ABŞ Bakı və Yerevanı hərtərəfli sülh sazişi bağlamağa çağırıb
31-08-2022 13:15 / Bu xəbər 994 dəfə oxundu
"Amerika Birləşmiş Ştatları (ABŞ) Cənubi Qafqaz üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiq qalır".
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü "Turan"ın Amerika müxbirinə deyib.
Dövlət Departamentinin sözçünün müavini Vedant Patel brifinq zamanı Əliyev və Paşinyan arasında Brüsseldə keçiriləcək görüşdən gözləntilərlə bağlı sualı cavablandırarkən vurğulayıb: "Biz Ermənistan və Azərbaycanı diplomatik əlaqələri fəallaşdırmağa və hərtərəfli sülh sazişi əldə etməyə çağırırıq”.
Ermənistan və Azərbaycan liderləri bu gün Avropa İttifaqının paytaxtında Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə danışıqlar aparmaq üçün görüşəcəklər.
Vaşinqton Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu asanlaşdırmaq üçün həmfikir tərəfdaşlarla ikitərəfli əməkdaşlıq edərək Brüssel prosesini dəstəklədiyini bildirib.












