ABŞ səfiri Mark Libbi vida mesajı ilə çıxış edib

ABŞ səfiri Mark Libbi vida mesajı ilə çıxış edib

19-01-2025 00:44 / Bu xəbər 126 dəfə oxundu

Səfir azad medianın hədəf alınmamasını, korrupsiyadan azad iqtisadiyyatın olmasını vacib saydığını deyib

Azərbaycanda diplomatik missiyasını başa vuran ABŞ səfiri Mark Libbi ölkəni tərk etməmişdən öncə fəaliyyətini əks etdirən vida mesajı ilə çıxış edib.

Səfir çıxışında Azərbaycan xalqına təşəkkürünü bildirib, bu ölkə ilə yaxından tanış olduğunu qeyd edib. ABŞ-Azərbaycan əməkdaşlığını, mina təhlükələrini, sülh şəraitində yaşamağı xatırladıb, azad medianın, tənqidi fikirilərin hədəf alınmamasını, korrupsiyadan azad iqtisadiyyatın olmasını vacib saydığını deyib.

"Azərbaycan xalqı üçün darıxacağıq. Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram, bu xalq ən yaxşısına layiqdir. Azərbaycan vətəndaşları öz qonşuları ilə sülh şəraitində, güclü və suveren ölkədə yaşamağa layiqdirlər. Onlar müstəqil mediaya layiqdirlər. Onlar öz fikirlərini açıq ifadə edən insanları hədəfə almayan ədalət mühakiməsinin adil və şəffaf şəkildə tətbiq olunmasına layiqdirlər.  Onlar korrupsiya və öz mənfəətini güdməkdən azad olan, firavan və perspektivli iqtisadiyyata layiqdirlər”.

Səfir iki ölkə arasındakı əməkdaşlıqdan da danışıb: "Biz iqtisadi rifahı yüksəltmişik. Tarixi 30 il əvvələ dayanan "Əsrin müqaviləsi”ndən keçən ilki COP29-a və ABŞ-nin Azərbaycanda kiçik biznesə, fermerlərə və qadın sahibkarlara davam etməkdə olan dəstəyinə kimi ABŞ- Azərbaycan tərəfdaşlığı əlamətdar tərəqqiyə çatıb və daha aydın və dayanıqlı gələcək üçün təməllər qoyub. Birlikdə biz Azərbaycan əhalisinin təhlükəsizliyini təkmilləşdirmişik. Təlim, təchizat və əməkdaşlıq proqramları vasitəsilə Birləşmiş Ştatlar Azərbaycan vətəndaşlarının, sərhədlərinin və dəniz sahillərinin təhlükəsizliyinə fəal şəkildə dəstək verir. Səfirlik, azərbaycanlıların həyatına hər gün təhlükə yaradan minaların təmizlənməsinə milyonlarla dollar ayırıb. Mən və həmkarlarım Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə rəsmi səfərlər etməklə ABŞ-nin ərazi bütövlüyü prinsipinə hörmətini göstərmişik. Əleyhdarlar saxta konspirasiya hekayələri ilə hər gün şübhə toxumları səpməyə çalışır, lakin əməllərimizin səsi onların sözlərindən daha yüksəkdir”.

Mark Libbi 2024-cü yanvarın 18-dən ABŞ-nin Azərbaycanda səfiri fəaliyyətinə başlayıb.

2024-cü il dekabrın 3-də isə vəzifəsindən istefa verdiyini açıqlayıb.

Bildirilib ki, Libbinin istefası səhhəti ilə əlaqədardır. Səfir xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.