Zurabişvili: “Sarayı tərk edir, legitimliyimi də özümlə aparıram”

Zurabişvili: “Sarayı tərk edir, legitimliyimi də özümlə aparıram”

30-12-2024 00:07 / Bu xəbər 204 dəfə oxundu

Mixeil Kavelaşvili and içərək xalqa müraciət edib

Dekabrın 29-da Gürcüstanın yeni Prezidenti Mixeil Kavelaşvili and içərək ictimaiyyətə müraciət edib.

Eyni zamanda, beşinci Prezident Salome Zurabişvili Orbeliani sarayını tərk etdiyini elan edib.

Salome Zurabişvili, müxalifət partiyaları və avropayönlü mitinqlərin iştirakçıları tərəfindən qeyri-legitim hesab edilən altıncı Prezidentin andiçmə mərasimini parlamentin sədri Şalva Papuaşvili açıb.

"Bu gündən Gürcüstanda xalqın həqiqi iradəsini və Konstitusiyanı qoruyacaq Prezident olacaq. Bu gündən Gürcüstanda milli dəyərlərin və maraqların keşiyində duran Prezident olacaq”, – deyə Şalva Papuaşvili bildirib.

Yeni seçilən Prezident Mikeil Kavelaşvilinin andı belə olub: "Mən Gürcüstan Prezidenti Allah və millət qarşısında and içirəm ki, Gürcüstanın Konstitusiyasını, ölkənin müstəqilliyini, birliyini və bölünməzliyini qoruyacağam. Mən prezidentin vəzifələrini sədaqətlə yerinə yetirəcəyəm, ölkəmin vətəndaşlarının təhlükəsizliyinin və rifahının, xalqımın və dövlətimin dirçəlişi, qüdrəti üçün qayğı göstərəcəyəm”.

Salome Zurabişvili Orbeliani sarayı qarşısında çıxışında parlamentdə Mixeil Kavelaşvilinin inauqurasiya mərasimini "parodiya” adlandırıb.

Eyni zamanda, beşinci Prezident Salome Zurabişvili Orbelian sarayını tərk etsə də, hələ də özünü yeganə qanuni Prezident hesab etdiyini bildirib.

Salome Zurabişvili Mixeil Kavelaşvilinin andiçmə mərasimi günü Orbeliani sarayında deyib: "Orbeliani sarayını tərk edirəm, legitimliyimi də özümlə aparıram. Gürcüstan xalqının yanında olacağam”.

Zurabişvili vurğulayıb ki, legitimliyin bir mənbəyi var, o da xalqdır: "Xalqın etibarı olmayan yerdə legitimlik də yoxdur, ona görə də mən sizin yanınıza gələcəyəm və sizinlə olacağam”.

O bildirib ki, iki əsas tələb qalır: bütün məhbusların azad edilməsi və yenidən parlament seçkilərinin keçirilməsi.

Dekabrın 31-də Salome Zurabişvili 2025-ci ili Rustaveli prospektində xalqla birgə qeyd edəcəyini deyib.

O, toplaşan vətəndaşlara müraciət etdikdən sonra Orbeliani iqamətgahını tərk edib.

Mixeil Kavelaşvilinin andiçmə mərasimində "Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili, deputatlar, şəhər şuralarının nümayəndələri, kilsə iyerarxları və konstitusiya orqanlarının nümayəndələri iştirak ediblər. Səfirlər andiçmə mərasiminə dəvət edilməyib.

Bir neçə saat əvvəl ABŞ "Helsinki Komissiyası”nın sədri, respublikaçı konqresmen Co Vilson: "ABŞ Gürcüstanın yeganə qanuni lideri Salome Zurabişvilinin və gürcü xalqının yanındadır” demişdi.

Gürcüstanda nə baş verib?

Oktyabrın 26-da Gürcüstan parlamentinə seçkilər keçirilib.

2012-ci ildən ölkəni idarə edən "Gürcü Arzusu” Partiyası 53,92% səslə qalib gəlib.

Müxalifət koalisiyaları səsvermənin nəticələrini tanımaqdan imtina ediblər.

Zurabişvili yeni parlamenti "qeyri-legitim” adlandırıb və yeni seçkilər keçirilənə qədər istefa verməkdən imtina edib.

Gürcüstanın Konstitusiya Məhkəməsi Zurabişvilinin oktyabrın 26-da keçirilən və "Gürcü Arzusu”nun qalib gəldiyi parlament seçkilərini Konstitusiyaya zidd kimi tanımaq iddiasını qəbul etməyib.

Baş nazir İrakli Kobaxidze dekabrın 29-da səlahiyyət müddəti bitənə qədər vəzifəsini tərk etmədiyi təqdirdə onu cinayət işi ilə hədələyib.

Bunun fonunda respublikada kütləvi etirazlar davam edir.

Mixail Kavelaşvili Gürcüstanın yeni Prezidenti seçilib, onun andiçmə mərasimi dekabrın 29-da baş tutub.