"8 Marş" yürüşünün təşkilatçıları bəyanat yayıb
11-03-2020 14:37 / Bu xəbər 1453 dəfə oxundu
"8 Marş - Bizimdir hürr küçələr" adlı yürüşün təşkilat heyəti baş verən hadisələrlə bağlı bəyanat yayıb.
Bəyanat feysbukda 8 marş yürüşünün rəsmi səhifəsində və yürüş təşkilatçılarının hesablarında paylaşılıb.
Bəyanatda bildirilir ki, "8 marş - Bizimdir hürr küçələr” yürüşünün əsas hədəfinin patriarxal normaların aradan qaldırılmasına yönəldiyini, həmin yürüşün ictimaiyyətə açıq və hər kəsin iştirak etməkdə sərbəst olduğunu xatırladaraq, yürüş zamanı baş verənlərlə bağlı:
• hər kəsin toplaşmaq, birləşmək hüququ, ifadə azadlığına hörmətlə yanaşdığımızı;
• insanların şərəf və ləyaqətini alçaldan, hüquqlarını pozan hər kəsin hərəkətlərini pislədiyimizi və buna görə cavab verməli olduqlarını;
• aksiyaya öncədən hazırlaşdırılaraq göndərilən təxribatçılar qrupuna görə yürüş təşkilatçılarının və digər aksiya iştirakçılarının məsuliyyət daşımadığını;
• hər kəsin təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin pozitiv öhdəlik daşıdığını bəyan edirik".
Qeyd olunur ki, Aysel Ələkbərzadə yürüşün təşkilat heyətində olmayan, lakin öz şəxsi ifadə azadlığından istifadə edən yürüş iştirakçısıdır.
Bəyanatda vurğulanır ki, hökumətyönümlü medya Aysel Ələkbərzadənin qaldırdığı plakatı qəsdən tirajlayaraq, feminist hərəkatın əleyhinə kampaniya aparıb:
"Biz hökumətyönümlü medianın (AzTV, Real tv, haqqın.az və s.) bizi birbaşa hədəf aldığını və çoxsaylı şüarlar arasında məhz birinin qəsdən tirajlandığını nəzərə alaraq, bu qənaətə gəlirik ki, biz hökumət tərəfindən ciddi bir qüvvə kimi qəbul edilirik. Odur ki, hazırda əleyhimizə ciddi şəkildə kampaniya aparılır".
Təşkilatçılar qeyd edir ki, keçirdikləri yürüşün bütün hədəfləri yürüş öncəsi yayımlanan bəyanatın mətnində qeyd olunub.
"İctimaiyyəti yürüşün əsas hədəflərindən uzaqlaşdırmağa yönəlmiş bütün kampaniyaları pisləyirik" - deyə, bəyanatın sonunda qeyd olunur.
APA xəbər verib ki, yürüş iştirakçılarından biri olan Aysel Ələkbərzadə martın 10-da özünü 3-cü mərtəbədə yerləşən mənzilin balkonundan ataraq intihara cəhd edib. Kliniki Tibbi Mərkəzdən bildirib ki, A. Ələkbərzadəyə ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
A. Ələkbərzadə intiharın aksiya ilə əlaqədar olmadığını bildirsə də, APA-ya açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, istintaq əsas fərziyyə kimi Aysel Ələkbərzadənin "feminist hərəkatı"nın ayrı-ayrı üzvləri tərəfindən qanunsuz aksiyanın qurbanına çevrilməsi istiqamətində aparılır.
Martın 8-də Azərbaycan feminist hərəkatı 8 Mart tarixi gününü qeyd etmək məqsədi ilə "8 MARŞ - Bizimdir Hürr Küçələr" yürüşünü keçirib. Bildirilib ki, həmin gün onlar cəmiyyəti patriarxatdan azad etmək və səslərini duyurmaq naminə birləşiblər.
Yürüşün məqsədləri çoxsaylı qadın qətllərinə, erkən nikahlara, uşaq istismarına, gender əsaslı zorakılığa etiraz etmək, insanları kişi hakimiyyətinə qarşı səfərbər etmək olduğu qeyd olunub.///Toplum.Tv












