Özünü yandıran vəkilin müstəqil Azərbaycanı

Özünü yandıran vəkilin müstəqil Azərbaycanı

23-01-2024 15:52 / Bu xəbər 1139 dəfə oxundu

Və çar Rusiyasında məhkəmə, polis, həbsxana…
 

Natiq Cavadlı

Vəkil Zibeydə Sadıqova siyasi məhbuslar Qubad İbadoğlunun və Ülvi Həsənlinin məhbəsdə oxuduğu kitabların siyahısını yayıb. 

Qubad bəy 5 ayda 41, Ülvi Həsənli isə 2 ayda 6 kitab oxuyub. Nəzərə alsaq ki, onlara kənardan siyasi ədəbiyyat gətirilməsinə qadağa qoyulub, yalnız həbsxananın kitabxanasından götürə bilərlər, o zaman Azərbaycanda siyasi motivlə həbs olunanların yaşadıqları mənzərə aydın olar. Əlbəttə, bütün bunlar qanunsuzdur.

Ancaq Azərbaycanın məhkəmə, polis və həbsxanalarındakı vəziyyəti Çar Rusiyasının məhkəmə, jandarm və penitensiar sistemləri ilə müqayisə edəndə, tamamilə fərqli dünya ortaya çıxır.

Elə götürək, 1918-1920-ci illərdə Azərbaycan parlamentinin spikeri olmuş Əlimərdan bəy Topçubaşovun ötən əsrin birinci onilliyində qarşılaşdığı məhkəmə və həbsxana dövrünü. Ümumiyyətlə, Əlimərdan bəy Topçubaşovun olduğu "Kresti” həbsxanasında məhbuslara münasibət sovet Rusiyasının və müstəqil Azərbaycanın həbsxanalarından yaxşıydı. Həmin dövrü öyrəndikcə, nəinki həbsxana, jandarm və məhkəmə sisteminin tamamilə fərqli, maraqlı gerçəkliyi göz önünə gəlir.

Başlayaq məhkəmədən, Ə.Topçubaşov haqda Peterburq Məhkəmə Palatası 1907-ci ilin dekabrında 3 ay həbs qərarı çıxarsa da, onu 1908-ci ilin mayında faytonla "Kresti”yə aparırlar. Belə bir münasibət Sovet və ya müstəqil Azərbaycanda rastımıza çıxmayıb. 

Bugünkü Azərbaycanda siyasi xadim, fəal, jurnalist saxlanılır, hətta bəzən onlardan bir neçə gün xəbər çıxmır (məsələn, Məhəmməd Kekalov), sonra məlum olur ki, məhkəmə adamlar haqda həbs qəti-imkan tədbirini özlərinin vəkillərinin iştirakı olmadan seçib.

Əlimərdan bəy Topçubaşov 3 ay məhbusluq dövründə 50-yə qədər kitab oxuyub və bir neçə qanun layihələri hazırlayıb.

Başqa bir misal, SSRİ-in qurucularından Lev Trotskinin xatirələrində də Çar Rusiyasının həbsxanalarının tamam fərqli olduğu görünürdü. Məsələn, Sibirdə sürgün həyatı yaşayan L.Trotski həbsxana ərazisini rahat tərk edib başqa yerdə saxlanılan yoldaşlarını görə bilirdi və özü yazırdı ki, hansısa kitab üçün digər yerə gedib. Amma belə bir halı Hüseyn Cavidin, Çəmənzəminlinin sürgündə olduğu Sovet həbs düşərgələrində və ya müstəqil Azərbaycanın penitensiar sistemində ağlınıza gətirməyin.

Müstəqil Azərbaycanda siyasi motivlərlə həbs olunanlara kitabların verilməsindəki məhduddiyyətləri xatırladıq, onların həbsxanada nəinki qanun layihəsi hazırlaması, gündəlik yazması, kitab tərcümə etməsi belə qeyri-mümkündür. 

Jurnalistlər Qənimət Zahidin gündəliklərinin müsadirəsi və Xədicə İsmayılın Səhər Delicaninin "Cakaranda ağacının uşaqları” romanının tərcüməsini hansı maneələrlə gerçəkləşdirməsi yaxın tarixin hadisələridir.

İndi gələk jandarmla bağlı detallara, Ə.Topçubaşov haqda məhkəmə qərarı çıxarılanda, o, Bakı polis rəisinin köməkçisi Məmməd Məmmədbəyovdan dəstək məktubu almışdı və polislər onu həbsxanaya faytonla aparmışdılar. Oxşar münasibəti son 100 ilin sovet və müstəqil Azərbaycanında təsəvvür edə bilərsinizmi? 

Əlbəttə, yox. Bu gün sıradan bir polisin siyasi motivlərlə həbs edilən şəxsə məktub yazması nədir, onlar məhkəmə binaları qarşısında elə bir hasar yaradırlar ki, əliqandallı Elnarə Qasımovanı məhkəməyə gətirəndə belə görmək olmur.

Və ötən əsrin birinci onilliyində həbs olunanların yaxınlarına münasibət də fərqliydi, onların doğmaları son 100 ildəki kimi nə Qazaxıstana sürgün olunurdular, nə də işdən çıxarılırdılar. Bu gün isə Sevinc Vaqifqızının, Ülvi Həsənlinin, Hafiz Babalının yaxınlarının pensiya kartlarına belə həbs qoyulub.

Yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Bəxtiyar Hacıyev jurnalistlərin videoçəkiliş aparmasına icazə verilməsini istəyib. Hakim Əli Məmmədov razılıq verməyib, deyib ki, açıq məhkəmə prosesidir, media nümayəndələri iştirak edib, qələmlə qeydlərini apara bilər. Lakin audioyazıya və videoçəkilişə icazə verilmir. Belə olanda "Necə olur, Xaçaturyanın məhkəməsində əvvəldən axıra qədər videoçəkilişə icazə verilir, məndə yox?”, – deyə Hacıyev etiraz etsə də, hakim reaksiya verməyib.

Azərbaycanda vəkillik institutunun durumuna gəldikdə, yeni ilin birinci günü vəkil Zaur Məmmədovun kollegiyanın binası önündə özünü yandırması təkcə vəkilliyin yox, istintaq orqanlarının da hansı vəziyyətdə olduğuna işıq saldı.

Dünya sürətlə dəyişir, Azərbaycan isə sürətlə pisliyə doğru gedir, gələcəkdən qaçır…
 
Yazı Meydan TV-dən götürülüb.