“Qızıl alma" uğrunda savaş: Şeng Sicai Stalini necə aldatdı?

“Qızıl alma

12-10-2024 14:34 / Bu xəbər 1439 dəfə oxundu

Natiq Cavadlı

Bitirdim. Dəyərli Cəmil müəllimin "Qızıl alma uğrunda Çin-Sovet savaşı. Şərqi Türküstan 1930-1950” araşdırmasının hər sətri mənə Rusiyanı tanıdırdı, fərqi yoxdur onun adını Romanovlar Rusiyası, Lenin Rusiyası, Yaxud Stalin və Putin Rusiyası qoyun. Dəyişməzdir Rusiya, yəqin ki, yaxın 30-50 il də (bəlkə də çox, təki yanılım) belə davam edəcək. Və bizim kimi qonşu xalqlara fəlakətlər gətirəcək.

Oxuduqca Şərqi Türküstan (Çin hökuməti bölgəni Sincan, yerli xalqlar Şərqi Türküstan adlandırır) tarixinin 20 ilinə bələd oldum, xalqlarını, insanlarını, qəhrəmanlarını tanıdım. Fərqi yoxdur, onlar hansısa mərhələdə Stalin Rusiyasına inanaraq yanılıblar, amma bu xalqlar- uyğurlar, qazaxlar, özbəklər, dunqanlar öz haqları uğrunda mübarizə aparıblar, sadəcə, dillərində təhsil alıb idarəetmə orqanlarını qurmaq istəyiblər. 

Sovet Rusiyası isə Petrin və Böyük Yekaterinanın genişlənmə siyasətini qarşısına məqsəd qoyduğundan Şərqi Türküstan xalqlarının nə istədiyini bilirdi. Nəticədə onların milli hisslərindən istifadə edərək bu istiqamətdə hərəkatların, təşkilatların, cəmiyyətlərin, partiyaların yaradılması haqda gizli qərarlar qəbul edib. Bu qərarlarda mənim üçün birinci heyrət doğuracaq məqam kommunistlərin 1917-ci il çevrilişindən sonra Sincana mühacir etmiş ağqvardiyaçılarla əməkdaşlığıdır və  əməkdaşlıq 20 il davam edir, tarixin ironiyasına baxın ki, kommunistlər ağqvardiyaçıları Sovet ordenləri ilə mükafatlandırırlar da. Yəni Rusiya rəhbərliyinin tarix boyu məqsədi dəyişməzdir, genişlənmə siyasətində ideoloji düşmənlərlə də əməkdaşlığa gedə bilərlər. Bütün bu məxfi, gizli qərarların tarixi, arxiv mənbəsi, onlara diplomatların, tarixçilərin münasibətləri qeyd olunur və təhlil edilir.

 Oxuduqca müqayisə aparırsan, SSRİ aclıq hökm sürən 30-cu illərdə (Ukrayna Qolodomoru, ya da Qazaxıstandakı aclıq) hansı maraqdan Şərqi Türküstana nüfuz edirdi, nəyə lazım idi silah, qida və insan yardımları, olmazdımı bunları ittifaqda yaşayan xalqlara ayırsın? Yaxud 1943-cü ildə faşist Almaniyası ilə ağır döyüşlərin getdiyi zaman Siyasi Büro Şərqi Türküstan əyaləti haqda tam məxfi qrifi ilə qərarlar qəbul etmişdi. 

Əlbəttə, bu sual Stalin Rusiyasının Sincanla bağlı apardığı siyasəti açan "Qızıl alma uğrunda Çin-Sovet savaşı. Şərqi Türküstan 1930-1950” araşdırmasının hər fəslində qarşına çıxır.  Cavab aydındır, Rusiyanın genişlənmə siyasəti dəyişməzdir, o bu gün də davam edir, demokrat adlandırılan Yeltsin Rusiyasında da dayanmamışdı ( Azərbaycanın rayonlarının 1993-cü  ilin yay-payız aylarında işğalını xatırlamaq yetər). 

Amma bu sualı təkcə tarixçilər deyil, filosoflar, psixoloqlar, sosioloqlar, yeri gələndə ədəbiyyatçılar da araşdırmalıdır. 

Kitabda ağrıdıcı olduğu qədər tarixdən ibrət götürəsi Şərqi Türküstan kommunistlərinin həyatına son qoyan İrkutsk faciəsidir, bu hadisə ilə 20 noyabr 1991 faciəsi arasında analogiya aparmaq olar. Həmçinin, 1920-ci ilin 28 aprelində bolşevik Rusiyasını çağıranların sonrakı taleyi ilə. Bu günün Azərbaycanında Rusiyaya ağızsuyu axıdan bədbəxtlər, gedin sələflərinizin faciəsini öyrənin heç olmasa. 

Beləliklə, adamları dəstək verəcəkləri ilə inandırırlar, fəallaşdırırlar, yeri gələndə hər cür yardım edirlər, günün birində həyatlarının üstündən xətt çəkirlər. Stalin başda olmaqla SSRİ rəsmiləri hər dəfə Çang Kay-şinin (Nankin hökuməti) nümayəndələri görüşəndə Çinin ərazi bütövlüyünü tanıdığını israrla bildirir, amma yerli xalqlara da silah-sursat ötürür, yaxud kommunistlərlə danışıqlarını aparır. Son nəticədə yenə də qurbanlıq hədəfinə bölgədə sayca çox olan uyğurlar, qazaxlar, dunqanlar gəlir. 

Sincan kiçik yer deyil, neft və əlvan metallarla zəngin, Türkiyədən 2 dəfə böyük, Fransa, Almaniya və Böyük Britaniyanın birlikdə götürülmüş ərazisinə yaxın əyalətdir. 

Bölgənin SSRİ ilə sərhədlərinin uzunluğu 1.6 min km-ə qədər idi. Kitabda göstərilən statistikaya görə II dünya savaşı öncəsi Şərqi Türküstanda 3.900.000 insan yaşayırdı ki, onun da 2.500.000 nəfəri uyğur, 235 mini qazax, 230 mini çinli, 200 mini dunqan (çin dilli müsəlmanlar), 130 mini mancur, 120 mini qırğız, 85 mini torqout. Qalanları çaxar, dulan, tacik, özbək, tatar, indus, rus, tanqud və digər xalqlar idi. Əlbəttə, rəqəmlər dəyişirdi, Çin statistik məlumatlarında 4 milyon civarında əhali yaşadığı, onun da 6 faizinin çinli olduğu göstərilirdi. Mao-Tszedun isə tamam fərqli rəqəm deyirdi (9 milyon türk-müsəlman yaşayır). 

Sonralar Stalin çinli kommunistlərə demişdi ki, tez bir zamanda əhalinin tərkibini heç olmasa 30 faiz dəyişməlisiniz. Və SSRİ-nin 20 illik siyasəti bu xalqların faciəsi ilə yaşandı. 

P.S. Təhsil Nazirliyi özündə cəsarət tapıb orta və ali məktəblərin türk xalqlarının tarixi dəsrliklərinə "Qızıl alma uğrunda Çin-Sovet savaşı. Şərqi Türküstan 1930-1950” əsərindən fəsillər daxil etməlidir. 

P.P.S. Nə qədər nifrətə layiq olsa da, yerli xalqların yaddaşında qəddarlığı ilə iz buraxan Şeng Sicai adlı quldurun Stalini kimi əjdahanı aldatması tarixin öyrəniləsi və düşündürücü epizodudur.