Zülfüqar Əhmədzadə vəfat edib

Zülfüqar Əhmədzadə vəfat edib

10-11-2024 00:20 / Bu xəbər 634 dəfə oxundu

Jurnalist, tərcüməçi və şair Zülfüqar Əhmədzadənin (Rüfətoğlu) noyabrın 9-da Londonda vəfat etdiyi bildirilir. 

Onun uzun müddət Londondakı xəstəxanaların birində müalicə aldığı qeyd olunur. 

Jurnalistin ailəsi onun öldüyünü "Azadlıq" radiosuna təsdiqləyib.

66 yaşında vəfat edən jurnalist 1984-1993-cü illərdə Azərbaycanda bir sıra mətbuat orqanlarında çalışıb. 

O, 1989-cu ildə nəşrə başlayan "Səhər” qəzetinin yaradıcılarından olub. 

1991-ci ildə "Qızıl qələm” mükafatına layiq görülüb, həmçinin "BBC Azərbaycan” xidmətində işləyib.

"Şirbalanın məhəbbəti" filminin ssenari müəllifi, "Mavigözlü ögey ana" kitabının müəllifidir. 

Z.Əhmədzadə "Azadlıq" radiosunun Azərbaycan xidməti ilə əməkdaşlıq edib. 

Atası Rüfət Əhmədzadə və Babası Zülfüqar Əhmədzadə də şair olub. 

Jurnalistin atası yazıçı, satirik şair, bir sıra əsərlərin ssenari müəllifi Rüfət Əhmədzadə 1933-cü ildə Bakıda anadan olub.

Babası şair, publisist, tərcüməçi və ictimai-siyasi xadim Zülfüqar Əhmədzadə isə 14 iyun 1898ci ikdə Lənkəran qəzasının Pensər kəndində (indiki Astara rayonunun kəndi) anadan olub.

O, daha çox talışca yazdığı şeirlərlə tanınıb, həmçinin "Sıə tolış" ("Qırmızı talış") qəzetinin redaktoru olub. 

15 mart 1938-ci ildə əksinqilabi fəaliyyətlərdə günahlandırılıb, "xalq düşməni" kimi həbs edilib və 1 iyun 1942-ci ildə Rusiyanın Kemerovo vilayətində vəfat edib. 

O, həbs ediləndən sonra ailəsi Balakən rayonuna köçüb.