ABŞ konqresmeni Qubad İbadoğluna ittihamları “satira” adlandırıb

ABŞ konqresmeni Qubad İbadoğluna ittihamları “satira” adlandırıb

11-03-2024 15:13 / Bu xəbər 769 dəfə oxundu

O deyib ki, ABŞ Konqresi İbadoğlunun azadlığa buraxılmasına çağırış etməlidir

ABŞ konqresmeni Ceyms Raskin (D-Maryland) hesab edir ki, Azərbaycan hökumətinin doktor Qubad İbadoğlunu saxlaması üçün istifadə etdiyi ittihamlar gülüş doğurur.

"Turan” xəbər verir ki, bu barədə konqresmen ABŞ Konqresində çıxışı zamanı deyib.

"Qubad İbadoğluna qarşı ittihamları – dini ekstremizmi dəstəkləmək üçün saxta pul əldə etmək – o qədər şübhəli və əsassızdır ki, onları satira adlandırmaq olar”, – deyə o bildirib.

Onun sözlərinə görə, İbadoğlunun əsl "cinayəti” onun Azərbaycanda demokratiya, azadlıq və korrupsiyaya qarşı mübarizə işində fədakarlığıdır.

Raskin Azərbaycan hökumətini İbadoğlunu "dərhal” azad etməyə çağırıb.

O, Amerika konqresmenlərinin qətnamə layihəsinə qoşulan sonuncu amerikalı konqresmendir.

Qubad İbadoğlunu "cəsarətli demokrat, parlaq iqtisadçı” adlandıran Raskin deyib ki, ABŞ Konqresi onun dərhal azad edilməsinə çağırış etməlidir: "Mən konqres üzvü kimi ABŞ Dövlət Departamenti, ABŞ-ın Bakıdakı Səfirliyi, ABŞ-ın akademik qurumları və təşkilatları, Avropa Parlamenti və beynəlxalq ictimaiyyətin digər nümayəndələri ilə birlikdə doktor İbadoğlunun və onun səhhəti ilə bağlı dərin narahatlığımı ifadə edirəm. Onun dərhal azad edilməsini tələb edirəm”.

O deyib ki, Qubad İbadoğlunun ailəsi ilə ünsiyyətinə icazə verilmir: "Yeddi aylıq həbsi zamanı İbadoğlu Azərbaycan həbsxanalarına xas olan izdihamlı kameralarda və qeyri-insani şəraitdə saxlanılıb və onun dərmanlardan istifadəsinə icazə verilməyib, xroniki xəstəliklərinin müalicəsinə çox ehtiyacı var. Üstəlik, o, dəfələrlə vəkil və ədalətli mühakimədən məhrum edilib”.

Konqresmen onu da qeyd edib ki, İbadoğlu azadlıq və vətəndaş hüquqlarını boğmaq üçün rejim tərəfindən haqsız yerə həbs edilən çox sayda azərbaycanlıdan biridir.

"Doktor İbadoğlunun ədalətsiz həbsinə dərhal son qoyulmalıdır!”, – konqresmen nitqini belə yekunlaşdırıb.

Qubad İbadoğlu nə vaxt həbs olunub?

London İqtisadiyyat Məktəbinin əməkdaşı olan Qubad İbadoğlu iyulun 23-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora özləri yerləşdirib, sonra da götürüblər.

Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.

Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.