ABŞ Konqresində "Rusiya işi"
24-09-2024 02:13 / Bu xəbər 1080 dəfə oxundu
Seymur Həzi
ABŞ Konqresində Azərbaycanla bağlı keçirilmiş dinləmələrdə "Artsax Gəlirlərinin Bərpası Aktı” adlı sənədin gündəmə gəlməsi diqqətdən kənarda qala bilməz.
Azərbaycanın hökumətyönlü mediasında bu məsələyə yanaşmadan da görünür ki, ABŞ və Azərbaycan arasındaki münasibətlərin korlanması üçün "münbit” şərait formalaşıb.
Bu müzakirələrin ana xəttini təşkil edən "Arsax” məsələsi yüz əlli ilə yaxındır davam etməkdə olan "erməni məsələsi”inin əsas tərkib hissəsi kimi "Şərq məsələsi”nə çevrilməkdədir.
Qərbin ən ciddi siyasi mərkəzlərindən biri olan ABŞ Konqresi açıq şəkildə Avrasiyaçı siyasi xəttin alətinə çevrilməkdədir. Beləliklə, biz ABŞ Konqresindəki tarixi "Rusiya işi”ni aydınlaşdırmağa çalışacağıq.
Onlar kimlərdir, nə istəyirlər?
"Erməni lobbisi” ABŞ-da yaşayan, bu ölkənin ictimai-siyasi həyatında ciddi rol alan, biznes və kriminal sahələrində ciddi təsirə malik dünyanın dörd yanından gəlmiş ermənilərdən ibarət etnik şəbəkədir.
Erməni lobbisi uzun illərdir daha çox ABŞ konqressinə və müxtəlif səviyyəli siyasətçilərə, eyni zamanda ABŞ prezidentliyinə namizədlərə, ABŞ prezidentlərinə təzyiqləri ilə xatırlanır. Belə bir fikir var ki, ABŞ-da erməni seçicilərin və bütövlükdə lobbinin dəstəyini almadan siyasətdə irəliləmək ya mümkün deyil, ya da çox çətindir. Onları razı salmaq üçün isə siyasətçilər qeyri-populyar addımlar atmalıdırlar.
ABŞ siyasətçiləri bir addımı təzyiqlə atırtlarsa, deməli bu addımı atmaq ABŞ dövlətinin və xalqının maraqlarına uyğun deyil. Bu barədə sonrakı abzaslarda söz açacağıq.
Avrasiyaçılıq nədir və nə istəyir?
1917-ci il sosialist inqilabından əvvəl Çarlıqdan Qərbin müxtəlif ölkələrinə üz tutmuş rus sərmayəsi bu inqilabdan sonra ciddi bir canlanma və çiçəklənmə dövrü yaşadı. Bütün imperialar kimi Rusiya da başqa ölkələrdə öz maraq qruplarını formalaşdırırdı.
Mühacir rusların və çarlığın başqa maraq müttəfiqlərinin Qərbdə möhkəmlənməsi üçün münbit şəraiti kapitakizm və liberal iqtisadiyyat yaradırdı. Sərmayə var, maneyə yoxdur. Nəhayət, SSRİ-nin çöküşündən sonra Rusiya bu işin adını qoymaqdan çəkinmədi.
Söhbət "Avrasiyaçılıq”dan gedir. Düzdür, Putinin əsas ideoloqlarından olan Duqin bu prosesi daha ustaca "Çin əməyi, Rusiya xam malı, alman texnologiyasının birliyi” kimi təqdim edirdi, amma bu belə sadə məsələ deyildi. Çünki sözügedən birlik yeni düyna ağalığına iddialı idi.
İstək eyni, niyyət fərqli - maraq müttəfiqliyi
Erməni lobbisi istəyir ki, erməni separatizmi yaşasın. Burada onların həyati marağı odur ki, "böyük Ermənistan” ideyası dəfn ediləndən sonra onların dünya ermənilərinə deyiləcək sözü qalmır.
Bununla da mövcudluq üçün səbəbləri də qalmır. Avrasiyaçı Rusiya istəyir ki, erməni separatizmi yaşasın. Ona görə ki belə olmasa, Xəzərə doğru fiziki irəliləmə mümkün olmur. Beləliklə, Rusiya Qafqazda qalmaq üçün imkanlarını itirir.
DİQQƏT: ABŞ- siyasətçilərinə erməni separatizmini dəstəkləmək üçün təzyiq edən erməni lobbisi eyni zamanda bu təzyiqi Avrasiyaçı Rusiyanın maraqları naminə edir. Buradan da aydın olur ki, ABŞ-dakı erməni lobbisi və onun ABŞ siyasətində təzyiq və ya təşviqlə həyata keçirdiyi iş əslində ABŞ-da Rusiya işidir.
Sistem xətası- səhv düşən nədir?
ABŞ konqresmenlərinin Azərbaycanda insan haqqlarının durumuna verdiyi reaksiya qəti başadüşülən deyil. Bu ölkədə 300-dən çox siyasi məhbus var. Ölkənin aparıcı alimləri, jurnalistləri, siyasətçiləri, diplomatları şərlənərək həbs edilib. Amma biz oxuyuruq ki, sanksiya tətbiq edilməsi gözlənilən şxslər arasında Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş zabitlərin adı keçir. Hanı bu 300 insanı şərləyən, onlara hökm çıxaran, sifariş verən qrumlar, şəxslər?
Ələsgər Məmmədli, Tofiq Yaqublu, Sevinc Vaqifqızı, Akif Qurbanov, Emin İbrahimov, Ruslan İzzətli, Ülvi Həsənli, Elnarə Qasımova, Nazim Bəydəmirli, Nərgiz Absalamova bu ölkədə azad fikir və düşüncəyə görə həbs ediliblər.
Etnik təmizləmə təzadı...
İlham Əliyev bir avtoritar siyasətçidir. Ölkəni sərt diktaturaya aparır. Amma çətindir görmək ki, Azərbaycan həbsxanalarında olan erməni separatçılarına münasibət bu ölkənin azadlığı uğrunda döyüşənlərdən yaxşıdır? Bu barədə hətta sosial şəbəkələrdə iradlar, tənqidlər var. Məgər Xocalı, Ağdaban, Qaradağlı, Kəlbəcər "köç”ləri (əslində sürgün) ilə Xankəndidən gülə-gülə gedən ermənilərin durumu eyndir? İnsan çox önəmlidir, onun həyatı, maddi və mənəvi mirası çox önəmlidir, amma onu etnik mənşəyinə görə sinifləndirib, qiymətləndirəndə ortaya sadəcə qərəz çıxır.
Ordunu cəzalandırmaq nə deməkdir?
ABŞ Azərbaycan münasibətlərinə ən böyük zərbə Azərbaycan ordsusunun xalq tərəfindən sevilən zabitlərinə qoyulacaq sanksiyalar olar. Ona görə ki Azərbaycanda sosial liftin işlədiyi yeganə sahə silahlı qüvvələrdir. Yəni istənilən bir kasıb ailənin övladı gedib, komandan ola bilir.
Bu gün bu ordunun əksər komandanları məhz belə adamlardı və onlar xalq üçün həqiqi qəhramanlardır. Onlara sanksiya tətbiq etmək Azərbaycan xalqını cəzalandırmaq, Azərbaycanın NATO müttəfiqliyinin üstündən xətt çəkmək olacaq. Zatən, Əliyev belə bəhanə axtarır. Bu da Kremlin çörəyinə yağ sürtəcək. Yaxın tarix sübut edib ki, Azərbaycansız Cənubi Qafqazda ciddi heç nəyə nail olmaq mümkün deyil.
Azərbaycanla nə etməli?
Azərbaycan demokratik olmalıdır, güclü olmalıdır. Ən əsası şərqində və cənubunda hələ bundan sonra gözlənilən proseslərdə mühüm rol oynamalıdır. Orta Asiyanın Çin-Rusiya mühasirəsindən çıxması üçün, Şimali Qafqazın daha sabit bir bölgə kimi idarə olunması üçün Azərbaycan çox vacibdir: demokratik, güclü və ən əsası Qərbin müttəfiqi olan Azərbaycan...