ABŞ-da Bayramovla Mirzoyanın görüşü gözlənilir

ABŞ-da Bayramovla Mirzoyanın görüşü gözlənilir

25-09-2024 17:55 / Bu xəbər 856 dəfə oxundu

Azərbaycan XİN görüşün planlaşdırıldığını təsdiqləyib

Sentyabrın 26-da Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanın görüşü gözlənilir.

Bu barədə sentyabrın 25-də "Turan”ın Vaşinqton müxbirinə vəziyyətlə tanış olan iki mənbə bildirib.

Onların sözlərinə görə, ABŞ Dövlət katibi Entoni Blinkenin hər iki dövlətin xarici işlər naziri ilə görüşü gözlənilir.

O, sülh prosesinin "son mərhələsi” üzrə işlərin başa çatdırılmasını istəyir.

Ancaq agentliyə "son mərhələnin” nədən ibarət oldugunu və nəticəsinin necə olacağı hələ də bəlli deyil, Dövlət Departamenti də bununla bağlı hər hansı şərh verməyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəisi Ayxan Hacızadə Meydan TV-yə Ceyhun Bayramovun Ararat Mirzoyanla görüşünün planlaşdırıldığını təsdiqləyib.

Dövlət Departamentinin sözçüsü Metyu Miller isə deyib ki, tərəflər sülh sazişi üzərində işlədiyi bir vaxtda ABŞ Azərbaycan və Ermənistana "mümkün olan istənilən yolla”, "faydalı olarsa, yeni görüşün təşkil edilməsi  də daxil olmaqla” dəstək vermək niyyətindədir.

"Biz hər iki ölkənin davamlı və layiqli sülh razılaşması əldə etmək səylərini dəstəkləməyə davam edirik”, – deyə Miller brifinqdə vurğulayıb.

Dövlət Departamentinin məlumatına görə, Blinken bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda danışıb və tərəflər arasında son nailiyyətləri, o cümlədən sərhədlərin delimitasiyası ilə bağlı razılaşmanı "alqışlayıb”.

Ararat Mirzoyan və Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorkdadırlar.

Sonuncu dəfə iyulun 10-da Entoni Blinkeninin iştirakı ilə Ararat Mirzoyan və Ceyhun Bayramov görüşmüşdü.

2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib. 2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb.

Ondan sonra Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam etdirilir. Bu danışıqlarda həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir.