedilər ki, bıçaqla bədənimə xəsarət yetirilmədiyindən onu cəzalandırmaq mümkün deyil”.

Üstündən bir ay ötəndən sonra keçmiş əri təpik və yumruqla onu döyüb, üstünə qaynar su tökərək bədəninin bir hissəsini yandırıb. Qadın ekspertiza təyin etdirib və xəsarətləri qeydə alınıb. Bu dəfə cinayət işi açılıb, hazırda işə məhkəmədə baxılır. Qönçə etiraf edir ki, qardaşları yenə onu məcbur edirlər ki, keçmiş ərini bağışlasın və evinə buraxsın.

133 mindən 1-i qorunur?!

Qönçə kimi Azərbaycanda yüzlərlə qadın məişət zorakılığından əziyyət çəkir. 

Rəsmi açıqlamaya görə, 2022-ci ildə 475 qadın psixoloji, iqtisadi və cinsi zorakılıqla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib. 

Şikayətlərin 301-i ərlər, 146-sı isə keçmiş ərlərlə bağlı olub. 

Daxili İşər Nazirliyinin məlumatına görə, məişət zorakılığı ilə bağlı 2022-ci ildə qeydə alınmış cinayətlərdə zərər çəkən qadınların sayı 1196 nəfər olub, onlardan 51 nəfəri ölüb. 

Cinayət tərkibinin əlamətləri olmayan məişət zorakılığı ilə bağlı 2022-ci ildə ölkə üzrə 146 qısamüddətli, 12 uzunmüddətli mühafizə orderi verilib. 

İmişli Rayon İcra Hakimiyyətindən öyrəndik ki, son 2 ilin hər birində cəmi 1 qısamüddətli mühafizə orderinin verilməsi barədə qərar qəbul ediblər. 

Cari ilin ötən müddətində buna ehtiyac duyulmayıb. 

İmişli rayonu əhalisinin sayı 133 min nəfəri ötüb, son 3 ildə bu rayonda azı 500 rəsmi nikah ləğv edilib. 

"Sistemin özünə etibarsızlıq var”

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl hökumətin açıqladığı rəqəmlərin real vəziyyəti əks etdirmədiyini deyir:

"Əvvala, müraciətlərin heç də hamısı qeydə alınmır, proses şəffaf deyil. İkincisi, qadınlarımızı bu qurumlara şikayət etməkdən çəkindirən səbəblər var. Hələ də cəmiyyət bunu "ailədaxili məsələ” hesab edir, qadınlarıımız kiçik zorakılıq faktlarını bəzən heç yaxınları ilə belə bölüşmürlər. Müraciət edənlərin də əldə edəcəyi çox şey yoxdur. Lazımi dəstəyin göstərilmədiyini görüb başqaları da həmin qurumlara üz tutmurlar. Bu, sistemin özünə etibarsızlıqdır”.

Cəmiyyət sədri hesab edir ki, rəsmi müraciətdən sonra da hökumət sonrakı zorakılıqların qarşısını almaq üçün səmərəli tədbirlər görmür: 

"Mühafizə orderi nadir hallarda verilir. Bu, əslində hökumətin narahat olduğu məsələdir. Çünki mühafizə orderi vermək qoruma öhdəliyi yaradır. Amma bizdə neynirlər: zərər çəkəni zorakılıq edənlə bir yerdə saxlayırlar. Çünki ölkə üzrə cəmi 3 sığınacaq var, onlarda isə toplam olaraq 100 adam yerləşdirmək olar. Bu, 10 milyon nəfərdən çox əhalisi olan ölkə üçün olduqca azdır. Buna görə rəsmilər zorakılığın qarşısını almaq əvəzinə barışdırıcılıq missiyası yerinə yetirmək istəyirlər”.

Ləyaqət hər şeydən öndə gəlir...

Zorakılıq, ilk növbədə, insan ləyaqətini alçaldan hərəkətdir. BMT-nin 1948-ci ildə qəbul etdiyi "Ümumdünya insan hüquqları bəyannaməsi”ndə azadlığın, ədalətin və umumi sulhun təməlində insan ləyaqəti və huququnun dayandığı qeyd edilib. 

Həmin sənəddə onlara qarşı laqeydlik və həqarətin "bəşəriyyətin vicdanını hiddətləndirən vəhşi əməllərə gətirib çıxardığı” qənaətinə gəlinib. 

1966-cı ilin "Mülki və siyasi hüquqlar haqqında beynəlxaq pakt”ında da "bərabər və ayrılmaz hüquqların insan şəxsiyyətinə xas olan ləyaqətdən doğduğu” qəbul edilib.

Qeyri-bərabər hüquqlar bütün zamanlarda qadınları kişilərdən asılı vəziyyətdə saxlayıb. Asılılıq isə öz növbəsində zorakılıq risqi yaradır. 

BMT-nin 1979-cu ildə qəbul etdiyi "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiya bütün, o cümlədən, siyasi, sosial, iqtisadi və mədəni sahələrdə qadınlara, hüquq və azadlıqları kişilərlə bərabər əsasda həyata keçirmələrini və onlardan istifadəni təminat altına aldı. 

Yuxarıda qeyd edilən beynəlxaq müqavilələrə qoşulması və Avropa Şurasının üzvü olması bu sahədə ölkəmizin üzərinə xeyli öhdəliklər qoyub. 

Bu öhdəliklərə, habelə Avropa Şurasının tövsiyələrinə uyğun olaraq 2006-cı ildə Azərbaycan "Gender (kişi və qadınların) bərabərliynin təminatları haqqında”, 2010-cu ildə isə  "Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlar qəbul edib. Buna baxmayaraq ölkədə qadınlara qarşı məişət zorakılığının qarşısını almaq, yaxud onu əhəmiyyətli dərəcədə azaltmaq mümkün olmayıb. 

Hüquqşünas: "Qanunda boşluq çoxdur”

Hüquqşünas Vəfa Rüstəm məişət zorakılığının aradan qaldırılması ilə bağlı hüquqi mexanizmlərin işlək olmadığını iddia edir:

"Məişət zorakılığı ilə bağlı şikayətləri araşdıran polis idarələrində risq protokolu tərtib olunmur. Şikayətlərə gender məsələləri üzrə ixtisaslaşmış şəxslər tərəfindən baxılmadığına görə çox zaman "dədə-baba üsulu”ndan istifadə edilir: tərəflərə barışmaq təklif olunur, zərər çəkənə ailənin qorunması üçün güzəştə getməklə bağlı öyüd, nəsihət verilir. 

Qanunda zərər çəkmiş şəxslərin hüquqi yardımla təmin edilməsi nəzərdə tutulub. Amma bu yardımı kim göstərməlidir - bilinmir. Uzunmüddətli mühafizə orderi üçün məhkəməyə müraciət edərkən 100 manat rüsum ödənilməlidir. Heç bir yerdə işləməyən qadın bu pulu haradan, necə əldə etsin? 

Qanunda çox şey yazılıb: zərər çəkmiş şəxslərin sosial təminatı, təhsilini davam etdirməkdə, yeni peşələrə yiyələnməkdə, yaxud işlə təmin olunmaqda kömək göstərilməsi... Qismən kömək yardım mərkəzlərində yerləşdirilənlər üçün edilir. Onlar isə ümumi zərər çəkənlərin çox cüzi bir hissəsidir”.

Qabaqlayıcı-tərbiyəvi iş...

Qanunda məişət zorakılığının qarşısının alınması üçün hüquqi, sosial xarakterli, habelə qabaqlayıcı tədbirlərin görülməsi, dövlət proqramlarının qəbulu nəzərdə tutulub. 

Qabaqlayıcı tədbirlər sırasında zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması da yer alır. Bununla bağlı Nazirlər Kabineti qayda da müəyyən edib. 

Sosioloq Sənubər Heydərova belə bir fəaliyyətin cəmiyyətdə hiss olunmadığını deyir:

"Bu iş yerli icra hakimiyyəti orqanlarına həvalə edilib. Onların bu yöndə fəaliyyəti hiss olunmur. Ümumiyyətlə, bu sahədə ixtisaslaşmış qurumlar, şəxslər çalışa bilər. Zorakılıq əməli törədənlərə qrup şəklində məşğələ, mühazirə keçirilməsi, fərdi olaraq isə tərbiyəvi xarakterli söhbət aparılması, pedaqoji və psixoloji təsiretmə vasitələrinin seçilməsi və tətbiq edilməsi nəzərdə tutulub. Bunları sıradan olan  məmur icra edə bilməz. Münaqişəli, problemli ailələrin polis orqanında da qeydiyyatı aparılır. Amma burada da profilaktik iş zorakılıq törətmiş şəxsə xəbərdarlıq etməkdən, qanunvericiliklə müəyyən olunmuş məsuliyyətin izah edilməsindən o yana keçmir. İnkişaf etmiş ölkələrdə isə şiddət göstərənlər məcburi reabilitasiyaya cəlb olunur, qurbanlara isə psixoloji yardım göstərilir”.

Sosioloq həmçinin bunu da vurğulayır ki, bir çox polis idarəsində bu qəbildən olan şikayətləri araşdıran qadın əməkdaşların olmamağına görə bütün qadınlar polisə müraciət edə, yaxud başlarına gələnləri olduğu kimi danışa bilmir. 

"Davamlı zorakılıq qurbanı cinayətkara çevirə bilər”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə açıqladığı statistik məlumatda göstərilir ki, müraciətlərin 75 %-i psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılması barədədir. 

Qurbanların çoxu da elə bundan əziyyət çəkdiklərini bildirirlər. Amma onu da deyirlər ki, icra və məhkəmə orqanları xəsarət izləri buraxmış fiziki zorakılığa daha çox önəm verirlər, bunu əhəmiyyətsiz hesab edirlər.

Həkim-psixiatr Gülnar Əbilova bildirir ki, istənilən formada olan zorakılıq psixi pozuntu yarada bilər: 

"Zorakılığın xronikiləşməsi, buna məruz qalan qadınların daha tez-tez depressiyaya düşməsinə və daha ağır ruhi xəstəliklərə düçar olmasına səbəb olur. Zorakılığa məruz qalan qadınlarda depressiya digər qadınlara nisbətən 4-5 dəfə daha çox rast gəlinir. Həmçinin fiziki zorakılığa məruz qalan depressiyaya düşmüş qadınlarda intihar riski daha yüksəkdir”.

G.Əbilova məişət zorakılığı nəticəsində qurbanların cinayətkara çevrilməsi halı ilə də üzləşildiyini deyir:

"Kriminologiya və cinayət sosiologiyası sahəsində aparılan araşdırmalar qadınlar tərəfindən qətlə yetirilən şəxslərin əsasən onların həyat yoldaşları, sevgililəri və ya onlara təcavüz etmək istəyən şəxslər olduğunu göstərir. Psixoloji təhlildən məlum olub ki, qətl cinayəti törədən qadınlar hadisəni törətməzdən əvvəl, əsasən də uşaqlıqdan bəri şiddət və təcavüz görüb. Bizim apardığımız araşdırmanın nəticələri də göstərdi ki, qadınlar tərəfindən törədilən həyat və sağlamlıq əleyhinə olan ictimai təhlükəli əməllərin 22,8%-i ər-arvad münasibətində olduğu, 20,2 %-i isə himayəsində olan şəxsə qarşı törədilib. Bu əməllər ən çox- 36,7% halda fiziki, psixi və sair zorakılıqla üzləşmə nəticəsində baş verib, 21,5 %  halda özünü və ya ətrafdakıları müdafiə məqsədi ilə törədilib”.

 
Həm qurbanlarla, həm də ekspertlərlə söhbətdən məndə bu qənaət yarandı ki, əslində məişət zorakılığı nəticədir. 

Ölkədə azadlıqların qorunmasından, qanunun aliliyinin gözlənilməsindən,  əhalinin rifahından, təhsil və səhiyyənin keyfiyyətindən, cəmiyyətin inkişaf səviyyəsindən doğan nəticə. 

...Tarladan uzaqlaşarkən Qönçə arxamca səsləndi:
- Bu yazının mənə bir xeyri olacaq?..
 

Azər Əli

Məqalə "Qadınlar Arasında Həmrəylik” İctimai Birliyinin Avropa İttifaqının, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəyi ilə həyata keçirdiyi "Azərbaycanda məişət zorakılığına qarşı mübarizə” layihəsi çərçivəsindəki müsabiqəyə təqdim olunur.