ABŞ Bakı və Yerevanı müharibə ritorikasından çəkinməyə çağırır

ABŞ Bakı və Yerevanı müharibə ritorikasından çəkinməyə çağırır

09-04-2024 13:01 / Bu xəbər 841 dəfə oxundu

"Bu münaqişənin həlli yolu son nəticədə danışıqlar masasıdır”

ABŞ Ermənistan-Azərbaycan sərhədi boyunca eskalasiya və ya hərbi əməliyyatlar ritorikasından çəkinməyə çağırır.

Bu barədə aprelin 8-də Dövlət Departamentinin nümayəndəsi Metyu Miller 5 aprel Brüssel görüşündən sonra sərhəddə baş verən son toqquşmalar barədə suala cavabında deyib.

"Birləşmiş Ştatlar hər kəsin hüquqlarına hörmət edildiyi regionda ədalətli və layiqli sülh üçün şəraitin yaradılmasını dəstəkləyir. Davamlı sülhə nail olmağın yeganə yolu danışıqlar masasında oturmaqdır”, – deyə Departamentin rəsmisi əlavə edib.

Məlumatı "Turan” yayıb.

Brifinq zamanı "Turan”ın müxbirinin "Vaşinqton iki tərəf arasında sülh danışıqları aparmağı planlaşdırırmı?” sualına Dövlət Departamentinin mətbuat katibi Miller belə cavab verib: "Biz çox aydın şəkildə bildirdik ki, bu münaqişənin həlli yolu son nəticədə danışıqlar masasıdır. Qarşıdakı görüşlər barədə danışa bilmərəm, amma biz həmişə işarə etmişik ki, dialoqu alqışlayırıq”.

"Dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan liderlərilə söhbət zamanı iki tərəfin arasında dialoqun lazım olduğunu açıq şəkildə bildirib. Biz bu dialoqu asanlaşdırmaq üçün istənilən rolu oynamaqdan məmnunuq”, – deyə Miller fikrini tamamlayıb.

Aprelin 5-də Ermənistan və Azərbaycan arasında atəşkəs pozulub.

Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edib.

Münaqişənin qısa tarixçəsi

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də isə separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.