ABŞ-ın Azərbaycana göndərəcəyi yeni səfir bəlli oldu
10-11-2023 02:29 / Bu xəbər 1556 dəfə oxundu
Senat Mark Libbinin namizədliyini təsdiqlədi
Noyabrın 8-də ABŞ Senatı Prezident Co Baydenin diplomat Mark Libbinin Azərbaycana səfir vəzifəsinə namizədliyini irəli sürməsini dəstəkləyib.
Məlumatı "Turan” yayıb.
2022-ci ilin yayından Li Litsenberqerin səfir postundan getməsindən sonra ABŞ-ın Azərbaycanda səfiri olmayıb.
Co Bayden Mark Libbinin namizədliyini keçən ilin mayında irəli sürüb, amma o vaxtdan Senat onun namizədliyini təsdiqləməmişdi.
ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç "Turan”a deyib ki, Libbini şəxsən tanımasa da, böyük təcrübəsi var, karyeralı diplomatıdır və bu, ona Bakıdakı fəaliyyətində kömək edəcək.
İyunun 14-də Senatda dinləmələr zamanı Mark Libbi Qarabağla bağlı sülh danışıqları, insan hüquqları və ABŞ-Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair suallarla qarşılaşıb.
Diplomat bildirib ki, Qarabağda sülh Vaşinqton və Bakıya əməkdaşlığı yeni səviyyəyə qaldırmağa imkan verəcək:
"Terrorizmlə mübarizə, sərhəd, enerji və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlıq ABŞ-ın milli maraqlarına və təhlükəsizliyinə xidmət edəcək. Bu sahələrdə səylərimizi ikiqat artıracağam”.
Mark Libbinin sözlərinə görə, demokratiya və insan hüquqları ABŞ-ın xarici siyasətinin əsasını təşkil edir: "Təkcə ona görə yox ki, bizim dəyərlərimizi əks etdirir, həm də sülh və firavanlıq üçün ən yaxşı zəmin olduğunu sübut edir”.
"Səfir vəzifəsinə təsdiqlənərsəm, Azərbaycan liderlərinin və vətəndaşlarının geniş dairəsilə hörmətli, lakin çox səmimi dialoq aparmağı və bu dəyərləri, hüquq və azadlıqları Azərbaycanda və daha geniş regionda müdafiə etməyi öhdəmə götürürəm”, – deyə o, iyun dinləmələrində bildirib.
Libbi son vaxtlara qədər Vaşinqtondakı Milli Hərbi Kollecdə Dövlət Departamentinin fakültə məsləhətçisi vəzifəsində çalışıb.
Bundan öncə Mark Libbi Brüsseldə Avropa İttifaqı yanında ABŞ missiyası rəhbərinin müavini olub.
Varşava, Nikosiya və Bağdadda ABŞ missiyalarında siyasi məsləhətçi olaraq çalışıb.
Dövlət Departamentində Libbi böhran idarəçiliyi üzrə direktor müavini, Mərkəzi Avropa İşləri İdarəsinin direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru və Diplomatik Xidmət İnstitutunun direktoru olub.
2019-2022-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri Örl Litzenberq olub.