ABŞ Dövlət Departamenti: Azərbaycan həbsxanalarında vəziyyət həyati təhlükə daşıyır
14-03-2019 14:12 / Bu xəbər 2255 dəfə oxundu
Hesabat Azərbaycanda arbitrar qətl, işgəncə və siyasi həbslərə diqqət yetirir
"Azərbaycan hökuməti insan haqlarını pozan rəsmilərin əksəriyyətini nə təqib edir, nə də cəzalandırır - cəzasızlıq problem olaraq qalır".
ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatının Azərbaycanla bağlı hissəsində belə deyilir.
Martın 13-də ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara münasibətini dəyərləndirən hesabatı açıqlanıb.
"Amerikanın səsi” məlumat verir ki, hesabatı təqdim edən Dövlət Katibi Mayk Pompeo ABŞ-ın xarici dövlətlərlə münasibətlərinin əsasında insan haqlarının mühüm yer aldığını vurğulayıb.
Hesabatın Azərbaycana aid 40 səhifəlik hissəsində bu Cənubi Qafqaz ölkəsində baş verən hüquq pozuntuları ətraflı şəkildə təsvir edilir. Bildirilir ki, Azərbaycanda arbitrar qətllər və işgəncə halları geniş hal alıb:
"2018-ci ilin sentyabr ayında Teymur Axundov Qazax polis idarəsində sorğu-suala çəkildikdən sonra vəfat edib. Onun ailəsi Axundovun ölümünə polis tərəfindən yetirilən fiziki təzyiqlərin səbəb olduğunu bildirib.
Mayk Pompeo
Mənbə: google.az
Sentyabrın 13-də Dövlət Sərhəd Xidmətinin sıravi əsgəri Hüseyn Qurbanov naməlum şərtlər altında həyatını itirib. Rəsmilər onun intihar etdiyini bildirsə də, ailəsi Qurbanovun hərbi bölmə üzvləri tərəfindən qətlə yetirildiyini iddia edir”.
Azərbaycanda polis nəzarətində olan insanların tez-tez işgəncələr və qəddar rəftarla üzləşdiyini qeyd edən hesabat polisin zordan istifadə edərək tutulanlardan "etiraf" aldığını yazır.
Qazax Rayon Polis Şöbəsi
Mənbə: google.az
Bu işgəncələr tutulanların öz təqsirlərini boyunlarına almaları, yaxud da əlavə cinayət maddələri tətbiq edilməsi məqsədi daşıyıb," - hesabatda deyirlir.
Bu xüsusda video bloger Mehman Hüseynovun ona işgəncə verildiyini açıqlamasından sonra Nizami Rayon Polis İdarəsinin iddiası əsasında iki il həbsə məhkum olunduğu bildirilir.
Azərbaycanda polis nəzarətində olan adamların ayaqlarının altına dəyənəklə vurulur, onlara elektrik şokları verilir.
Həbsxanalarda vəziyyəti monitorinq edən qrupun bildirdiyinə görə, Azərbaycan həbsxanalarında vəziyyət həyati təhlükə daşıyır. Belə ki, kameralar həddindən artıq dolu, istilik və ventilyasi sistemi yararsız və lazımi tibbi qayğı mövcud deyil. Buna misal olaraq göz əməliyyatından məhrum edilən və daha sonra gözünə daimi zədə dəyən AXCP-nin müşaviri Məhəmməd İbrahimi göstərmək olar.
İşgəncə
Mənbə: meydan tv
Məhəmməd İbrahimin üçillik cəza müddətinin başa çatmasına iki gün qalmış onun saxlandığı 16 Saylı Cəzaçəkmə Müəssisəsində yatağından bıçaq tiyəsi tapıldığı iddia olunaraq, ona qarşı CM-in 317-2.1 (Həbsdə saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə ittiham irəli sürülüb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində istintaq dövrü üçün iki aylıq həbs-qətimkan tədbiri seçib.
Hesabatda deyilir ki, məhbuslar məhkəmələrini gözləyənədək yerli məhkəmələrin qeyri-insani şəraitdəki zirzəmilərində saxlandıqlarından şikayətlənir.
Bundan əlavə, yeməklərin keyfiyyəsizliyindən də gileylənənlərin sayı az deyil.
Qanuna əsasən siyasi məhbuslara məxsus hüquqların digər məhbuslara verilən hüquqlardan fərqlənmədiyini qeyd edən hesabatda siyasi məhbuslara müxətlif növ məhdudiyyətlərin tətbiq edildiyi vurğulanır.
Siyasi məhbuslara kitab oxumaq və ailələri ilə görüşməklə bağlı xüsusi məhdudiyyətlər tətbiq edilir.
Prezidentin martın 24-də imzaladığı əfv fərmanından əlavə, Ali Məhkəmə aprelin 5-də "qeyri-qanuni sahibkarlıqda və səlahiyyətlərini aşmaqda" ittiham olunan jurnalist Əziz Orucovu şərti azadlığa buraxıb. Avqustun 13-də Şəki Apelyasiya Məhkəməsi müxalif Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovu şərti azadlığa buraxıb. Məmmədov Avropa insan Haqları Məhkəməsinin 2014 və 2017-ci ildə verdiyi qərarlara rəğmən 2013-cü ildən bəri həbsdə idi. Oktyabrın 31-də İlqar Məmmədov kassasiya şikayəti irəli sürərək tam bəraətini tələb edib.
Yanvarın 12-də Balakən Rayon Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Muxtarlını altı il müddətinə həbs cəzasına məhkum edib. Rəsmilərin Muxtarlını mayın 30-da Gürcüstandan oğurlayıb, Azərbaycana gətirərək onu sərhədi qanunsuz keçmək və bənzər ittihamlarla həbs edib.
Yanvarın 23-də Qazax Rayon Məhkəməsi müxalif Xalq Cəbhəsi partiyasının sədri Gözəl Bayramlını sərhəddən qanunsuz pul keçirmək ittihamı ilə üç illik azadlıqdan məhrum edib. İnsan haqları müdafiəçiləri onun həbsinin siyasi motivli olduğunu və rəsmilərin Bayramlını icazəsiz siyasi nümayişlərin təşkilində oynadığı roluna görə həbs etdiyini bildirib.
Məhkəmə
Mənbə: google.az
Fəlların siyasi məhbus hesab etdiyi insanlar arasında Xalq Cəbhəsi partiyasının üzvləri Vidadi Rüstəmov, Aqil Məhərrəmov, Ruslan Nəsirli, Babək Həsənov, partiya tərəfdarları Saleh Rüstəmov və Musavat partiyasının fəalı Azad Həsənov var.
Qanunlar ölkədə ifadə və mətbuat azadlığını təmin edib, mətbuatda senzuranı qadağan etsə də, hökumət bu qanunları pozur. Hökumət ifadə azadlığı və mətbuatın müstəqilliyini məhdudlaşdırıb. Jurnalistlər hədələnib, bəzi hallarda isə döyülüb və ya həbs olunub. Hökumət media orqanlarını və ölkədə və xaricdə olan jurnalistlər və onların qohumlarına təzyiq göstərməkdə davam edib.
Azərbaycan hökuməti ifadə azadlığını və media müstəqilliyini məhdudlaşdırır.
İlboyu hökumətə məxsus və hökumətpərəst mətbuat orqanları mediada dominant mövqeyə malikdir. Çox məhdud sayda müstəqil onlayn media orqanları hökumətin siyasəti ilə bağlı müxtəlif fikirlər irəli sürüb, lakin hökumət də buna görə onları müxtəlif yollarla cəzalandırıb. 2018-ci il IREX Medianın Davamlılığı İndeksində "əsas xəbər media orqanlarının hakim elitanın nəzarəti altında olduğu və yalnız onların məqsədlərinə uyğun xəbərləri işıqlandırdığı” qeyd olunub.
Yerli müşahidəçilər bildirib ki, müstəqlil media orqanlarının jurnalistləri ilboyu fiziki və kiber hücumlara məruz qalıb. Bu hücumlar əsasən Azadlıq Radiosu, Azadlıq qəzeti və digər qəzetlər, Meydan TV və Obyektiv TV-nin jurnalistlərini hədəf alıb.