50 yaşın yazısı: Üfüqün sonsuzluğunda da məna var...

50 yaşın yazısı: Üfüqün sonsuzluğunda da məna var...

14-03-2021 00:34 / Bu xəbər 3784 dəfə oxundu

Natiq Cavadlı

Ömrümün 50-ci baharıyla vidalaşdım. 50 ilin 30 ili müstəqillik dövrünə düşdü, onun da 27 ili Əliyevlər monarxiyasına. Doğulanda ata Əliyev hakimiyyətdəydi, təəssüf ki, övladlarım da dünyaya gələndə. Yaxşıdırmı, pisdirmi, əlbəttə ikincisidir. 

Könül istərdi ki, azad və ədalətli cəmiyyətdə yaşayaq, çünki yalnız o toplumlarda insan potensialını reallaşdırmaq imkanını qazanır. Nə edə bilərik, tarix belədir, tarix kitablarının 2 vərəqini çevirirsən, 70-100 ili geridə qoyursan. Ömür isə bir dəfə verilir, onu da yaşamaq lazımdır, amma ləyaqətlə...

Əlbəttə, çətindir, onsuz da həyatda asan nə varsa, dadı yarımçıq qalır. Əsas o deyil ki, sən hakimiyyətin hər addımına etiraz edəsən, əsas şərin yanında dayanmamağındır, yalanla yaşamamağındır.   

Nikbinliyim ondadır ki, Azərbaycan müstəqildir və bu gedişatla gələcək nəsillər ədalətli və azad cəmiyyətdə yaşayacaq.

Bizim nəsil iki müharibə gördü, I Qarabağ müharibəsində dövlət yeni qurulurdu, resursları zəif idi, Azərbaycan yalnız Ermənistanla deyil, Rusiya başda olmaqla bütün dünyaya döyüşürdü və Türkiyədən 44 günlük müharibədə olduğu kimi dəstək almadıq. Ona görə döyüşü uduzdu. 

II Qarabağ müharibəsində vəziyyət bir çox istiqamətlərdə dəyişmişdi, ona görə Azərbaycan torpaqlarının əksər hissəsini işğaldan azad edə bildi. Hər iki müharibədə şəhid olanların xatirələri qarşısında baş əyirəm!

Azərbaycanda 1969-1973-cü illərdə doğulanlar itirilmiş nəsil sayıla bilər. Yarısı müstəqillik, ərazi bütövlüyü uğrunda savaşlarda, yarısı Rusiya çöllərində çörək pulu qazancında həyatını itirdi, qalanı da mühacirətdə...

Fəxarətli sayıla bilərmi ötən 50 il, düşünmədən deyə bilərəm ki, bəli. Çünki yalanın, ədalətsizliyin və şərin yanında dayanmadım, mənəmliyim qarşısında sınmadım və mənliyimi qorudum. Buna görə valideynlərimə də borcluyam. Ən əsası onunla fəxr edirəm ki, Azərbaycanın iki böyük insanıyla təmasda oldum: Asif Ata və Əbülfəz Elçibəy! 

Birinci mənə kasıblıqdan utanma, halalıqdan usanma dedi. Böyük fəlsəfəni öyrətdi, onun vasitəsilə özümü tanıdım və çətin günlərdə özümlə döyüşməyi bacardım. İkincidən millətə sevgisi olduğu qədər şərə nifrəti öyrəndim.

Orta məktəbdə dil-ədəbiyyat müəlliməm Kəklik xanım az qala hər dərsdə deyirdi ki, nəbadə jurnalist olasınız, özünüzü bədbəxt etməyin. Bir dəfə maraq məni götürdü (halbuki jurnalistikaya o zaman marağım da yox idi və bu sahəyə təsadüfən gəlmişəm), dərs sonrası müəlliməmdən soruşdum ki, niyə tez-tez belə deyirsiniz? 

Cavab verdi ki, qəzet oxumursan, televiziyaya baxmırsan, görmürsən yalanla nəfəs alırlar və bizi yalana alışdırırlar. Əlbəttə, Kəklik müəlliməm haqlıydı, sovet dövrünün partiya mətbuatı gerçəklikdən yaza bilməzdi. Qorbaçov aşkarlğı, yenidənqurması ucqarlara gec yetişirdi, hələ qarşıda K.Bağırovun Gəncə adının qaytarılmasını gündəmə gətirdiyi üçün jurnalist Nüşabə Məmmədovanı xalq düşməninə çevirdiyi günlər var idi. 

Beləcə, sovet dövrünün hərbi xidmətini də gördüm, orda da öyrəndim müxtəlif xalqları: rusları, ukraynları, baltikləri və başqalarını. Nə qədər əcaib olsa da, aşkarlığı sovet ordusunda (1989-1991-ci illər) gördüm və öyrəndim.  Məsələn, mart referendumunda hərbi hissədə bir sıra ruslar belə SSRİ-nin saxlanılmasının əleyhinə səs verdilər. 

Xarakterimdə çatışmazlığım: kobudam (yersiz hay-küyçüyüm də bundan doğur), tənbələm və özümə qapanma elə həddə olur ki, laqeydliyim tüğyan edir, sevdiyim, dost dediyim adamları aylarla aramıram və münasibətlər qırılır. Və simicəm, qazandığımı xərcləyə bilmirəm, səbəbləri müxtəlifdir.  

Hobbim: film izləmək, oxumaq, öyrənmək, düşünmək və onlar vasitəsilə varlığın mənasına dalmaq, mənalanmaq, mənalandırmaq. Jurnalistikaya həqiqət axtarmağa yox, gerçəkliyi görüb yazmaq üçün gəlmişəm. Mənim üçün həqiqət dünyanın, insanın və həyatın mənasındadır. Bir körpənin gülüşündə, bir qadının əllərində, 1 qocanın simasının qırışlarında, üfüqün sonsuzluğunda da məna var. Sadəcə, onu görmək üçün bəsirət gözü gərək!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.