44 günlük II Qarabağ müharibəsindən bəhs edən filmin təqdimatı olacaq

44 günlük II Qarabağ müharibəsindən bəhs edən filmin təqdimatı olacaq

14-09-2023 23:56 / Bu xəbər 1119 dəfə oxundu

Sentyabrın 21-dən etibarən "CinemaPlus” kinoteatrlar şəbəkəsində Xalq artisti Vaqif Mustafayevin "Həyat, deyəsən, gözəldir” tragikomediya filminin Azərbaycan dilində nümayişi başlayır.

Sözügedən ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Baş rollarda Hikmət Rəhimov, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Çeliya, Aftandil Maxaradze, Sevinc Əliyeva, Anaida Rostovskaya və başqaları çəkilib.

Film erməni daşnaklarının 30 ilə yaxın bir müddətdə zəbt edərək talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki zəfərimizdən bəhs edir. 

Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Qardaşların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərinin əsasını təşkil edir.

Çəkilişlər Xocavənd rayonunun Hadrut kəndində, Xızı rayonunda, Bakı və Abşeron yarımadasında aparılıb.

Fimin beynəlxalq premyerası ötən il noyabrın 4-də "Qorqud Ata” Türk Dünyası Film Festivalında baş tutub. 

Ekran əsərinin rejissoru və ssenari müəllifi V.Mustafayev "Türk dünyasının ən yaxşı rejissoru” nominasiyası üzrə mükafatlandırılıb.

Nümayişdən bir gün öncə, sentyabrın 20-də Gənclik Mall Ticarət Mərkəzində yerləşən "CinemaPlus” kinoteatrında rejissor və aktyorların iştirakı ilə filmin qala-gecəsi baş tutacaq.

Qala-gecəyə biletləri www.cinemaplus.az saytından, mobil tətbiqindən və ya kinoteatrın kassalarından almaq mümkündür.

Ülviyyə