11 milyondan çox vəsait ayrılan yol yenidən yararsız hala düşüb
16-05-2019 18:21 / Bu xəbər 1301 dəfə oxundu
Təxtənəkəran-Miki yolunda avtomobillərin hərəkəti çətinləşib
2017-ci ilin dekabrında istifadəyə verilən Təxtənəkəran-Miki avtomobil yolu yenidən yararsız vəziyyətə düşüb.
"Report"un məlumatına görə, uzunluğu 5 km olan və rayon mərkəzindən 40 km məsafədə yerləşən yolun bir neçə hissəsi dağılıb.
Təxtənəkəran-Miki avtomobil yolu 2015-ci ildə Prezidentin imzaladığı sərəncama əsasən əsaslı təmir olunub.
12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədilə ümumilikdə 11,5 milyon manat vəsait ayrılıb.
İstifadəyə verilməsindən bir il sonra –2018-ci ilin noyabrında yolun bərbad vəziyyətə düşməsi ilə bağlı məlumatlar verilib.
Bildirilib ki, yağan intensiv yağışlar 5-ci kilometrliyində asfalt qatı, təxminən, 18-20 metr uzunluqda sıradan çıxarıb.
Hazırda isə yolda torpaq qatı sürüşərək hərəkət zolağını azaldıb, avtomobillərin hərəkəti çətinləşib. Bu isə nəqliyyat vasitələri və sərnişinlər üçün təhlükə yaradır. Bu, dağ kəndlərini rayon mərkəzi ilə birləşdirən yeganə yoldur.
Kənd sakinlərinin sözlərinə görə, ötən il yolda müəyyən bərkitmə işləri görülsə də, bu, təsirsiz olub. Yolun dağılmasına yağan yağıntılar səbəb olsa da, sakinlər işlərin keyfiyyətsiz aparılmasından gileylənirlər. Sakinlər deyirlər ki, yolun yatağı zəifdir, buna görə də yağıntı nəticəsində erroziyaya uğrayıb. Bundan əlavə, suötürücü qurğular da sıradan çıxdığından sel suları yolun üst hissəsi ilə axaraq dağıntılara səbəb olur.
Astara rayon Siyəkü Kənd Bələdiyyəsindən vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat verildiyi və müvafiq tədbirlərin görüləcəyi deyilib.