Bakı istintaq təcridxanasında bit yayılıb? - Bəs Pentensiar Xidmət nə deyir?

Bakı istintaq təcridxanasında bit yayılıb? - Bəs Pentensiar Xidmət nə deyir?

07-05-2024 15:27 / Bu xəbər 485 dəfə oxundu

"Kürdəxanı” kimi tanınan 1 saylı Bakı İstntaq təcridxanasında bitin yayıldığı bildirilir. 

Məlumatı "Politfm.com" məlumat yayıb. 

Bildirilir ki, bu barədə qadın koloniyasına göndərilən məhkumlardan biri öz ailə üzvlərinə danışıb. 

O deyib ki, vəziyyət son dərəcə kritikdir: "Hətta iş o yerə gəlib ki, qadın məhkumların saçları qırıxılır. Antisanitariyanın əsas səbəblərindən biri isti suyun az verilməsi ya da heç verilməməsidir". 

Onun sözlərinə görə, 8-10-12 nəfərlik kameralarda çimmək üçün isti su həftədə iki dəfə olmaqla cəmi iki saat verilir. Bundan əlavə, məhkumlar qadınlara məxsus spesifik gigiyena məhsulları ilə, demək olar ki, təmin edilmirlər.
 
Bir neçə gün öncə məhkum ailələri 1 saylı Bakı İstintaq Təcridxanasında xeyli sıxlığın olduğudan şikayətçi idilər.  

Onların sözlərinə görə, 4 yerlik kameralarda 10, 6 yerlik kameralarda 12, 8 yerlik kameralarda 20 nəfər saxlanır. 
 
Pentensiar Xidmətin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Arqument.az"a deyib ki, qeyd edilənlər həqiqəti əks etdirmir: "Bütün penitensiar müəssisələrdə mütəmadi olaraq məhkum və həbs edilmiş şəxslərin saxlandığı kameralarda, yataqxanalarda və digər yaşayış yerlərində mütəmadi olaraq sanitar-gigiyena və əksepidemik tədbirlər qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir və nəzarətdə saxlanılır". 

"Bakı istintaq təcridxanasında qadınların saxlandığı hər bir kamerada duş qəbul etmək üçün isti və soyuq su ilə təmin edilmiş hamam avadanlıqları və sanitar-gigiyena qaydalarına cavab verən sanitar qovşaqlar mövcuddur. Həbs edilmiş şəxslərə həftədə 1 dəfədən az olmayaraq, havaların isti keçdiyi dövrlərdə daha tez-tez hamam və ya duş qəbul etmək üçün şərait yaradılır. Penitensiar müəssisələrdə saxlanılan qadınlar qanunvericilikdə nəzərdə tutulmuş xüsusi gigiyena ləvazimatları ilə təmin edilirlər", - deyə o qeyd edib.