ABŞ-da təhsil alan məzunlarla Bakıda görüş keçirilib
01-03-2024 13:24 / Bu xəbər 689 dəfə oxundu
Fevralın 29-da Bakıda ABŞ Təhsilli Azərbaycan Məzunları Assosiasiyasının yaradılmasının 20 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
ABŞ səfirliyinin məlumatına görə, səfir Mark Libby tədbirdə çıxış edərək, Gələcək Liderlər Mübadiləsi (FLEX) və Hubert H. Humphrey Təqaüd proqramlarının 30 və 45 illik ildönümünü qeyd edib və ABŞ Təhsilli Azərbaycan Məzunları Assosiasiyasının yaradılmasının 20 illik yubileyini vurğulayıb.
Hər il keçirilən tədbir bu dəfə ABŞ hökumətinin maliyyələşdirdiyi mübadilə proqramlarından faydalanmış 8000-dən çox azərbaycanlı məzunların şərəfinə təşkil olunub.
Səfir Libbi məzunların həm karyera boyu gostərdikləri faydanı, həm də yaşadıqları icmalara verdikləri töhfələri vurğulayıb, bu günün və sabahın liderlərini ABŞ və Azərbaycan xalqları arasında münasibətləri möhkəmləndirməyə davam etməyə təşviq edib.
Bundan öncə ABŞ-ın Azərbaycandakı səfirliyi Amerika universitetlərinin məzunları ilə görüşü ötən il noyabrın 27-də Bakıda Marriott Absheron otelində keçirilməyi planlaşdırmışdı.
Azərbaycanın iqtidaryönümlü mediasında dərc edilən təhdidedici yazılardan sonra ABŞ səfirliyi təntənəli görüşü təxirə salıb. Belə ki, bir sıra media orqanlarında ABŞ-da təhsil alanlar "ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən agentura şəbəkəsi", "məxfi əməkdaşlığa cəlb edilmiş"lər kimi xarakterizə edilib.
ABŞ-ın Azərbaycandakı səfirliyi ötən il noyabrın 13-də bildirib ki, 2022-2023-cü tədris ili ərzində 901 azərbaycanlı ABŞ-da təhsil alır.
Bu, əvvəlki illə müqayisədə 23,8 faiz çoxdur.
Bundan öncə isə ABŞ Səfirliyi 2021-2022-ci tədris ilində 728 azərbaycanlı tələbənin xaricdə təhsil almaq üçün ABŞ-ı seçdiyini, bunun 2020-ci illə müqayisədə otuz faizdən çox artdığını xatrıladıb.