Mehman Hüseynov azadlığa buraxılıb

Mehman Hüseynov azadlığa buraxılıb

02-03-2019 11:59 / Bu xəbər 1965 dəfə oxundu

Həbsdə olan bloger Mehman Hüseynov azadlığa buraxılıb.

"Report"un xəbərinə görə, onun 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası bu gün başa çatıb. 

Bloqqer saxlandığı Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb. 

M.Hüseynov 2017-ci ilin martın 2-dən həbsdə idi. 

O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Qərar Nəsimi rayon Polis idarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılmışdı. 

Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Onun barəsində ötən il dekabrın 26-da isə 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanmışdı. 

Məlumata görə, 14 saylı Cəzaçəkmə Müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum M.Hüseynov müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Daha sonra Prezident İlham Əliyev M.Hüseynovla bağlı qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib.

Prezidentinin tövsiyələrinə uyğun olaraq, Baş prokuror tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib. 

İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, onun barəsindəki cinayət işinin icraatına xitam verilib.