Müxalif partiyalardan Mehman Hüseynova dəstək

Müxalif partiyalardan Mehman Hüseynova dəstək

03-01-2019 18:09 / Bu xəbər 467 dəfə oxundu

Demokratik Qüvvələrin Milli Şurası, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları bloger Mehman Hüseynova qarşı yeni cinayət işinin başlanmasını pisləyən bəyanatlarla çıxış ediblər.

Hazırda məhbus həyatı yaşayan Mehman Hüseynov, ona qarşı açılan yeni cinayət işinə etiraz əlaməti olaraq aclıq elan edib. 

Bəyanatlarda aclığı davam etdirən blogerə dəstək ifadə olunur, onun dərhal azadlığa buraxılması tələb edilir.

Milli Şura hakimiyyәtdәn Mehman Hüseynovu vә başqa siyasi mәhbusları yubanmadan azad etməsini, günahsız insanlara hәbsxanada tәkrar cinayәt işi quraşdırılaraq hәbs müddәtini artırmaq tendensiyasına son qoymasını tələb edir.

"Mehman Hüseynova yeni cinayәt işinin açılması ilk hadisә deyil. İlham Әliyev hakimiyyәti siyasi mәhbusları hәbs müddәtlәri bitәn әrәfәdә yenidәn şәrlәyәrәk tәkrar mühakimә etmәyin әnәnәsini yaratmaqdadır. Mehman Hüseynova qәdәr siyasi mәhbuslardan Әli İnsanov, Mәmmәd İbrahim vә Telman Şirәliyev eyni münasibәtlә üzlәşib”, - deyə sənəddə qeyd edilir.

Milli Şura beynәlxalq birliyi Azәrbaycan hakimiyyәtinin bu yeni repressiv hәrәkәtinә seyrçi qalmamağa, onu durdurmaq, siyasi mәhbusların azadlığına nail olmaq üçün ünvanlı sanksiyalar da daxil olmaqla, konkret tәsirli tәzyiq vasitәlәrinә әl atmağa çağırır.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı bildirir ki, hazırda həbsxanada aclıq keçirən Mehman Hüseynovun sağlamlığına görə məsuliyyəti Azərbaycan hakimiyyəti daşıyır.
Müsavat Partiyası blogerə qarşı qanunsuzluqlara dərhal son qoyulmasını tələb etməklə yanaşı, xatırladır ki, ölkədə hüquqi dövlətin qurulacağı, hər kəsin törətdiyi əmələ görə qanun qarşısında cavab verəcəyi gün uzaqda deyil.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasının Vətəndaş Cəmiyyətinin bir qrup fəalı Mehman Hüseynova qarşı başladılmış yeni cinayət işini qondarma hesab edib.

Qurumun yaydığı bəyanatda xatırladılıb ki, polis tərəfindən işgəncəyə məruz qaldığı barədə açıqlama verdikdən sonra, 2017-ci ilin mart ayında məhkəmə, sadəcə iki dinləmədən sonra Mehmanın iki il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib.

Milli Platforma vurğulayıb ki, Azərbaycan Avropa Şurasının üzvüdür və onun üzərinə hüquqi öhdəlik qoyan bir sıra konvensiyaları ratifikasiya edib.

"Milli Platforma dərin narahatlıqla bildirir ki, Mehman Hüseynova qarşı yeni ittihamlar Azərbaycanın Avropa Şurası üzvü kimi öhdəliklərinə ziddir və Azərbaycanın vətəndaş cəmiyyəti və media sektoru üçün daha arzuolunmaz mühit yaradır.

Milli Platforma Azərbaycan hökumətini Mehman Hüseynovun dərhal və şərtsiz azad edilməsini təmin etməyə, siyasi zəmində jurnalistlərə, blogerlərə, insan hüquq müdafiəçilərinə, vətəndaş cəmiyyəti fəallarına və müxalif səslərə qarşı təqib və həbs praktikasına son qoymağa, İnsan Hüquqları Komitəsi, insan hüquq müdafiəçiələrinin vəziyyəti üzrə Xüsusi Məruzəçi və digər beynəlxalq qurumların ifadə azadlığı barəsində verdiyi tövsiyyələri icra etmək üçün konkret və effektiv tədbirlər görməyə çağırır”.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib.

Həbs müddətinin bitməsinə iki ay qalmış, Mehman Hüseynova qarşı yeni ittihamlar irəli sürülüb.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Meydan Tv