Ehtiyatda olan zabitdən icra başçısına: "Doourdan da, doğramadan da alajam"

Ehtiyatda olan zabitdən icra başçısına:

17-01-2016 23:07 / Bu xəbər 2692 dəfə oxundu

Bir müddət öncə Ağdam rayon sakini, Azərbaycan Ordusunun ehtiyatda olan zabiti Vasif Eyvazovun üzləşdiyi problemlə bağlı göndərdiyi müraciətini dərc etmişdik. Ehtiyatda olan zabit rayonun icra başçısı Raqub Məmmədovla bağlı bəzi iddialar səsləndirmişdi. 

Bu gün V.Eyvazov yenidən Arqument.Az-a müraciət edərək icra başçısı ilə bağlı sesnsasion iddia səsləndirib. 

Həmin müraciəti oldduğu kimi təqdim edirik: 

"Hörmətli redaksiya!

25 dekabır 2015-ci il tarixində Arqument.az saytında mənim Ağdam RİH ilə bağlı məktubum dərc olunmuşdu. Həmin məktubda mən Ağdam RİH-nin başçısı Raqub Məmmədovun Azərbaycan qanunlarına etinasız yanaşaraq, mənim hüquqlarımı pozduğu, məhkəmənin Azərbaycan Respublikası adından verdiyi qərarı yerinə yetirməkdən boyun qaçırdığı haqda yazmışdım. Bundan sonra əldə etdiyim bəzi sənədlərin əsasında yenə də bu məsələni gündəmə gətirmək istəyirəm.

Əvvəla, məktubum saytda dərc olunduqdan sonra Raqub Məmmədov Ərazi icra nümayəndəsinə tapşırıb ki, mən  və ya atam 28 dekabır 2015-ci ildə saat 10-da onun qəbulunda olaq. Atam yazıq da cavab göndərib ki, mən oğlumun başçıdan nə istədiyini, başçının da onu niyə vermədiyini bilmirəm, oğlum Bakıda işləyir, bu da onun telefonu, zəng edin, çağırın, danışın. Bu sifarişdən sonra nə mənə zəng edən oldu, nə də çağıran. İmanım Allah amanatı, yəqin, falçılar məsləhət görməyib ya da dil ağız bağlama duası yazdırıb təsirin gözləyirlər. Əlbəttə, ağılasığmaz və fantastik daha bir variant var - Bəlkə İcra başçısı nəhayət qanunu və məhkəmə qərarını yerinə yetirmək fikrinə düşüb, bəlkə lazımi sənədləri hazırlayıb müvafiq instansiyaya  göndərmək haqda göstəriş verib. Nə bilim, ağdamlılar demişkən, yalansa da, düz olsun!

İkincisi, dünən Ağdam RİH-i başçısının Gəncə İnzibati-İqtisadi Məhkəməsinə məhkəmə qərarının icrası barədə göndərdiyi cavab məktubu əlimə düşdü. Həmin məktubun məzmununu da sizə göndərirəm. Lakin düşünürəm ki, oxucuların çoxu mənə inanmayacaq. Yəqin, kimsə fikirləşəcək ki, əşi, belə şey ola bilməz, İcra Hakimiyyətindən belə hüquqi sıfra bərabər sənəd çıxmaz, o boyda kişi onun altından imza atmaz. Odur ki, redaksiyadan xahiş edirəm həmin sənədin foto surətinin də buraya əlavə etsin. Mən bu sənədi yalnız hüquqi cəhətdən şərh edəcəyəm, oxucular isə icra başçısının cavabının qrammatika, stilistika və tərtibat gözəlliyinə özləri qiymət versinlər. Amma fikrimcə, bu məktubu tərtib edib başçının stolunun üstünə qoyan havayı maaş alır.

Beləliklə, icra başçısının cavabında yazılır: "Ağdam rayonunun Dadaşlı kənd sakini, xəstəliyə görə ehtiyata buraxılmış zabit Eyvazov Vasif Əliabbas oğlunun yaşayış evi ilə təmin olunması ilə əlaqədar bildiririk ki, Ağdam rayon İcra Hakimiyyətinin balansında mənzil ehtiyat fondu yoxdur. Əgər gələcəkdə Ağdam rayon İcra Hakimiyyətinin balansına mənzil ehtiyat fondu verilərsə, Eyvazov Vasif Əliabbas oğlunun evlə təmin olunması məsələsinə baxılacaq".

Təəssüf ki, Ağdam RİH-də heç kim mənə bu imtiyazı verən qanunu, nə də bu barədə məhkəmə qərarını oxumayıb. Oxusalar, görərdilər ki, qanunda və bu qanunun icrası barədə normativ sənədlərdə bütün yarana biləcək problemlər və onun həlli yolu göstərilmişdir. Könlü olan özünə heç bir əziyyət vermədən problemlərin həlli yolunu bu imzalı, möhürlü qanun qüvvəsi olan mənbədən tapa bilər.

Könlü olmayanlar üçün isə icrası məcburi olan məhkəmə qərarı var. Möhtərəm hakim Fikrət Hüseynov verdiyi qərarın mətnində tərəflərin mövqe və etirazlarını araşdırmış, tutarlı, sanballı arqumentlərlə, səlis dillə, konkret ifadələrlə verdiyi qərarı əsaslandırmış və bu qərarın yerinə yetirilməsi yollarını göstərmişdir. Çox dərinə getmədən nəzərinizə yetirim ki, Ağdam RİH-nin başçısı 3 dəfə mənzil fondunun olmadığı barədə məhkəməyə rəsmi məktub göndərib. Halbuki məhkəmənin qərqrında məhz bu problemin həlli yolu göstərilmiş, hətta "Mənzil Məcəlləsi"nin müvafiq maddəsi də göstərilmişdir.  Necə deyərlər no comment...

Ən böyük arzum qanunun mənə verdiyi imtiyazı ən tez vaxtda alıb bu problemi pis yuxu kimi yaddan çıxarmaqdır. Odur ki, bu məsələnin həlli üçün Ağdam RİH-nin başçısına kömək əli  uzatmaq istəyirəm. Bir halda ki, icra hakimiyyətində qanunu, məhkəmənin qərarın oxuyub bu işin həllini bilən adam yoxdur, mən bu missiyanı öz üzərimə götürürəm.

Hörmətli Raqub müəllim! 

Siz məni mənzillə təmin etmək üçün Maliyyə Nazirliyinə müraciət edib müvafiq pul vəsaitinin ayrılmasını xahiş etməlisiniz, necə ki, kirayə pul kompensasiyasının ayrılması üçün hər il müraciət edirsiniz. Cənab nazir Samir Şərifov mən onun şəxsi qəbulunda olanda dedi ki, hər il nazirlik məqsədyönlü şəkildə bütün müraciət etmiş rayonlara bu vəsaiti ayırır. Mən belə bir məktubun hazırlanıb nazirliyə göndərilməsində heç bir maneə görmürəm. Bu inadkarlığın yalnız bir səbəbi ola bilər: bəlkə, pul vəsaiti ayrılıb siz vermək istəmirsiniz, rayon budcəsinin qeyri-şəfaf olduğuna arxayınsınız? Problem yoxdur, mən Hesablama Palatasına da müraciət edə bilərəm.

Ağdam rayonunda çoxlu qaçqın evləri tikilir, onların smeta dəyəri bəllidir. Mən həmin smeta dəyərində pul vəsaiti mənə verilərsə, evi özüm tikdirməyə də hazıram. Yox, əgər bu evin tikintisin icra hakimiyyəti özünə yaxın şirkətə həvalə etsə, əlimdə dəftər, qələm, xətkeş dövlətimin mənə ayırdığı hər qəpiyin keşiyində durmağa da hazıram. Gördüyünüz kimi, mən inadkar deyiləm, reallığı nəzərə alıb güzəştə getməyədə hazıram, təki bu iş düzəlsin.

Hörmətli Raqub müəllim, icazə versəniz daha bir mətləbi nəzərinizə yetirərdim: məhkəmənin qərarının icrası məcburidir, o, tövsiyə və məsləhət xarakteri daşımır, onu icra etmək lazımdır, "məsələyə baxılacaq" vədi vermək yox!

Ağdam rayon məhkəməsində mən məhkəmə xərclərini tələb edərkən icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Tahir Abbasov bal kimi şirin Qarabağ ləhçəsiylə soruşdu: "Doourdan ümid edirsən ki, bizdən ev ala biləssən"? Fürsətdən istifadə edib ona cavab vermək istəyirəm: Doourdan da, doğramadan da, alajam.

Hörmətlə, ehtiyarda olan zabit Eyvazov Vasif Əliabbas oğlu".

Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Arqument.Az