2025-ci ildə seçkilərin keçirilməsinə 35,1 milyon manat vəsait ayrılacaq
28-12-2024 02:40 / Bu xəbər 99 dəfə oxundu
Bu, 2024-cü illə müqayisədə 55,7 % azdır
2025-ci ilin dövlət büdcəsindən seçkilərin keçirilməsinə 35,1 milyon manat vəsait ayrılacaq.
Bu, Prezident İlham Əliyevin dekabrın 27-də təsdiqlədiyi "2025-ci ilin dövlət büdcəsi haqqında” qanunun tətbiqi barədə fərmanda öz əksini tapıb.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 55,7 % azdır.
Azərbaycanda 2025-ci il yanvarın 29-da bələdiyyə seçkiləri keçiriləcək.
2024-cü il oktyabrın 18-də Milli Məclis "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə − "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.
Milli Məclis 1400 bələdiyyənin birləşdirilərək ümumi sayının 685-ə endirilməsini təsdiqləyib.
Noyabrın 25-də isə Prezident İlham Əliyev qanunu təsdiqləyib.
Azərbaycanda indiyə qədər 5 bələdiyyə seçkisi keçirilib. Bu da 1999, 2004, 2009, 2014 və 2019-cu illəri əhatə edir.
Sonuncu bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib.
Seçki Məcəlləsinə əsasən, bələdiyyə seçkiləri hər beş ildən bir keçirilir.
İndiyədək həmişə bu seçkilər dekabrda olub.
Bəzi ekspertlər Bələdiyyə seçkilərinin keçirilməsi vaxtının uzadılmasını qanuna zidd hesab edirlər.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun dekabrın 2-də keçirilən iclasında bildirib ki, bələdiyyə seçkilərində xaricdən heç bir müşahidəçi dəvət edilməyəcək.
"Təbii ki, kim bizə müraciət ünvanlayacaqsa, qəbul edəcəyik. Amma biz özümüz xaricdən müşahidəçi dəvət etməyəcəyik. Çünki bələdiyyə seçkiləri daxili məsələdir”, – MSK sədri bildirib.